Naxçıvanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur – BİR ÇOX KƏNDLƏR KARANTİNƏ ALINA, GİRİŞ-ÇIXIŞ BAĞLANA BİLƏR

54

Muxtar respublikada COVID-19 infeksiyasına yoxulma halları rəsmi məlumatlardan xeyli çoxdur

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 15-də açıqladığı məlumata əsasən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 367 yeni yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Həmçinin, qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”. Onu da nəzərinizə çatdıraq ki, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5052, ötən müddət ərzində isə ümumilikdə 386898 test aparılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatından da göründüyü kimi, son günlər ölkədə koronavirus infeksiyasına yoluxanların sayı artıb. Məsələnin maraqlı tərəfi ondadır ki, Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxanların rəsmi sayı həqiqəti əks etdirmir. Bu barədə Hurriyyet.org-un əldə etdiyi informasiyada deyilir ki, muxtar respublikada COVID-19 infeksiyasına yoxulma halları rəsmi məlumatlardan xeyli çoxdur. Belə ki, “Hazırda Naxçıvanın bir sıra kəndlərində koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur” deyən məlumatlı şəxsin iddiasına görə, əgər belə davam edərsə, o zaman Naxçıvan Muxtar Respublikasının bir çox kəndləri ciddi karantinə alına, həmin kəndlərə giriş-çıxış bağlanıla bilər: “Əgər muxtar respublikanın rəhbər şəxsləri, aidiyyatı qurumlar məsələyə müdaxilə etməsələr, lazımı tədbirlər görülməsə, onda Naxçıvanda vəziyyət nəzarətdən çıxa bilər. Çünki artıq bir sıra kəndlərdə koronavirusa yoxulma hallarında artım müşahidə olunur. Dərhal vəziytəti nəzarətə almaq lazımdır. Əks halda, kəndlərin bir çoxunda infeksiya daşıyıcılarının sayı artacaq. Bu isə ağır fəsadlara gətirib çıxara bilər”.

“Hürriyyət”

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.