Nanotexnologiyanın Azərbaycan təhsil sistemində tətbiqi və beynəlxalq təcrübə – LAYİHƏ

114

Son zamanlar böyük texnoloji uğurlara imza atmış ölkələrin iqtisadi yüksəlişinin səbəblərini araşdırarkən məlum olur ki, bu inkişafın səbəbləri içərisində insan intellektinin məhsulu kimi elmi innovasiyaların tətbiqi ön sıradadır. Yüksək texnologiyaların inkişafı və onların geniş sənaye tətbiqinin gətirdiyi gəlirləri təbiətin bəxş etdiyi yeraltı və yerüstü sərvətlərdən alınan gəlirlərlə müqayisə etdikdə elmi innovasiyalardan götürülən qazancın qat-qat çox olduğu aşkar edilir. Dünyanın inkişaf etmiş ölkələrinin geniş texnoloji imkanları elmi innovasiyaların elmi tutumlu sənayeyə tətbiqi ilə əlaqələndirilir. Aparıcı ölkələrin gəlirlərinin əsasını yüksək texnologiyaların sənayeyə və kənd təsərrüfatına sürətli tətbiqi təşkil edir. Əgər elmi innovasiyaların tətbiqindən gələn gəlir üçüncü dünya ölkələri üçün 0-2 faiz təşkil edirsə, inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 10-15 faiz, inkişaf etmiş ölkələrdə isə qat-qat daha çoxdur. Düşünməyə əsas verən bu rəqəmlərin elmi innovasiyaların tətbiqi hesabına formalaşdığını nəzərə alsaq, bu məsələnin çağdaş tərəqqi üçün nə qədər aktual olduğunu görmüş olarıq. UNESCO da XXI əsri elm və təhsil yüzilliyi elan etmişdir. Bununla inkişafı elmə, təhsilə söykənməyən ölkələrin gələcəyinin olmayacağı qeyd edilmişdir.

Azərbaycanda yeni elmi-texniki elmlərə üstünlük verilməsi

Əgər bəşəriyyətin inkişafını vətəndaş cəmiyyətinin qurulması ilə əlaqələndiririksə, yüksək təfəkkürlü insanların yetişdirilməsinə də yalnız elm və təhsilin inkişafı ilə nail olmaq mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vətəndaş cəmiyyətinin yaradılması, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə, bir şüar deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsində elm tutumlu sənayenin yaradılması və yeni texnologiyaların tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə edilmişdir. Son zamanlar aparılan məqsədyönlü dövlət siyasətinin hesabına ölkə iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında öncül sıralara yüksəlmişdir. Bu inkişaf, ilk növbədə, elm və təhsil sahəsində islahatların aparılması, dünya elm və təhsilinə inteqrasiya sahəsində dövlət proqramlarının qəbul edilməsi ilə bağlı aparılan çoxşaxəli işlərlə əlaqədardır.

Yüksək və inkişaf etmiş iqtisadiyyatı qurmağa müvəffəq olan ölkələrin təcrübəsində elmi innovasiyaların tətbiqi mühüm strateji xətti təşkil edir. Təkcə bu faktı qeyd etmək yetərlidir ki, nanotexnologiyalar sahəsinə son 5-6 ildə dünya üzrə 100 milyard dollar vəsait ayrılmışdırsa, indi 800 milyard dollara proqnozlaşdırılıb. Yatırılan sərmayələrin getdikcə artacağını təsdiqləyən mütəxəssislər nanotexnologiyalar üzrə aparılan tədqiqatların genişlənəcəyini qeyd edirlər. Nanotexnologiyalar, informasiya texnologiyaları növbəti tədris ili üçün Azərbaycanda da prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Hazırda ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, nanotexnologiyaların tədqiqi və tətbiqi sahəsində işlərin mərkəzləşdirilməsi məqsədilə Bakı Dövlət Universitetində müvafiq işlər həyata keçirilir.

