“Naftalan neftinin optiki aktivliyini ilk dəfə mən tədqiq etmişəm” – ELDAR MƏMMƏDBƏYLİ

153

“Neçə illərdir bu sahədə çalışsam da, çox çətinliklər var”

“Azərbaycanda elmə ayrılan vəsait digər dövlətlərlə müqayisədə çox zəifdir. Əgər hökumət bu səhəyə daha çox diqqət ayırsa, o zaman elmimiz müasir dövrün tələblərinə tam şəkildə cavab verə bilər”

Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, kimya üzrə onlarla elmi əsərlərin və tədris kitablarının müəllifi Eldar Hüseynqulu oğlu Məmmədbəyli ilə söhbətləşdik.

– Eldar bəy, gəlin müsahibəyə sizinlə qısa tanışlıqdan başlayaq…

– Mən 1941-ci il yanvarın 22-də Gədəbəy rayonunun Arısu kəndində doğulmuşam. 1957-ci ildə Miskinli kənd orta məktəbini bitirmişəm. 1965-ci ildə isə Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti-red.) əczaçılıq fakültəsindən məzun olmuşam. İnstitutu bitirdikdən sonra təyinatla Gədəbəy rayonunda aptekdə əvvəlcə əczaçı, sonra isə aptek müdiri işləmişəm. Qeyd edim ki, əczaçılıq bütün zamanlarda hörmətli sənət olub. Çünki insanlar arasında olduqca çox xəstəlik var, xəstəlik olan yerdə dərman da gərəkdir. Lakin buna baxmayaraq, uşaqlıqdan məqsədim elm yolu ilə getmək idi. Ümumiyyətlə, bizim kəndimizdən çoxlu alim çıxıb. Kəndimizin ilk elmlər namizədləri olan Hilal və Qəzənfər müəllim həm qohumumuz, həm də yaxın qonşumuz idilər. Onlar hər dəfə Moskvadan kəndimizə gələndə, onlara baxıb deyirdim ki, böyüyəndə mən də alim olacam. Hətta rəhmətlik atam da deyirdi ki, oğlum professor olacaq. Elə o vaxtdan elmlə məşgul olmaq mənim ən böyük arzuma cevrilmişdir.

Bildirim ki, Azərbaycan, o cümlədən bütün dünya anlamında əczaçılıq kimi pullu, hörmətli sənəti qoyub kimya sahəsinə getməyi, sadəcə olaraq, dəlilik adlandırmaq olar. Amma mən yenə də əczaçılıqdan kimyaya getməyi qərarlaşdırdım. Beləliklə, institutu bitirdikdən sonra iki il işlədim və 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda istehsalatdan ayrılmaqla aspiranturaya daxil oldum. Aspiranturanın axırıncı təhsil ilində isə Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Kimyəvi-Fizika İnstitutuna göndərildim. Aspiranturanı bitirdikdən sonra 1971-ci ildən Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt Filialında kiçik elmi işçi vəzifəsində işlədim. 1978-ci ildə isə SSRİ Elmlər Akademiyasının Element-Üzvi Birləşmələr İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini aldım. 1983-cü ildə SSRİ Elmlər Akademiyasının Preziudumunun qərarı ilə mənə “Üzvi kimya” ixtisası üzrə baş elmi işçi diplomu verilib. 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin olunmuşam. 2002-ci ildə isə Neft-Kimya Prosesləri İnstitutunda aparıcı elmi işçi vəzifəsinə seçildim. 2004-cü ildə Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Şurasında doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsini aldım. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiriyəm.

– Müstəqillik əldə etdikdən sonra Azərbaycan kimya sahəsində dünya səviyyəsində hansı uğurları əldə edib?

– Azərbaycanda kimya elmi, xüsusən də neft kimyası yüksək səviyyədə inkişaf edib. Bizdə bu sahədə görkəmli alimlər də çox olub. Bildiyiniz kimi, SSRİ-də çıxan neftin əsas hissəsi Azərbaycanın payına düşüb. O cümlədən, neftdən digər maddələrin sintez olunması sahəsində də bizdə yüksək inkişaf olub, kimya sahəsində yüksək tədqiqat işləri aparılıb. Bizim Neft-Kimya Prosesləri İnstitutu SSRİ-də ən məşhur institutlardan biri olub. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda alınan aşkarlar SSRİ-nin müxtəlif sahələrində istifadə olunurdu. Bundan başqa, akademik Yusif Heydər oğlu Məmmədəliyevin 1941-1945-ci illər müharibəsində, qələbənin yaxınlaşmasında müstəsna xidmətləri olub. Belə ki, o, həmin dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub.

