Naxçıvan dəhlizi Cənubi Qafqazda dəngələri necə dəyişə bilər? – ANALİZ

510

Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında bağlanan üçtərəfli Bəyənat bir çox cəhətdən mübahisəyə açıqdır. Rus ordusunun Cənubi Qafqaza, xüsusilə ölkəmizin ayrılmaz hissəsi Dağlıq Qarabağa yerləşdirilməsini legitimləşdirən bu sənəd, sözsüz ki, bəzi yeni təhdidləri gündəmə gətirir. 

Bununla belə, sənədə yalnız qara eynəklə baxmaq da ədalətli yanaşma deyil. Bəyanatda regionun geosiyasi və iqtisadi xarakterini ölkəmizin xeyrinə dəyişən mühüm müddəalar var. Bu müddəaların ən önəmlisi açılması nəzərdə tutulan Naxçıvan koridoru ilə bağlıdır.

Bəyanatın 9-cu bəndində deyilir:

“9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
 
Maddədən də göründüyü kimi, Naxçıvan MR ilə Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan bu dəhlizin yaranmasına və təhlükəsizliyinə Ermənistan tam zəmanət verir. Üstəlik, həmin dəhlizin mühafizəsi də İrəvanın əlindən çıxacaq və Rusiyanın nəzarətinə keçəcək. Bu isə düşmən ölkənin əsas iqtisadi nəfəsliyi sayılan İran xəttinin Rusiyanın pəncəsi altına düşməsi deməkdir. Başqa sözlə, Ermənistanın boğazı Rusiyanın əlində olacaq və yolunu azan kimi ipi çəkib hər an xəyanətə meylli “müttəfiqi”ni boğa biləcək.

Nəzəri baxımından, Naxçıvan dəhlizinin Moskvanın əlində olması bizim üçün də eyni təhlükəni yaradır. Amma pratik olaraq, Rusiyanın bu silahdan bizə qarşı istifadə etmək şansı azdır. Nədən ki, dəhlizin Azərbaycan istiqamətində fəaliyyətinin dondurulması Rusiyanın da Şimal-Cənub nəqliyyat xəttinin bağlanması anlamına gəlir və son zamanlar Qərblə ticari münasibətlərində problem yaşanan Moskvanın bu kimi alternativlərə ehtiyacı get-gedə artır.

Digər tərəfdən, Cənubi Qafqazdakı hegemoniyasını Türkiyə ilə paylaşmaq məcburiyyətində qalan Moskvanın bu cür risklərə getməsi Ankara ilə qurulan kövrək əlaqələri qopara və Rusiyanın təcridolunma prosesini daha da gücləndirə bilər. Nəzərə alsaq ki, Türkiyənin Orta Asiyaya açılan qapısı rus sülhməramlılarının əlində olduğu kimi, Rusiyanın Qara dənizdən Aralığa açılan boğazı da Türkiyənin əlindədir. Münasibətlərin gərginləşməsi durumunda Ankaranın Aralıq dənizindəki gərginliyi əsas gətirib boğazları bağlamaq imkanları var və bu da Rusiya üçün həyati önəm daşıyır. Məhz bu qarşılıqlı asılılıq şəraitində Moskvanın eyni kartdan bizə qarşı istifadəsi imkansız kimi görünür.

Bəs, yaxın zamanlarda işə düşəcəyi gözlənilən Naxçıvan dəhlizi region ölkələrinə nə vəd edir? Bu əlaqələrdən ən çox kim qazana, kim itirə bilər?

Türkiyə

Proyektin ən çox qazananı, sözsüz ki, Türkiyə olacaq. Türkiyə faktiki olaraq bu dəhlizlə Xəzər dənizinə ən qısa yol əldə edəcək, Xəzərdən Orta Asiyanın digər bölgələrinə keçiş imkanı qazanacaq. Məhz bu səbəbdən Naxçıvan dəhlizini “Turan yolu” adlandıranlar da az deyil.

Düzdür, 2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə faktiki olaraq, bu yolu təmin etmişdi. Fəqət həmin qapı əsasən Türkiyənin Qərb bölgələrinə açılır. Naxçıvan dəhlizi isə ölkənin şərq vilayətlərinə açılan ən yaxın qapı olacaq.