BDU-da innovasiyalı elm sahəsi üzrə tədqiqat işlərinin başlanğıcı

Demək olar ki, Azərbaycanda bu prioritet elmi istiqamət üzrə artıq 10 ildir ki, intensiv işlər həyata keçirilir. Belə ki, 2004-cü ildə prezident İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı BDU ilə Rumıniyanın bir neçə universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Elə bu dönəmdən başlayaraq, bu innovasiyalı elm sahəsi üzrə tədqiqat işlərinə start verildi. Universitetdə 2005-ci ildə “Nanoaraşdırmalar mərkəzi” yaradıldı. Bir il sonra – 2006-cı ildə isə təhsili təşkil etmək məqsədi ilə “Nanomaterialların kimyəvi fizikası” kafedrası açıldı və bir sıra istiqamətlərdə uğurlu tədqiqat işləri aparılmağa başlanıldı.

Nanotexnologiya kimi müasir elmi istiqamətin təhsil mühitinə transferi

BDU-da bu sahədə elmi məktəb və səriştəli kadr potensialı formalaşıb. Belə ki, ötən müddətdə elmi baza yaradılıb, monoqrafiyalar çap olunub, tədqiqatlar aparılıb, yalnız bundan sonra tədrisə keçid prosesi başlanılıb. Nanotexnologiya kimi müasir elmi istiqamətin təhsil mühitinə transferi məsələləri yüksək səviyyədə təşkil edilib. Dünya elminin bu prioritet istiqamətində yüksəksəviyyəli kadr hazırlığına xüsusi fikir verilib və bu müddətdə 1 doktorluq, 3 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilib. Hazırda bu istiqamətdə 4 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru proqramları üzrə təhsillərini davam etdirir. “Nanoquruluşların fizikası”, “Nanomaterialların fiziki kimyası”, “Nanobiotexnologiya” magistr ixtisaslaşmaları açılıb. Bu müddət ərzində nanotexnologiya istiqamətində 30-dan artıq magistr hazırlanıb. Təhsilin bakalavr pilləsində fizika, kimya və biologiya fakültələrində nanotexnologiya fənni tədris olunmağa başlanılıb. Son zamanlar Avropa Birliyinin TEMPUS proqrami layihəsi çərçivəsində BDU alimləri İtaliya, Fransa, Yunanıstan alimləri ilə Nanoekologiya istiqamətində magistr hazırlığının təşkili istiqamətində də əməkdaşlıq edəcəklər.

Nanotexnologiyalar üzrə tətbiqi xarakterli fundamental elmi tədqiqat işlərinin tətbiqi

BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan aparıcı mərkəzlərində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilir. Nanotexnologiya üzrə elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədi ilə BDU-ya dövlət büdcəsi və beynəlxalq qrant layihələri hesabına ən müasir avadanlıqlar və cihazlar alınıb. “Furye” spektrometri, tədris üçün atom qüvvət mikroskopları, atomar səviyyədə tədqiqat aparmaq üçün “İNTECRA PRİMA” atom qüvvət mikroskopu, spektroflüorimetr, nüvə maqnit rezonansı, xromatoqraf, kütlə spektrometri, ultrabənövşəyi spektroskop, atom adsorbsiya analizatoru, rentgen difraktometri, skanedici elektron mikroskopu, istilik fiziki spektroskopiya avadanlıqları alınıb. Nanotexnologiya istiqamətində aparılan tətbiqi xarakterli fundamental tədqiqat işləri dünyanın və ölkəmizin bir sıra istehsal müəssisələrində sınaqdan çıxarılaraq uğurla tətbiq edilir. Səudiyyə Ərəbistanınən Elm və Texnologiya Mərkəzinin ayırdığı qrant layihəsi çərçivəsində nanotexnologiyanın neftçıxarmaya tətbiqinin elmi texnoloji əsasları işlənib, yüksək effektivliyə malik katalitik nanohissəciklərin alınması mümkün olub və onların müxtəlif mühitlərdə katalizator kimi ARDNŞ-nin neft quyularında müvəffəqiyyətlə istifadə edilməsinə başlanılıb.

Metal nanohissəciklərinin neft quyularına daşıyıcılar vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində aşkar edilib ki, nanohissəciklər sulaşmış laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və laylarda təzyiqi artırır. Bu da neft hasilatının artmasına səbəb olur. Azərbaycan alim və mütəxəssisləri tərəfindən müəyyən edilmiş bu nəticələr dünya neft sənayesi praktikasında uğurla tətbiq edilə bilər, onun böyük elmi və tətbiqi əhəmiyyəti var. Neftin tankerlərlə daşınması, dənizdə neft istehsalı və s. dəniz suyunun səthinə neftin yayılması kimi ciddi ekoloji problem yaradır. Qalın neft təbəqələrinin təmizlənməsi əsasən mexaniki üsullarla aparılır. Lakin ondan heç də az təhlükəli olmayan nazik təbəqələrin təmizlənməsi ciddi problem hesab edilir və universitet alimlərinin verdiyi bu təkliflər sübut edib ki, nanotexnologiyanın köməyi ilə həmin problemi də aradan qaldırmaq olar.

