Navalnı Kremlin sevimli teleaparıcısının və təbliğatçısının milyonluq mülklərini ifşa etdi – FOTO/VİDEO

60

Rusiyalı müxalfətçi Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondu (KMF) prezident Vladimir Putinə yaxınlığı ilə bilinən məşhur simaların dövlət büdcəsindən yararlanaraq əldə etdiyi milyonları və xaricdəki mülklərini ifşa etməkdə davam edir.

Aleksey Navalnının hədəfinə bu dəfə hazırda koronavirus pandemiyasına görə çətin günlərini yaşayan Rusiya rəhbərliyinin televiziyada ən böyük təbliğatçılarıdan biri sayılan, teleaparıcı Yelena Malışeva tuş gəlib.

KMF-in əldə etdiyi məlumata görə, Rusiyanın “əsas teledoktoru” sayılan bu xanım sən demə, hələ 2016-cı ildə həyat yoldaşı ilə birlikdə Nyu-York yaxınlığında böyük malikanə alıbmış. Ümumi sahəsi 1100 kvadrat metr olan və 21 otaqdan ibarət bu mülk özünün dəbdəbəsi ilə diqqət cəlb edir. Evin iç dizaynı qızılı materiallarla bəzədilib. Rəsmi sənədlərə görə, Hudzon çayının sahilində yerləşən bu ev Yelena və İqor Malışevlərə 6,4 milyon dollara başa gəlib.

KMF həmin evdə hazırda Yelena Malışevanın oğlu Yurinin qaldığını müəyyənləşdirib. Yuri Nyu-York xəstəxanalarından birində həkim olaraq çalışır və bəzən anasının teleşousunda çıxış edir. Araşdırmada Yurinin özünün belə bir ev almasının mümkün olmadığı vurğulanıb.

Malışevlər ailəsinin ABŞ-da başqa bir daşınmaz əmlakı ortaya çıxarılıb. 2014-cü ildə rusiyalı teleaparıcı Nyu-York vağzalının yaxınlığındakı bir göydələn binada 110 kvadrat metrlik ev alıbmış. Hazırda həmin evin qiyməti 4,2 milon dolardır. Doğrudur ev, Yelena Malışevanın kiçik oğlu Vasilinin adına rəsmiləşdirilib.

Müxalif siyasətçi Yelena Malışevanın çalışdığı “Birinci kanal”ın ziyana işlədiyini və hər il dövlət büdcəsindən buraya on milyonlarla pul axıdıldığını xatırladıb. Onun önəmli hissələrindən biri də məhz Yelena Malışevanın şousuna gedir. Aleksey Navalnı bundan irəli gələrək populyar teleaparıcını xalqın əmlakını bu yolla mənimsəyərək xaricə daşımaqda ittiham edib. Özü də bu həmin Malışevadır ki, vaxitlə Vladimir Putinin əhali arasında qəzəb oğuran pensiya islahatını müdafiə edərək, qadınlar üçün pensiya yaşının 67 olmasının daha ədalətli olduğunu demişdi. Bundan başqa, öncələr koronavirusun ciddi bir xəstəlik olmadığını deyən, hətta “yalnız qocalara yoluxub, uşaqlara toxunmadığına görə möcüzə olduğunu” söyləyən bu xanım indi birdən birə karantin tədbirlərinin fəal dəstəkçisinə çevrilib.

Aleksey Navalnı buna görə onu Kremlin Vladimir Solovyov və ya Dmitri Kiselyov kimi qara təbliğatçılarından biri adlandırıb. /musavat.com/