Təsadüfi deyil ki, Türkiyə hələ Dağlıq Qarabağdakı son müharibə başlamamışdan əvvəl bu perspektivə hazırlaşır, zəruri addımlar atırdı. Bu ilin fevral ayının 25-də Bakıya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanlı həmkarı İlham Əliyevlə bərabər “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandum” imzalamışdır. Bu razılığa əsasən, Qarsdan Naxçıvana 160 km-lik dəmir yolu çəkilməsi nəzərdə tutulurdu və artıq bu istiqamətdə mühüm addımlar atılmağa başlanılıb. Naxçıvan dəhlizinin açılmasıyla bu layihə transmilli nəqliyyat xəttinə çevriləcək.

Yeri gəlmişkən, layihənin ilk hissəsinin Dağlıq Qarabağ savaşından əvvəl hazırlanması onun beynəlxalq qurumlar tərəfindən razılaşdırıldığı qənaəti yaradır və 44 günlük müharibənin əsl mahiyyətinə də işıq tutur. Belə görünür ki,  İrəvan Qərb və Asiya ölkələri arasında ən qısa yol üzərində əngəlləyici ünsür kimi ortaya çıxdığından və bu inteqrasiya prosesinə qoşulmaq istəmədiyindən, beynəlxalq qüvvələr Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə yaşıl işıq yandırmış və Paşinyanın “telefon diplomatiyası”na gözlədiyi cavabı verməmişlər. Nəticədə ölkə başçı İlham Əliyevin dediyi kimi, Ermənistan öz taleyinə qərar verən subyekt olmaqdan çıxmış və beynəlxalq güclərin ümidinə bel bağlayan obyekt durumuna düşmüşdür.

Naxçıvan dəhlizi Türkiyəyə təkcə “Bir kəmər – bir yol” layihəsində tranzit ölkə olmaq özəlliyi qazandırmayacaq. Türkiyə bu yoldan həm də özünün şərq vilayətlərinin enerji təhlükəsizliyini təmin etmək üçün faydalanmağı düşünür. Məlum olduğu kimi, Türkiyə bu ilin əvvəllərinə qədər əsasən 3 ölkədən təbii qaz alırdı: Rusiya, İran, Azərbaycan. Rusiya və Azərbaycandan aldığı qazla əsasən ölkənin mərkəzi və qərb hissəsi mavi yanacaqla təchiz olunurdu. İrandan aldığı qaz isə ölkənin şərq vilayətlərinin ehtiyaclarına sərf edilirdi. Ankaranın iddialarına görə, qaz alışında ən çox problemlərlə qarşılaşdığı tərəfdaş İran idi. İran yaz-yay aylarında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, havalar soyuyanda isə daxili ehtiyaclarının artdığını əsas gətirib Türkiyəyə verdiyi mavi yanacağı kəsirdi. Nəticədə Türkiyənin qış ayları xeyli soyuq keçən şimali şərq bölgəsi ciddi enerji böhranı ilə üzləşirdi. Bunu əsas gətirən Ankara bu ilin ilk yarısında İrandan aldığı qaz miqdarını 46% azaltdıAprel, may, iyul aylarında isə ondan ümumiyyətlə qaz almadı. Sözsüz ki, bu məsələdə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların da mühüm rolu vardı. Görünür, Ankara onsuz da etibarsız tərəfdaş kimi baxdığı İranın enerji şirkətləriylə əməkdaşlığı davam etdirib özünü də sanksiyalarla üz-üzə qoymaq istəmirdi.

Əslində Rusiya ilə enerji tərəfdaşlığı da Ankara üçün ciddi risk doğururdu. Nədən ki, ABŞ administirasiyası öz müttəfiqlərini Rusiya qazından imtina etməyə çağırır, əks halda onları da sərt  sanksiyalar gözləmələ hədə-qorxu gəlirdi. Yəqin Ankara da bu təhdidləri nəzərə alıb bu ilin ilk yarısında Rusiya ilə də qaz alış-verişini 41% azaltmışdı: bu ilin ilk 6 ayı ərzində İrandan 2 milyard 29 milyon kub metr, Rusiyadan isə 4 milyard 468 milyon kub metr qaz almışdı. Hər iki ölkədən kəsdiyi qaz idxalını isə Azərbaycanın təbii və Əlcəzayirin dondurulmuş qazıyla əvəzləmişdi.

Bununla yanaşı, Ankara Türkmənistan və Qazaxıstan qazının Türkiyəyə gətirilməsində maraqlıdır. Şərq vilayətlərinin Orta Asiya qazı ilə təchizi Ankaraya İrandan aldığı qazla müqayisədə xeyli qənaət etmək fürsəti verəcək. Məlumata görə, Türkiyə 1996-cı ildə İranla bağladığ qaz satış müqaviləsinə görə, hər min kubmetr üçün 490 dollar ödəyir. Qaz Azərbaycandan tədarük edilərsə, bu məbləğ 335 dollara düşə bilər. Hardasa hər min kub metrdə 155 dollar qənaət etmək, sözsüz ki, az məbləğ deyil.

