NAXÇIVANDA “BESPREDEL” DAVAM EDİR?

    6

    Muxtar Respublikaya səfər edən turistlərə hərbə-zorba gəlirlər

    “Hürriyyət”in redaksiyasına Masallı rayon sakini Rahil Əsgərovun şikayət məktubu daxil olub. O, tanımadığı bir şəxs tərəfin dən təhdid edildiyini söyləyir. Vətəndaşın müraciətini olduğu kimi oxucularımıza çatdırırıq:

    “Mən, Rahil Əsgərov əslən Masallı rayonundanam. Naxçıvanda yaşayan bir tanışım məni ora, qardaşının toyuna dəvət etmişdi. Mən təyyarə ilə Naxçıvana uçdum. Toyda iştirak etdim. Bir müddət orada qaldım. Ötən ilin 14 dekabrında gedib, oradan 2018-ci ilin 2 yanvarında qayıtdım.

    Bu Naxçıvana ilk səfərim idi. Turist kimi getmişdim, əslində. Naxçıvanın təbiəti, iqlimi, oradakı tarixi abidələr mənə xoş təsir bağışladı deyə, bir müddət orada qalıb Naxçıvanı gəzdim, muzeylərdə oldum.

    Naxçıvanda olduğum müddətdə heç kəslə heç bir problem yaşamadım. Tanışımın ailəsi tərəfindən çox gözəl qarşılandım. Onların evində 17 gün qonaq qaldım.

    Masallıya qayıdandan 10 gün sonra mənim adıma olan, amma başqasının istifadə etdiyi nömrəyə zəng vurub, məni soruşublar. Nömrənin sahibi də deyib ki, nömrə onun adına olsa da, mən işlədirəm, onun öz nömrəsi var. Nömrəmi də zəng vuran şəxsə verməyib.

    Nömrəmi işlədən dostum zəng vurub bunları mənə deyəndən 3-5 dəqiqə sonra isə dostumla danışan həmin naməlum şəxs artıq mənə zəng vurdu. Özünü təqdim etmədən kobud şəkildə dedi ki, Naxçıvan Muxtar Respublikası DTX-nın əməkdaşıdı və məndən tələb etdi ki, 24 saatdan gec olmayaraq Naxçıvana gəlim. Ondan soruşdum ki, niyə gəlməliyəm, hansı cinayət əməlim olub, nə etmişəm ki, məni DTX-ya çağırırlar? Cavab verdi ki, bura gələndə sizə nə etdiyinizi başa salacağıq. Mən də buna öz etirazımı bildirdim. Dedim ki, Naxçıvana çağrılmağımın səsəbini bilmədən heç yerə gedən deyiləm, özünü təqdim etməyən şəxsin yalan danışmadığından necə əmin ola bilərəm axı? O isə hədələyici tərzdə dedi ki, öz xoşunla gəlməsən, səni bura gətizdirəcəyik. Dedim ki, yaxşı, bildiyinizi edin və həmin şəxs telefonunu söndürdü.

    Bu söhbətdən haradasa 1 saat keçmişdi, DİN–nin 102 xidmətinə zəng vurub məsələni onlara anlatdım. Onlar da şikayət ərizəmi qeydə aldılar. Zəng vuranın şəxsiyyətini müəyyən etmək üçün Masallıdan Naxçıvana sorgu göndərildi. Amma bu günə qədər həmin sorğu cavabsız qalıb.

    Əslində 102 xidmətinə zəngimdən sonra “Azercell” şirkəti zəng vuranın şəxsiyyətini və yaşadığı ünvanı müəyyən etdi. Həmin şəxs Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbə sakini Heydər Vəliyevdir.

    Mənə qəribə gələn və hiddətləndirən bu günə qədər həmin şəxslə bağlı Naxçıvan polisi tərəfindən heç bir ölçü götürülməməsidir.

    Onu da qeyd edim ki, Heydər Vəliyev ona zəng vurub məsələyə aydınlıq gətirmək istəyən Masallı Rayon Polis Şöbəsinin əməkdaşına da kobud cavab verib, “sən kimsən ki, sənin suallarına cavab verim?”, -deyib.

    Naxçıvan məni heyran etmişdi. Bir daha orada olmaq istərdim. Amma səmimi etiraf edim ki, qorxuram. Odur ki, nə özüm Muxtar Respublikaya getməyə ürək edirəm, nə də ora səfər etməyi yaxınlarıma, dostlarıma məsləhət görürəm.

