NAMUS PARADI

285

Bugünkü paradda iki bayraq dalğalanırdı – Azərbaycan və Türkiyə bayraqlarıBax, əsl siyasi mövqe budur. Yoxsa, 5-ci kolonun “bir halda ki təndir istidir, bir kündə də mən yapım” məntiqilə qeyri-rəsmi günlərdə araya soxuşdurduğu 3-cü bayraqla nəsə əldə edəcəklərini düşünənlər yanılırlar. Bakı Zəfər paradını yalnız Türkiyə rəsmiləri ilə keçirməklə hər kəsə gərəkən mesajını verdi.

Deyə bilərsiniz ki, Dağlıq Qarabağda hələ də erməni-rus bayraqlarının dalğalandığı bir vaxtda zəfərdən danışmaq, hələ bir də bunun paradını keçirmək əbəs görünür. Formal məntiq baxımından haqsız olmaya bilərsiniz. Amma məncə, rus “sülhməramlıları”nın Dağlıq Qarabağda yerləşdirməsinə bu qədər maksimalist yanaşmaq və buna görə də qazandığımız uğura kölgə salmaq doğru deyil. Əsas odur ki, Vətənimizin böyük hissəsini işğaldan xilas etmək əzmimizi bütün dünyaya göstərdik və bugünkü paradla  digər torpaqları da almaq qüdrətimizi ortaya qoyduq. İnşallah, gün gələr, bu gün verdiyimiz mesajı reallaşdırarıq və Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğanar. 

Biz səbrli millətik. Necə ki, 200 illik rus istilasına dözdük və məhv olmadıq, son 30 ildə torpaqlarımızın 20%-nin erməni işğal altında inləməsinə səbr göstərdik, amma əzmimizi itirmədən gücləndik, nəhayət, bu gün düşmənin başını “dəmir yumruq”la əzərək, Qarabağın böyük qismini işğaldan qurtardıq, vaxt gələr, ölkəmizin ərazi bütövlüyünü də geri təmin edərik. Buna şübhəniz olmasın.

Vaxtilə Napolyon Bonaparta qarşı döyüşən rus generalı Mixail Kutuzovun dünya hərbi taktikalarını kökündən dəyişdirən aforizmini yada salın. Bildirildiyinə görə, güclü fransız ordusu qarşısında tab gətirməyəcəklərini anlayan general Kutuzov rus çarı I Aleksandra Moskvanı düşmənə təhvil verməyi təklif edir. Çar ondan “sən nə danışırsan, mən paytaxtı necə düşmənə verə bilərəm”, – soruşanda isə müharibənin taleyini dəyişən məşhur fikirləri söyləyir: “Zati-aliləri, biz Moskvanı itirməklə Rusiyanı itirmiş olmuruq. Amma rus ordusunu itirmək bütünlüklə Rusiyanı itirmək deməkdir”. Kutuzovun israrlı mövqeyini görən I Aleksandr çar-naçar bu ağır təkliflə razılaşır. Qısa müddətdən sonra isə onun meyvələrini dadır.

Bəli, Çar Rusiyası Kutuzovun bu ağıllı taktiki geri çəkilişi sayəsində qısa zaman içərisində müharibəni udmaqla qalmadı, Napolyonu Parisə qədər qovdu, dünyaya meydan oxuyan Fransa imperiyasını darmadağın etdi. Halbuki, o, müqavimət belə göstərmədən Moskvanın düşmənə təhvil verilməsi ilə nəticələnən Borodina döyüşü ərəfəsində Fransanın güclü ordusu önündə heç nə edə bilməyib məğlubiyyətlə razılaşmaq çətinliyi qarşısında idi.

Bir ay əvvəl 7 rayonu almaq şərtiylə Dağlıq Qarabağa rus ordusunun yerləşdirilməsinə razılıq verən məlum Bəyanat da faktiki olaraq Kutuzovun taktiki geri çəkilişi ilə eyni mahiyyətdədir. Azərbaycan rəsmiləri açıq deməsələr də, Rusiyanın təzyiqi qarşısında bu Bəyanata imza atmağa məcbur olmuşdular. Digər alternativ Rusiya ilə döyüşmək idi ki, Azərbaycan ordusunun hələ bu gücdə olmadığını yəqin heç kəs inkar etməz. Başqa sözlə, 1812-ci ildə Napolyon ordusu qarşısında Moskvadan vaz keçmək məcburiyyətində qalan çar kimi, biz də ya daha ciddi itkilərlə üzləşməli, ya da Dağlıq Qarabağdan müvəqqəti geri çəkilməli idik. Amma bu o demək deyil ki, tarixi fürsətlər bizə o əraziləri yenidən qaytarmaq imkanı verməyəcək. 