Nanohissəciklərin bitkilərdə toplanması və hüceyrələrə təsirinin toksiki effektləri

BDU-nun alimləri İsveçrənin Elm Fondu tərəfindən maliyyələşdirilən “SCOPES” proqramı çərçivəsində İsveçrə Federal Texnologiya İnstitutu (EPFL) ilə birlikdə nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti və hüceyrələrə təsirinin toksiki effektləri istiqamətində tədqiqatlar aparırlar. “SCOPES” əməkdaşlıq layihəsi çərçivəsində nanomaterialların canlı sistemlərə təsirinin öyrənilməsi – nanotoksikologiyada yeniliyi ilə fərqlənən nəticələr almışlar və elmi nəticələr BDU-da  bu yöndə tədqiqatların inkişafında və beynəlxalq əlaqələrin genişlənməsində mühüm rol oynayır. Polimer maqnit nanokompozit quruluşlarında yaranan nəhəng maqnit müqavimət və superparamaqnetizmin tədqiqi ilə əlaqədar elmi tədqiqat işləri ABŞ Mülki Araşdırmalar Mərkəzinin ayırdığı qrant layihəsi çərçivəsində ABŞ Maсsaçusets Texnologiya Universiteti ilə birgə yerinə yetirilib”. Ümumiyyətlə, universitetdə aparılan tədqiqatlar dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində yerinə yetirilir.

Elektron mikroskopu məktəbinin yaradılması Azərbaycanda atom və molekulyar səviyyədə tədqiqat işlərinin aparılmasına təkan verəcək. Ümumilikdə bu sahənin inkişaf etdirilməsi üçün vacib olan məsələlərə də diqqət çəkib. Hesab olunur ki, respublikada nanotədqiqatlar istiqamətində işlərin səviyyəsini qaldırmaq və inkişaf etdirmək məqsədi ilə elmi məktəblərin səviyyəsini artırmaq və yeni innovativ tədqiqat düşüncəli kadr hazırlığı aparmaq lazımdır. Yaponiyanın “Tokio Boeki” şirkəti ilə BDU-da elektron mikroskopu məktəbinin yaradılması barədə razılıq əldə edilib. Elektron mikroskopu məktəbinin yaradılması inkişaf etməkdə olan müstəqil Azərbaycan üçün çox vacib məsələdir. Bu məktəbin yaradılması respublikamızda atom və molekulyar səviyyədə tədqiqat işlərinin aparılmasına təkan verər və səviyyəli mütəxəssislərin yetişməsinə imkan yaradar.

BDU alimlərinin 2005-2013-cü illər ərzində dünyanın nanotexnologiya sahəsində inkişaf etmiş ölkələrindən aldığı qrant layihələrinin ümumi dəyəri 5 milyon dollar miqdarında olub. Bu faktlar onu göstərir ki, dünya birliyi yalnız təbii sərvətlərimizə deyil, həm də intellektual resurslarımıza sərmayə qoyur və elmi innovasiyalar sahəsindəki beynəlxalq yarışlarda əldə edilən uğurlarımızı qəbul edir. Son illərdə elmin inkişafı üçün ölkəmizdə ayrılan qrant vəsaitlərində də artımlar müşahidə edilir və əminik ki, bu tendensiya yüksəldikcə Azərbaycan elmi daha tutarlı nəticələr əldə edəcək. Onu da qeyd edim ki, nanotexnologiya sahəsində əldə edilən elmi uğurların qısa müddətdə tədris prosesinə transferinə zərurət var.

Nanotexnologiya istiqamətində aparılan elmi tədqiqat işləri tətbiqi xarakterli olduğu və ölkəmizdə bu sahədə əhəmiyyətli nəticələr əldə edildiyi üçün aparılan işlər tədqiqat, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasına böyük töhfə verəcək və Azərbaycan alimləri yaxın gələcəkdə bu sahədə daha böyük uğurlar qazanacaq.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.