    Razılaşın ki, bu cür olaylar Muxtar Respublikanın imicinə ciddi xələl gətirir. Naxçıvanı “quldur yuvası” kimi tanıdır, bu da ora getmək istəyən turistləri ora səfər etməkdən çəkindirir.

    İstədiyim odur ki, bu məsələyə aydınlıq gətirilsin, məni hədələyən həmin adam tapılıb cinayət məsuliyyətinə cəlb olunsun”.

    P.S. Şikayət məktubunda qeyd olunan bəzi məqamlar diqqətimizi cəlb etdi. Həmin məqamlar üzərndə xüsusi dayanmaq istərdik.

    Şikayətçi məktubunda yazır ki, qonaq kimi getdiyi  Naxçıvan Muxtar Respublikasından qayıtdıqdan bir neçə gün sonra özünü “Naxçıvan DTX-nın əməkdaşı” kimi təqdim edən şəxs heç bir izahat vermədən ondan təcili Naxçıvana gəlməyi tələb edib, şikayətçinin etirazı ilə qarşılaşanda isə onu hədələyib.

    Çox maraqlıdır, əgər şikayətçi həqiqətən Naxçıvan MR-də olarkən hansısa qeyri-qanuni hərəkətə yol veribsə, nədən yerindəcə saxlanılmayıb, yalnız Masallıya qayıdandan 10 gün sonra “Naxçıvan DTX” onunla maraqlanıb?

    Şikayətçini hədələyən şəxs “öz xoşunla gəlməsən, özümüz səni gətizdirəcəyik”, – desə də, bu günə qədər hansısa rəsmi qurum bu istiqamətdə heç bir iş görməyib.

    Demək, zəng vuranın dövlət orqanı əməkdaşı olduğunu əminliklə demək olmaz. Bunu nəzərə alaraq, belə düşünmək olardı ki, zəng vuran şəxsin əslində heç bir dövlət qurumu ilə əlaqəsi yoxdur, bu ya adi xuliqanlıq, ya da şəxsi-qərəzlikdir. Amma adi bir xuliqan, yaxud sıravi vətəndaş qısa bir vaxt kəsiyində Rahil Əsgərovun telefon nömrəsini necə tapa bilərdi? Onun Rahil Əsgərovu israrla Naxçıvana çağırması da, həmin şəxsin Muxtar Respublikada nüfuz sahibi olmasından və şikayətçiyə məhz orada təzyiq göstərmək imkanından xəbər verir.

    Şikayətçi məktubunda qeyd edir ki, onu hədələyən şəxsin kimliyi və yaşadığı ünvan bəlli olsa da, Naxçıvan MR-in DİN tərəfindən bu adamla bağlı heç bir ölçü götürülməyib, Azərbaycan DİN-nin sorğusu isə bu günədək cavabsız qalıb. Üstəlik, Qıvraq qəsəbə sakini Heydər Vəliyev ona zəng vuran polis əməkdaşına kobudluq etməkdən belə çəkinməyib.

    Bütün bu faktlar belə düşünməyə əsas verir ki, ya adı çəkilən şəxs həqiqətən Muxtar Respublikanın xüsusi xidmət orqanlarının əməkdaşıdır, ya da kiməsə arxalandığı üçün bu cür qabalıq nümayiş etdirib.

    Bütün bunların fonunda keçmiş MTN naziri Vəli Ələsgərovun və DİN naziri Əhməd Əhmədovun “hökmranlığı” dövründə Muxtar Respublikada tüğyan edən özbaşınalıqlar – günün günorta çağı heç bir günahı olmayan insanların şərlənib həbs edildiyi vaxtlar yada düşür.

    Ola bilsin, Naxçıvan MR-in indiki naziri, Vasif Talıbovun qudası Fail Ələkbərov bu qanunsuzluqları hələ tam aradan qaldıra bilməyib, ya da yaşanan olayın hansısa başqa bir izahı var.

    İstənilən halda, bu dolaşıq məsələyə yalnız Naxçıvan MR-nın Daxili İşlər Nazirliyi və DTX aydınlıq gətirə bilər. Biz də onların reaksiyasını gözləyəcəyik.

    Banu OĞUZ, Hurriyyet.org