Borodina qarşılaşmasından fərqli olaraq, biz paytaxtımızı düşmən nəzarətinə də verməmişik. Hazırda əldə edə bilmədiyimiz torpaqlar ərazimizin cəmi 5%-ni əhatə edir. Son müharibədən əvvəl isə bu göstərici 20% idi. Deməli, bütün hallarda qazandıqlarımız olub.

Ən əsası isə, hazırda işğal altında qalan ərazilərə belə heç bir hüquqi status vermədiyimizi bəyan etməklə, yaxın gələcəkdə o yerləri işğaldan qurtaracaq əməliyyatlara başlayacağımızı da gizlətməmiş, əksinə, açıq şəkildə ortaya qoymuşuq. Və beynəlxalq hüquqa əsasən, Azərbaycan xalqının razılığı olmadan o ərazilərin erməniləşdirilməsi də mümkün deyil.

Onu da unutmayaq ki, millətlərin tarixində bəzən bu cür ağır taktiki geri çəkilişlər inanılmaz böyümələrə də təkan verə bilir. Heç uzağa getməyək, Borodina güzəştindən sonra Rusiya qazandığı böyük uğurlarla dünyanın aparıcı dövlətinə çevrildi. Yaxud yüz illər boyu dünyanı qasıb-qovuran, Çindən Avropaya qədər tarixdə indiyədək ən böyük imperiyanı qurmaq xoşbəxtliyi yaşayan Çingiz xan ilk döyüşünə ağır və üzqızardıcı məğlubiyyətlə başlamışdı. Gözləmədiyi bir zamanda düşmən hücumuna məruz qalan Temuçin (Çingiz xanın əsl adı) həyat yoldaşını belə qoruya bilməmişdi: düşmənlər onun gözü qabağında xanımını yaxalamış və özləri ilə aparmışdılar. Temiçun isə özünün məşhur fikrini – “uduzacağı savaşa girən cəngavər cəsur yox, axmaqdır”, -deyərək qaçmağa üstünlük vermişdi. Bir çoxumuza üzqızardıcı addım kimi görünən bu hərəkət gələcəyin Çingiz xanına monqol tayfalarını öz ətrafında toparlamasına mane olmamışdı. Toparlandıqdan sonra yağı üzərinə hücum edən Temiçin düşmən qəbiləni tamamilə məhv etmiş, toxumluq bir nəfərini belə saxlamamışdı.

Bu baxımdan, bəzən ən ağır şərtlərlə geri çəkilmələr belə, müharibəni uduzmaq anlamına gəlmir. Əksinə, daha yaxşı döyüşmək və güclənmək üçün vaxt qazanmaq naminə belə taktiki gedişlərə ehtiyac duyulur. Çingiz xan məhz bu taktiki gedişlərinin sayəsində dünyanın ən böyük cahangiri ünvanını qazandı.

Əlbəttə ki, bu gün Dağlıq Qarabağda erməni, rus və separatçı qurumun bayrağının dalğalanması hər birimizin ürəyini dağlayır. Torpağına mili namusu kimi baxan Azərbaycan xalqının hər bir fərdinin başqa hisslər keçirməsi mümkün deyil. Amma gəlin, razılaşaq ki, Çingiz xan da öz həyat yoldaşına namus kimi baxırdı və güclü düşmənlə döyüşüb ölməkdənsə güclənib qisasını almağın daha ağıllı yol olduğunu düşünmüşdü. Eynilə Moskvanı Napolyon əsgərlərinə döyüşsüz təhvil verən I Aleksandr da, böyük ehtimalla, bizdən fərqli hiss keçirmirdi.

Baxmayaraq ki, bizim indiki vəziyyətimizi onların birisi ilə müqayisə etmək olmaz. Azərbaycan ordusu böyük qəhrəmanlıqlar sayəsində 200 illik tariximizin ən böyük zəfərini qazanıb. Bu qələbəni təkcə Dağlıq Qarabağ ətrafında işğaldan azad etdiyimiz 7 rayonun sahəsi ilə ölçmək doğru deyil. Azərbaycan ordusu düşmənin başına endirdiyi dəmir yumruğu ilə 30 ildir anlımıza yapışmış məğlub xalq ləkəsini sildi və bizə müzəffər toplum ünvanı qazandırdı. Məhz bu mənada hazırda paradını keçirdiyimiz həmin zəfəri Çingiz xanın düşmənindən aldığı qisasla müqayisə edə bilərik.

İnşallah, Azərbaycan xalqını bundan sonra daha böyük zəfərlər gözləyir. Necə ki, Çingiz xanın  bütün böyük zəfərləri aldığı ilk qısasdan sonra gəlməyə başlamışdı.
 
Heydər Oğuz,
Ovqat.com