Narazılıq olan işdə hakim xəbərdarlıq etdi: “Ən çox bəraət verən hakiməm”

    18

    Külli miqdarda narkotik vasitə əldə etməkdə və satmaqda təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb. Bu işin əsas təşkilatçısı hesab edilən şəxs isə indi anlaqsızdır. O, heç nə xatırlamır, heç nə danışmır.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etməkdə və satmaqda ittiham edilən 1989-cu il təvəllüdlü Anar Qəribov, 1979-cu il təvəllüdlü Qabil Məmmədov və 1990-cı il təvəllüdlü Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

    Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasına şahid qismində İxtiyar Məhərrəmov dəvət olunub. İxtiyar Məhərrəmov da bu işdə təqsirləndirilən şəxs olub. Onun anlaqsız olması barədə ekspertiza rəyi verildikdən sonra barəsindəki cinayət işi ayrıca icraata verilib.

    Məhkəməyə gəlsə də İxtiyar Məhərrəmov heç nə danışmayıb. O, danışmaqda, ayaqüstə dayanmaqda çətinlik çəkib. Nümayəndəsi ilə birlikdə məhkəməyə gələn İxtiyar Məhərrəmov heç nə xatırlamadığını, suallara cavab verə bilməyəcəyini deyib.

    Təqsirləndirilən şəxslərdən hazırda həbsdə olan Anar Qəribov deyib ki, onu İrana göndərən İxtiyar olub.

    Anar bildirib ki, bazarda fəhlə işləyən zaman İxtiyar onu İrandan mal gətirməyə göndərib: "Mənə dedi ki, oradan oyuncaq gətirəcəm. Gedəndə gördüm ki, narkotikdir".

    O da məlum olub ki, Anar Qəribov İrana gedən zaman orada girov götürülüb. Anar deyir ki, İxtiyara narkotik verməli olan şəxslər onu girov götürərək qarşılığında pul tələb ediblər. Anar da evə zəng edərək bu barədə anasına məlumat verib.

    Anarın anasının hüquq-mühafizə orqanlarına müraciətindən sonra işin üstü açılıb. Keçirilən əməliyyatla Qabil Məmmədov, Bünyad Məmmədov və İxtiyar Məhərrəmov saxlanılıb. Anar isə İrandan qayıtdıqdan sonra saxlanılıb.

    Məhkəmədə cinayət işinin materiallarında xeyli sayda qanun pozuntularının olması barədə vəkillər tərəfindən məhkəməyə vəsatətlər verilib. İşi araşdıran müstəntiq Nicat Naibovun məhkəmədə dindirilməsi də tələb edilib.

    Hakim Zeynal Ağayev işə ədalətli şəkildə baxılacağını bildirib və deyib ki, məhkəmənin növbəti mərhələsində qeyd edilən pozuntular araşdırılacaq: "Ən çox bəraət verən hakimlərdən biriyəm. İş ədalətli şəkildə araşdırılır və araşdırılacaq".

    Məhkəmə araşdırması davam etdirilir.