NAZARBAYEVANI KƏRİMOVANIN AQİBƏTİ GÖZLƏYİR? – Qazaxıstanın birinci ailəsi ətrafında böyük suallar

51

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nüfuzlu qızı Dariqa Nazarbayeva ötən həftə senat spikerliyindən çıxarıldı və dünən – mayın 4-də Maulen Aşimbaev onun yerinə təyin olundu. “Azadlıq” radiosu bu gözlənilməz addımın mümkün səbəblərindən yazıb.

Prezident Qasım-Comərt Tokayevin vebsaytında mayın 2-də bu haqda qısa açıqlama koronovirusla mübarizə aparan, neftin ucuzlaşmasına görə böyük gəlirlərindən məhrum olan ölkəyə daha böyük qeyri-müəyyənlik gətirib.

Nazarbayev ötən il martın 19-da prezidentlikdən getdi. O, 30 ilə yaxın bir müddətdə ölkəni idarə etmişdi. Qızı Nazarbayeva isə ertəsi gün senatın spikeri təyin olundu. Senat lideri ölkə konstitusiyasına görə, hakimiyyətdə ikinci postdur. Prezident vəzifəsinin öhdəsindən gələ bilmədiyi halda, səlahiyyətləri spikerə keçir.

Suallar

Nazarbayevanın vəzifədən qəfil uzaqlaşdırılması Tokayevin Nazarbayev ailəsinin kölgəsindən çıxmaq cəhdidir, yoxsa sadəcə, Nazarbayev loyalistləri arasında silkələnmədir?


Aşimbaev dekabrdan bəri prezident administrasiyasının rəhbər müavinidir, azı 15 ildir Nazarbayevin nəzarətində olan hakim Nur-Otan partiyasına sədaqətlə xidmət edir. Tokayev iyunda erkən prezident seçkisinə qatılanda onun seçki qərargahının sədri olub.

Amma Aşimbayevin Tokayevin qısa hakimiyyəti dövründə karyerasında sürətlə yüksəlişi onun sədaqətinin daha çox indiki prezidentə bağlı olduğunu göstərir, Nazarbayevə deyil.

İnformasiya və Sosial İnkişaf naziri Dauren Abayev prezident administrasiyasının rəhbər müavini təyin olunub. Aida Balayeva isə prezidentin köməkçisi vəzifəsindən Abayevin yerinə təyinat alıb.

Müəllif yazır ki, bu baş verənlər heç də Nazarbayev istefa verəndə başlanan, idarəolunan keçidin tərkib hissəsi kimi görünmür. Vəəgər Qazaxıstanda doğrudan da hakimiyyət dəyişikliyi olarsa, Nazarbayev ailəsinin sərvəti əldən çıxa bilər.

Növbəti günlərdə Nazarbayev ailəsinin digər üzvlərinin nüfuzunu məhdudlaşdırmaq yönündə addımlar atılarsa, bu, daha aydın şəkildə üzə çıxmış olar. Məsələn, Nazarbayevin ikinci qızı Dinaranın əri Timur Kulibayev nəhəng sərvət toplayıb, ölkənin biznes dünyasında nüfuzu həddən artıq çoxdur. Onun adı hətta əvvəllər Nazarbayevin mümkün varisi kimi hallanırdı.

Nazarbayevanın işdən çıxarılmasının isə bir neçə səbəbi ola bilər. Mayın 7-də onun 57 yaşı tamam olacaq və 20 ildir siyasətdədir.

Beynəlxalq qalmaqallar

Son vaxtlar Nazarbayevanın adı beynəlxalq mediada bir neçə dəfə çəkilib və hər dəfə də hansısa qalmaqala bağlı olub. Apreldə oğlu Nurali Alievlə birlikdə Britaniyadakı əmlaklarının müsadirəsindən canlarını qurtara biliblər. İzaholunmaz Sərvət Orderindəəmlakın dəyərinin 100 milyon dollardan çox olduğu göstərilir. Amma media Nazarbayev ailəsinin üzvlərini aylardır arzuolunmaz diqqət mərkəzində saxlayır.