– Sizin də qeyd etdiyiniz kimi, bütün bunlar SSRİ dönəminə təsadüf edir. Bəs, müstəqillik dövründə ölkəmiz hansı uğurlara imza atıb? Ümumiyyətlə, bu sahədəki mövcud vəziyyət sizi qane edirmi?

– Düzdür, xarici ölkələrlə əlaqələrimiz var, Avropaya, Türkiyəyə və digər ölkələrə göndərirlər. Amma onu da deyim ki, elmi inkişaf etdirmək, dünya standartlarına uyğun işləmək üçün mütləq bu sahəyə ciddi pullar buraxılmalıdır. Təəssüf ki, Azərbaycanda elmə ayrılan vəsait digər dövlətlərlə müqayisədə çox zəifdir. Eyni zamanda, aparatlar da nisbətən müasir tələblərə cavab verməlidir. Məsələn, bizim institutda maddələrin öyrənilməsi, quruluşunun tədqiqi üçün az-çox xarici aparatlar alınır. Lakin bu sahəyə daha çox vəsait sərf olunmalıdır ki, yaxşı inkişaf etsin, ciddi uğurlar əldə olunsun. Qeyd edim ki, son vaxtlar bu səhəyə fikir verilir. Məsələn, Azərbaycandakı kimya institutlarının müasir sahələrlə ayaqlaşması üçün elmi tədqiqat işləri aparılır. Bir çox Avropa ölkələri, həmçinin ABŞ-la əlaqələr var və onlarla tədqiqat işləri aparılır. Amma hələlik mənim ürəyimcə deyil. Əgər hökumət bu səhəyə daha çox diqqət ayırsa, o zaman elmimiz müasir dövrün tələblərinə tam şəkildə cavab verə bilər.

– Səhv etmirəmsə, siz Naftalan nefti ilə bağlı geniş elmi tədqiqat işləri aparmısınız. Bu barədə məlumat verə bilərsiniz?

– Bəli, Naftalan neftinin optiki aktivlik söhbəti var, mənim ixtisas sahəm odur. Müdafiə işlərim də optiki aktivlik sahəsinə aiddir. Bu, kimyanın ən sonuncu nailiyyətidir. Qeyd edim ki, optiki aktiv maddələrin alınması və bunun tibbdə tətbiqi olduqca maraqlı sahədir. Ümumiyyətlə, asimmetrik sintez, optiki aktiv funksional əvəzolunmuş alitskilik birləşmələr, fizioloji aktiv maddələr, azot və kükürd tərkibli birləşmələrin Mannix reaksiyası ilə sintezi, Naftalan neftinin optiki aktivliyinin tədqiqi, metalkomplekslərin, ferrosen və simantrenin müxtəlif törəmələrinin sintezi elmi fəaliyyətimin əsas hissəsini təşkil edir. Mənim rəhbərliyim və iştirakımla alitsiklik sırası yeni bioloji aktiv maddələr optiki fəal və fərdi stereo-izomerlər şəklində sintez edilib. Bu maddələrin bir çoxu yeni sintez olunmuş xiral katalizatorların iştirakı ilə aparılan Dies-Alder reaksiyaları vasitəsilə alınıb. Onu da deyim ki, Naftalan neftinə dair bir elmi publisist məqalə də yazmışdım və həmin məqalə “Elm və həyat” jurnalında nəşr olunmuşdu. Bildirim ki, Naftalan neftinin optiki aktivliyini ilk dəfə mən tədqiq etmişəm və neçə illərdir bu sahədə çalışıram. Lakin çox çətinliklər var. Belə ki, optiki aktivliyin quruluşunu öyrənməkdən ötrü müasir avadanlıqlar lazımdır.

– Qeyd etdiyiniz aparatlar, zəruri avadanlıqlar dövlət səviyyəsində alınmalıdır, yoxsa çalışdığınız Neft-Kimya Prosesləri İnstitutu özü almalıdır?

– Təbii ki, bunları akademiyanın özü almalıdır. Yəni akademiyanın sifarişi ilə lazım olan aparatlar ölkəyə gətirilməlidir.