Bundan əlavə, Orta Asiya qazının Türkiyəyə gətirilməsinin ciddi geosiyasi əhəmiyyəti də var. Bu yolla Orta Asiya qazının Avropaya nəqli istiqamətində mühüm addım atılacaq və “qoca qitəni” Rusiyanın enerji asılılığından qurtarmaq mümkün olacaq. Sözügedən planın arxasında nəyin dayandığını hiss edən Moskvanın Dağlıq Qarabağ uğurumuzun qarşısını almaq üçün dərhal bölgəyə “sülhməramlı” qoşunlarını göndərməsi təəccüblü deyil. Rəsmi Bakı əslində bu işğal faktını etiraf edib güclü rəqibinin qəzəbini üzərinə çəkmək istəməsə də, məqsədin sülhməramlı olmadığı gün kimi aydındır.

Əslində üçtərəfli müqavilədə Naxçıvan dəhlizinə nəzarətin Rusiyaya həvalə edilməsi də bu baxımdan başadüşüləndir. Belə görünür ki, Rusiya ən azı Avropanı təchiz edəcək miqdarda qaz axışının qarşısını almağa səy göstərmək üçün Naxçıvan dəhlizində dayanmaq istəyir.

Azərbaycan

Üçtərəfli bəyanatın digər qazananı isə, sözsüz ki, Azərbaycandır. Azərbaycan bu dəhlizlə təkcə uzun illər iqtisadi blokadada qalan Naxçıvanla əlaqələrini bərpa etməyəcək. Həm də istər Şərq-Qərb, istərsə də Cənub-Şimal nəqliyyat xəttində tranzit ölkəyə çevriləcək. Bu kommunikasiya əlaqələri ölkəyə ciddi kapital gətirməklə yanaşı, həm də bizi bölgənin vacib oyunçusuna çevirəcək. Orta Asiyanın enerji ehtiyatlarının Qərbə nəqli layihələri də reallaşsa, Azərbaycan qlobal enerji bazarında paylaşdırma mərkəzi halına gələcək ki, bu da bizim müstəqilliyimizin qarantıdır.

Rusiya

Hər nə qədər Cənubi Qafqaz üzərində oynanılan oyunlar nəticə etibarilə Rusiyanı hədəf alır, Moskva incə düşünülmüş manevrlərlə vəziyyəti öz xeyrinə dəyişə bilər. Bunun üçün isə o, regionun digər ölkələri ilə münasibətlərinə yenidən baxmalı, imperialist yanaşma tərzini qarşılıqlı iqtisadi əməkdaşlıqla əvəz etməlidir. Əks halda, bölgə xalqlarının nifrətini öz üzərinə çəkməklə status-kvonu yalnız bir zamana qədər qoruyub saxlaya bilərlər. Perspektivdə isə bu narazılıqlar onun öz itkisiylə nəticələnər, bölgə ölkələrini daha çox digər cinahlara meylləndirər.

Zənnimizcə, Rusiyanın getdikcə sürükləndiyi dalandan ən optimal çıxış yolu bölgə dövlətlərini onlarla paritet əsaslı münasibət qurmağa maraqlı olduğuna inandırmaqdan keçir. Əks halda, “böyük qardaş” tövrləri hətta slavyan ölkələrdə heç bir nəticə vermədiyi kimi, Azərbaycan və Orta Asiya kimi türkdilli ölkələrdə də ciddi müqavimət doğura bilər.

