Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədri məhkəmədə ifadə verib

    3

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hurriyyet.org xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Telman Əliyev ifadə verib.

    O bildirib ki, Naxçıvan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb: “2017-ci ilin yanvar ayında axşam saatlarında telefona zəng gəldi. Həmin şəxs özünü yuxarı təbəqədən olan bir qadın kimi təqdim etdi. O, qoca adamın Xətai rayonunda həbs edildiyini və onun evə köçürülməsi ilə bağlı hakimlə danışmaq lazım olduğunu söylədi. Mən də hakimin yanına getdim, lakin düzələn iş olmadığı deyildi”.

    Daha sonra hakim və prokurorun suallarını cavablandıran T.Əliyev qeyd edib ki, məhkəmədən çıxanda ona yaxınlaşan adamı tanımayıb.

    Prokuror isə bildirib ki, T.Əliyev istintaqda dindirilən zaman deyib ki, məhkəmədən çıxan zaman ona S.Şükürov yaxınlaşıb.

    Bu zaman təqsirləndirilən S.Şükürovun halı pisləşib, məhkəməyə həkim çağırılıb.

    Prosesdə fasilə yaranıb

    Qeyd edək ki, S.Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluqda təqsirli bilinir.

    İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovaya isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

    S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

    Məhkəmənin hazırlıq iclasında S.Şükürovun anket məlumatları dəqiqləşdirilən zamanı məlum olub ki, o, 1958-ci ildə Sabirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

    Bildirilib ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə il azadlıqdan məhrum edilib./report/