Naxçıvan və türk dünyasının arzusu

312
TasnimNews, İran
16.11.2020

Naxçıvanla Azərbaycanın əsas hissəsi arasını birləşdirəcək yolun tikintisi Ankara ilə Bakı arasında iqtisadi münasibətlərə təsir göstərəcək, türk dövlətlərini birləşdirəcək mühüm nailiyyətdir.

“Tasnimnews” xəbər verir ki, Ermənistanla Azərbaycan arasında müharibənin dayandırılmasına dair imzalanmış bəyanat Azərbaycan xalqında böyük sevinc yaradıb. Prezident İlham Əliyev bildirib ki, bu sənədim imzalanması Ermənistanın baş naziri Nikol Paşinyanın məğlubiyyətini etiraf etməsi deməkdir. Bu günlərdir Türkiyənin də ən populyar qəzetlərinin əsas xəbərinə çevrilib. İlham Əliyev haqlı olaraq bildirib ki, “bu qələbəyə türkiyəli qardaşlarımız da çox sevinir”.

Son günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akar Bakıya bir neçə səfər ediblər. Cəmi bir neçə gün əvvəl onlar Azərbaycanı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik etmək üçün növbəti dəfə Bakıda olub və prezident İlham Əliyevlə görüşüblər. Onların son səfərində nümayəndə heyətinin tərkibində Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Hakan Fidan da olub.

Əliyev, Azərbaycana verdiyi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib: “44 günlük hərbi əməliyyatlar zamanı qardaş Türkiyə bizi qətiyyətlə dəstəklədi. Atəşkəs razılaşmasının imzalanmasından sonra Türkiyədə yaranan gözəl mənzərə bizi sevindirdi. Türk bacı-qardaşlarımız bu qələbəni elə qeyd etdilər ki, sanki öz qələbələridir”.

Mövlud Çavuşoğlu isə əvvəllər də səsləndirdiyi bir fikri bir daha təkrarlayıb: “Türkün gücünü dünyaya göstərdiniz. Sizin zəfəriniz bizim zəfərimizdir. Qələbə münasibətilə sizi təbrik edirəm. Azərbaycan Ordusu, Ali Baş Komandan kimi, rəhbərliyiniz altında öz gücünü dostlarına da göstərdi, düşmənlərinə də”.

Yarımçıq qələbə?

Türkiyə KİV-i bu qələbədən sonra Ermənistanın baş naziri Nikol Paşinyanı ələ salaraq, onu “pərişan” adlandırır, Yerevanın ağır məğlubiyyət yaşadığını bildirir. Ermənistan paytaxtında baş verən iğtişaşlar, nümayişçilərin hökumət və parlament binalarına soxulması da gündəmə çevrilib. Bir sözlə, Türkiyə KİV-i Azərbaycanın qələbəsini milli şənliyə çevirib.

Amma fərqli düşşünənlər də var. Məsələn, İyi Partiyanın (müxalif millətçi partiyalarından biri) mətbu orqanı olan “Yeni Çağ” qəzeti baş verənləri “Qələbəyə qarşısı Rusiya əngəli” kimi xarakterizə edir. Qəzet yazır: “Çirkin müharibəyə başlayan Ermənistan ağər məğlubiyyətlə üzləşdi. Ancaq Rusiyanın müdaxiləsi nəticəsində Azərbaycanın qələbəsi yarımçıq qaldı. Çünki Xocalı və Xankəndi rayonları azad edilmədi, Naxçıvanın Azərbaycana birləşdirilməsi baş tutmadı”.

“Egeydən Çinədək” xəyalı

Amma heç də hər kəs “Yeni Çağ”ın yazarları kimi düşünmür. Əksəriyyət hesab edir ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasını birləşdirəcək yolun tikintisi Ankara ilə Bakı arasında iqtisadi münasibətlərə təsir göstərəcək, türk dövlətlərini birləşdirəcək mühüm nailiyyətdir. Onların fikrincə, bu, Türkiyənin Orta Asiyaya asan çıxış əldə etməsidir.

Hakim Ədalət və İnkişaf Partiyasına bağlı “Türkiyə” qəzeti bunu Azərbaycan və Türkiyə üçün əsrin qələbəsi, tarixi zəfər kimi xarakterizə edib.