2020-ci ilin ilk həftələrində Nazarbayevanın kiçik oğlu, narkotik problemlərindən əziyyət çəkən Aysultan sosial şəbəkələrdə yerləşdirdiyi postlarda, müsahibələrində qəribə iddialar səsləndirib, anasının onu öldürmək istəməsindən, banbaşının əslində, onun atası olmasından danışıb.

Nazarbayeva Qazaxıstanın müstəqillik ölkələrində imtiyazlı övlad kimi tanınıb. 1990-cı illərdə ölkənin tanınmış televiziya və radiokanallarından bəziləri ona və keçmiş həyat yoldaşı Rahat Aliyevə məxsus olub, ölkədə aparıcı biznes sahələrində maraqları olub.

Rahat Aliyev siyasi və biznes rəqiblərinin qətlində ittiham olunub.Sonucda isə qayınatası Nazarbayev hökumətini devirməyi planlaşdırmaqda suçlanıb.

 

Nazarbayeva 2007-ci ildə Aliyevdən ayrılıb, o, bir növ sürgünə göndərilib, ölkənin Avstriyadakı səfiri, Vyanada yerləşən beynəlxalq təşkilatlarda təmsilçisi təyin olunub.

Aliyev 2009-cu ildə yazdığı “Xaç qayınatası” kitabında Nazarbayevin idarəçiliyi dövründə korrupsiya sxemlərindən söz açırdı. O, 2015-ci ildə Avstriyada həbsxanada müəmmalı şəkildə vəfat etdi. Rəsmən intihar etdiyi bildirilsə də, bu versiyanın əksini iddia edən etibarlı məlumatlar vardı.

Nazarbayeva uzun müddət siyasi həyatdan itdi, 2012-ci ilə parlamentə keçdi və Nur-Otan partiyasının fraksiyasına başçılıq etdi.

Düşmən barmağı?

Nazarbayevanın siyasi karyerası zamanı bir sıra düşmənləri yaranıb, onlardan birinin də Nazarbayev sadiqlərindən olan Asılbek Caksıbekov olduğu bildirilir. O, 2018-ci ilin sentyabrında prezident administrasiya rəhbərliyindən qəfil uzaqlaşdırıldı. Kimlərsə bunda Nazarbayevanın əli olduğunu güman edirdi.

Bəzilərinin fikrincə, Nazarbayeva atasının razılığı olmadan vəzifədən kənarlaşdırıla bilməzdi. Hətta Özbəkistanın ilk prezidenti Islam Kərimovla böyük qızı Gulnara Kərimovanın münasibətləri arasında paralellər aparanlar da var.

Bəziləri düşünürdülər ki, Nazarbayevanın Senat sədri təyin olunması onun Kərimovanın taleyini yaşamayacağının təminatıdır. Axı, atasının ölümündən sonra Kərimova dərhal mühakimə olundu, maliyyə cinayətlərində təqsirli bilinərək həbsəgöndərildi.

Hazırda koronavirus pandemiyasına görə təcrid olunmuş, sözçü vasitəsilə açıqlama verən Nazarbayev ətrafında da böyük suallar dolaşır. Onun kommunikasiya xətləri hansı durumdadır?
Dövlət mediası onun müxtəlif rəsmilərlə görüşdüyünü bildirir. Amma rəsmi görüşlər keçirən, səhiyyə işçiləri ilə görüşən Tokayevdir və koronavirusla mübarizənin məsuliyyətini götürdüyünü sərgiləyir.

Nazarbayevin səhhətinin elə də yaxşı olmadığı versiyası da mövcuddur. Onun iyulda 80 yaşı olacaq və ölümündən sonra ölkədəəsas vəzifələr uğrunda mübarizə qızışa bilər.

Nazarbayevanın başqa bir vəzifəyə keçiriləcəyi gözlənir. Ancaq əgər onun doğrudan da siyasi opponentləri varsa, onu senatdan çıxarmağa çalışacaqlar.İstənilən halda, hökumətdə 2-ci şəxs olan Nazarbayeva bundan sonra hansı posta təyin olunsa, vəzifəcə kiçildilmiş sayılacaq.