İran

Naxçıvan dəhlizi layihəsində, ilk baxışda əsas itirənlərdən biri də İran olacaq. Artıq yuxarıda da qeyd etdiyimiz kimi, İranın uzun illərdən bəri yaxın müttəfiq kimi baxdığı Ermənistanla əlaqələrində ciddi maneələr yaranacaq. Sərhəddə rus əsgərlərinin dayanması belə, İran üçün yaxşı heç nə vəd etmir. Belə ki, son zamanlarda Suriyada İranla Rusiya ilə münasibətlərin korlandığının şahidi oluruq. İŞİD-ə qarşı mübarizə bitdiyindən artıq köhnə “Bəşər Əsəd dostları” koalisiyasının da arasında ixtilafların yaşandığına dair məlumatlar gəlməkdədir. Yeni mərhələdə Suriyaya kimin nəzarət etməsi problemi ortaya çıxıb ki, bu da Rusiya ilə İran arasında ziddiyyətləri körükləyir. Məlumatlara görə, Rusiya İranı bölgədən sıxışdırılması ilə əlaqədar İsraillə müəyyən anlaşmalara gedib. Faktiki olaraq, Suriyada hava hücumundan müdafiə yükünü boynuna götürən Moskvanın İsrail tərəfindən bölgədəki İrana bağlı qüvvələrə endirilmiş aviazərbələrı laqeydliklə izlədiyi bildirilir. Mümkündür ki, İranın Suriyadan çəkilməsi və bölgənin Rusiya və ABŞ arasında bölüşdürülməsi qarşılığında Kreml Ermənistanla İran arasında əlaqələri kəsmək məsələsində Təl-əvivlə ortaq məxrəcə gəlib. Zira qərbdə Yaxın Şərqdən uzaqlaşdırılan İranın şimalda Rusiya ilə əlaqələrinin soyuması Təl-Əvivin maraqlarına tam cavab verir. İsrail üçün Suriyanın tapşılacağı ən təhlükəsiz qüvvənin İrandansa, Rusiya olduğu da şübhə doğurmur.

Rusiyanın İrana açılan əsas qapılardan biri Ermənistandır. Odur ki, Ermənistanın İranla əlaqəsinin sonlandırılması və ya nəzarətə götürülməsi işini ən yaxşı həyata keçirəcək qüvvə də elə Rusiyadır. Görünür, məhz bu səbəbdən də həmin missiya da Moskvaya həvalə olunub. Necə deyərlər, “iti öldürənə daşıtdırarlar”.

İstisna olunmamalıdır ki, İran da eynilə Rusiya kimi, incə siyasətlərlə bu problemdən çıxış yolu tapa bilər. Bu da ölkədə aparılacaq demokratik islahatlardan və türk açılımından keçir. İran bu iki amildən istifadə edə bilsə, həm yeni kimliklə Orta Asiyaya açılar, həm də regionun yenidən formalaşmasında öz layiqli yerini tutar. Yeni reallıqlarla razılaşmamaq isə eynilə Ermənistanda olduğu kimi ağır nəticələr doğura bilər.

Ermənistan 

Ermənistana gəlincə, sirr deyil ki, regional beynəlxalq münasibətlərin yenidənformalaşma prosesinin ən zəif həlqəsi bu ölkədir. Bütün qonşularına qarşı ərazi iddialarına düşəcək qədər harınlayan Ermənistan Dağlıq Qarabağdakı son məğlubiyyətdən sonra iqtisadi cəhətdən də sarsıldı. Onun bir də özünə gəlməsi üçün bəlkə də 10 illər lazım olacaq. Ölkənin indi son nəfəsliyi də bağlanır. Ya bu “havasızlıq mühiti”ndə tamamilə boğulmalı, ya da özünə yeni müttəfiq axtarmalıdır. Çünki Rusiyadan ona haray yoxdur. İqtisadi cəhətdən xeyli zəifləyən şimal qonşumuz artıq bahalı “gizli sevgili” saxlayacaq gücdə deyil. Onun üçün pul hər şeydən daha qiymətlidir. Bu zamanadək Ermənistanı sığallaya-sığallaya özünəqapanmaya sürükləyən Rusiya bəlkə də Cənubi Qafqazda ən böyük zərbəni də elə ona vurdu. Bütün regional və beynəlxalq iqtisadi layihələrdən kənarda qalan İrəvanın bundan sonra üz tutacağı yer yalnız Türk dövlətləri ola bilər. İranın da yaxın zamanlarda Türk kimliyini ön plana çıxarmaq məcburiyyətində qalması, Gürcüstanın Azərbaycan və Türkiyənın iradəsinə qarşı mövqe sərgiləmək şansının olmaması İrəvanı tamamilə yalnızlaşdırır. Belə vəziyyətdə onun Türkiyənin qucağına sığınmaqdan başqa çarəsi yox kimidir.

Dərd burasındadır ki, İrəvan qarşı-qarşıya qaldığı bu zərurət üçün də üz yeri qoymayıb. Onun yenidən türk dostu ola bilməsi üçün özünü xeyli zora salması gərəkəcək. İndiyədək dörd tərəfdən dünyaya qapılarını bağlayan, indisə türk qucağına sığınmaq məcburiyyətində qalan ermənilər coğrafiyamızın  qloballaşma prosesinə qədəm qoyması nəticəsində öz ölkələrində belə, etnik azlığa çevrilmək təhülkəsi ilə üzləşə bilərlər.

Heydər Oğuz,
Ovqat.com