Türkiyənin Prezident Administrasiyası yanında düşüncə mərkəzi SETA-nın təhlükəsizlik məsələləri üzrə eksperti Murad Aslanın fikrincə, Türkiyənin Naxçıvan üzərindən Azərbaycanla birbaşa əlaqə yaratması strateji nailiyyətdir.

“Yeni Şafak” qəzeti isə Türkiyənin Naxçıvanın qarantı olduğunu xatırladır, Naxçıvanın Türkiyə üçün “Turana giriş qapısı” olduğunu yazır. Yazıda bildirilir ki, bu, Egeydən Çinə qədər uzun bir türk xəttinin yaranması deməkdir.

Hazırda Naxçıvanın yalnız İran və Türkiyəyə gömrük çıxışı var. Türkiyə-Ermənistan əlaqələrinin olmaması üzündən Ankara yüklərini Naxçıvandan birbaşa Azərbaycana daşıya bilmir. Çünki bu halda yüklər Ermənistan ərazisindən keçməlidir. Nəticədə daşımalar İran vasitəsilə həyata keçirilir. Naxçıvandan Azərbaycanın əsas hissəsinə yolun açılması ilə bu problem də həllini tapır. Üstəlik, bununla Türkiyə Orta Asiya ölkələrilə də asanlıqla əlaqə yaradacaq.

Azərbaycanın ayrı düşmüş Naxçıvan son onilliklərdə böyük çətinliklərdən keçib. Şübhəsiz ki, İran və Türkiyənin köməyi olmasa idi, Naxçıvan kritik vəziyyətlə qarşılaşa bilərdi. Çünki artıq qeyd etdiyimiz kimi, onun İran və Türkiyə sərhədindən başqa heç bir “nəfəs yolu” yoxdur.

Sovet İttifaqının dağılmasından sonrakı çətin illərdə İran Naxçıvan əhalisinə Türkiyədən daha çox yardım edib. İndisə Naxçıvan yeni keçiddən istifadə edərək öz ehtiyaclarını daha az xərc və vaxt sərf etməklə ödəyə biləcək. Bundan sonra o, turizm sahəsində də tərəqqi və inkişafa nail ola bilər. Türkiyə bu şəraitdən faydalanaraq xüsusi üstünlüklər əldə etməyi düşünür. Lakin məsələ bununla yekunlaşmır. Fakt budur ki, bütün yaşananlara nəzarət Rusiyanın əlindədir. Odur ki, Moksvanın Türkiyəyə hər hansı şərt olmadan belə üstünlüklər verəcəyi inandırıcı deyil. Başqa sözlə, Türkiyənin yeni keçiddən istifadə etməsi həm Ankara-Moskva münasibətlərindən asılı olacaq.

Yeri gəlmişkən, son hadisələr zamanı Naxçıvan məsələsini ilk dəfə Ərdoğanın ultra-sağçı müttəfiqi, Millətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı qaldırıb. O, Qarabağda son müharibənin başladığı ilk günlərdə bəyan etmişdi ki, “bu gün təcili, tarixi və vacib məsələ Naxçıvanın Azərbaycanın əsas hissəsinə birləşdirilməsidir”.

Başqa sözlə, pan-türkçülüyün siyasi və mədəni təfəkkürünün ən önəmli lideri və fiquru olan Bağçalı Ankaranın “türk dünyası” adlanan coğrafi məkana birləşməsini çox vacib və həyati şərt hesab edir.

Silahla, ya silahsız?

Azərbaycanla Ermənistan arasında imzalanmış yeni sazişin mühüm cəhətlərindən biri də azad edilmiş ərazilərin təhlükəsizliyini təminində Türkiyənin də iştirak edəcəyidir. Doğrudur, bu xəbər yayılar-yayılmaz, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyilənləri rədd edib. Lakin Türkiyə KİV-i artıq hökumətin Xocalıya qoşun yerləşdirməsini, o cümlədən Naxçıvanda böyük hərbi baza yaratmasını vacib sayır.

Türkiyə parlamentindəki siyasi və intellektual mühiti nəzərə alaraq, Ərdoğan deputatlardan Azərbaycana qoşun yeritmək icazəsini asanlıqla ala bilər. Lakin Rusiyanın Bakı ilə Ankara arasındakı bu hərbi əməkdaşlığa səssiz qalıb- qalmayacağını zaman göstərəcək.

(Fars dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: TasnimNews