– Eldar bəy, bu gün gənc nəslin elm sahəsinə sovet dönəmindəki qədər maraq göstərməməsinin səbəbi nədir? Sizcə, bu, elmə ayrılan vəsaitin, həmçinin işçilərin maaş azlığından irəli gəlir, yoxsa…

– İnsanlar baxırlar ki, Eldar müəllim professordur, bu isə evi-eşiyi, dolanışığı və aldığı maaş… Adicə bir gənci işə götürəndə o, min manat maaşa getmək istəmir. Bilir ki, bu maaşla dolanmaq mümkün deyil. Yəni cavanlar baxır, müqayisə aparır və sonra qərar verirlər. Qeyd edim ki, xaricdə də tibb sahəsində cərrahlığa gedən azdır. Çünki uzun müddət vaxt sərf olunur, qazancı isə azdır. Buna görə də Almaniyada cərrahlar çatışmır. Eynilə, elmdə də belədir. İnsanlar baxır, müqayisə aparır və sonda seçirlər. Bəli, elm sahəsində digərlərindən fərqli olaraq maaş çox azdır. Məsələn, təhsil institutlarındakı professorlar, dosentlər, baş müəllim məndən çox maaş alır. Təsəvvür edin ki, professor Eldar müəllimin, yəni mənim maaşım 600 manatdır.

– Yanılmıramsa, sizin təxminən, 400-dən artıq elmi məqaləniz var…

– Bəli, 470 elmi əsərim var. Onların çoxu xaricdə çap olunub. Moskvada “Üvzi kimya jurnalı” adlı bir dərgi var. Orda məqalələrim çox çap olunur. Həmin jurnalın baş redaktoru isə akademik, kimya elmləri doktoru, professor İrina Petrovna Beletskayadır. Mən akademiyanın müxbir üzvlüyünə namizədliyimi verəndə barəmdə rəy yazmışdı. Qeyd etmişdi ki, “Üvzi kimya jurnalı”nın baş redaktoru kimi professor Məmmədbəylini tanıyıram və onun məqalələrini oxuyuram. İrina Petrovna bildirib ki, Azərbaycan Məmmədbəylini özünə müxbir üzv seçsə, qazanmış olar. Bu barədə sənəd də mövcuddur. Onu da nəzərinizə çatdırım ki, bir çox beynəlxalq simpoziumların və konfransların iştirakçısıyam. Rusiya Elmlər Akademiyasının A.N.Nesmeyanov adına Element-Üzvi Birləşmələr İnstitutunda çıxış edərkən, protokoldan çıxarış verdilər ki, bu adam akademiyanın müxbir üzvü ola bilər, buna layiqdir. Lakin buna baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə keçə bilmirəm. Maraqlıdır ki, əsərlərinin sayı az olanlar, jurnallarda məqalələri olmayanlar isə müxbir üzvlüyə keçə bilirlər. Bundan başqa, indiyədək ölkə daxilində heç bir ciddi ödül almamışam. Bu səbəbdən də artıq hər şeyə ümidsizəm.

– Hazırda üzərində işlədiyiniz yeni layihə varmı?

– Bizdə hər bir laboratoriyanın özünün iş planı var, onu tərtib edirik. Bizim laboratoriya korroziya əleyhinə maddələrin alınması üzrə iş aparır, bir də optiki aktivliyi öyrənirəm.

– İnşallah gələn ilin başlanğıcında 80 yaşınız tamam olacaq. Odur ki, öncədən sizi təbrik edirik və uzun ömür arzulayırıq. Eldar müəllim, ömrünün böyük bir hissəsini elmə fəda etmiş alim kimi bu sahədə fəaliyyət göstərən gənclərə tövsiyəniz nədir?

– Bu gün elm sahəsində ciddi uğur əldə etmək üçün super savad gərəkdir. Lakin, qeyd etdiyim kimi, bu cür savadı olan gənclər də elmə getməyi məsləhət bilmirlər. Odur ki, elm sahəsinə daha çox önəm verilməlidir ki, bu, öz növbəsində ölkəmizin ciddi inkişafına da səbəb olsun. İndiki gənclər düşünür ki, elmə getməyin nə mənası var?! Min-cür əzab-əziyyətlə elmi dərəcə alırlar, lakin qazancı yoxdur. Bu baxımdan, mənə elə gəlir ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, elm sahəsinə dövlət səviyyəsində daha böyük diqqət göstərilməlidir. İnanıram ki, elmin inkişafı nəticəsində ortaya çıxan yeni-yeni ixtiralar dövlətimizin inkişafına da ciddi təkan vermiş olacaq.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org