Nadir ağaclar vətəni – Azərbaycan

    15

    Hazırda ölkəmizdə nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərinin sayı 200-ə yaxındır və bu, həyəcan təbilinin çalınması deməkdir

    Böyük Britaniyada yerləşən Bitkilərin Mühafizəsi üzrə Beynəlxalq Nəbatat Bağları Şurası yer üzündə ağac növlərinin təxminən 60 min növü olduğunu müəyyən edib. Həmin ağacların ən çoxu Braziliyada, ən az isə Şimali Amerikada bitdiyi məlum olub. Arktika regionunda isə onların 1400-ə qədər növünə rast gəlmək mümkündür.

    Nadir ağacların yarıdan çoxu – 58 faizi dünyanın yalnız bir ölkəsində bitir və başqa ölkələrdə ona təsadüf edilmir. Alimlərin apardığı araşdırmaya görə, təxminən 300 ağac növünün kökü kəsilmək üzrədir, çünki nəsli kəsilməkdə olan hər bir ağac populyasının sayı 500 bitkidən çox deyildir. Məsələn, Tanzaniyada cəmi 6 ədəd karolina giqas ağacı bitir. Alimlər nəslinin kəsilməməsi üçün həmin ağacların toxumlarını yığmağı planlaşdırırlar. Bitkilərin Mühafizəsi üzrə Beynəlxalq Nəbatat Bağları Şurasının mütəxəssisləri ağacların növlərinin növünü müəyyən etmək üçün təşkilatın 500 üzvündən alınan məlumatlardan istifadə edib. Ekspertlər hesab edirlər ki, siyahının tərtib edilməsi nəsli kəsilməkdə olan növləri qorumağa xidmət edəcək.

    Azərbaycan nadir ağac və kol növlərinin vətəni hesab edilir. Qara cökə üçüncü dövrün qədim bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın cənubunda, Qəbələ rayonunun cənub-şərqində, Şamaxı rayonunun Pirqulu qəsəbəsində daha çox yayılıb. Gec böyüyən, lakin uzun ömürlü qara çohrə heç vaxt geniş ərazini tutmur. Eldar şamının vətəni Ceyrançöl dağətəyi zonasının Eldar düzüdür. Talış dağlarında üçüncü dövrün qədim və nadir ağacları – dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xurması, şümşad, Hirkan ənciri, ağcaqayın və başqa ağaclar bitir. Nadir rast gəlinən ağacların siyahısını bir qədər də genişləndirmək olar və ölkəmizin meşələri az rast gəlinən həmin bitkilərlə zəngindir.

    Qeyd edək ki, Azərbaycan florasında 5000-ə yaxın bitki növünə rast gəlinir ki, bunlardan 460-dan artıq növü ağac və kol bitkiləridir. Hal-hazırda mövcud olan bu növlərin hər 3-dən biri məhv olmaq təhlükəsi ilə üzləşməkdədir. Bu bitki növləri içərisində onlarca növün təhlükə altında olduğu müəyyən edilmişdir. Aparılan tədqiqatlara görə, hazırda respublikamızda nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərinin sayı 200-ə yaxındır. Bu qədər növ Azərbaycan florasında olan ağac və kol bitkilərinin təxminən 43%-ni təşkil edir. Bu, həyəcan təbilinin çalınması deməkdir. Azərbaycanın təbii florasında olan ağac və kol bitkilərinin növ baxımından təxminən 25%-ə qədəri relikt bitkilərdir . Aparılan təhlillərə görə, 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı, yəni ağac və kol bitkisinin olduğu müəyyən edilmişdir . Nadir bitki növlərinin sayının getdikcə artması ilə əlaqədar bu problemin səbəblərini aşkar edərək, onun qarşısının alınması dövlət strukturlarının və elm müəssisələrin qarşısında duran ən aktual məsələlərdən biridir.

    Lakin təssüf ki, Azərbaycan florasında olan nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitki növlərin areallarının bir hissəsinin mühafizə strategiyası yoxdur. Ölkəmizdə mühafizə olunacaq bitki növlərinin təyin edilməsi, siyahılarının dəqiq hazırlanması, bu bitkilərin nadir bitki kateqoriyalarına aid edilmə səbəblərinin aşkarlanması müasir dövrün ən vacib məsələlərindən biridir. Bu prosesləri öyrənmək üçün əvvəlcə bitkilərin yayılmasını, populyasiya genişliyini, ekoloji tələbatlarını, fizioloji tolerantlığını, reproduktiv biologiyasını, toxum quruluşunu və keyfiyyətini, cücərməsini, kök sistemini və sonrakı inkişaf mərhələlərinin tədqiqi vacibdir . Dünya florasında məlum olan bitki növlərinin, xüsusilə də məhdud bir arealda yayılan endemlərin qorunması ilə əlaqədar son illərdə çox ciddi tədqiqatlar aparılmaqdadır. İlk öncə tədqiqatçıların qarşısında duran məqsədlərdən biri nadir bitkilərin beynəlxalq qurumlar tərəfindən qəbul edilən təhlükə kateqoriyalarının hansına aid olduğunu müəyyənləşdirmək, sonra isə görüləcək tədbirləri bu bitkilərə yönəltməkdir.

    Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, ətraf mühitin mühafizə edilməsi 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz yerini almışdır. Bununla yanaşı ölkəmizdə biomüxtəlifliyin bir qolu olan bitkilərin qorunması ilə əlqədar 1996-cı ildə “Birtki mühafizəsi haqqında”qanun qəbul etmişdir. Qafqaz florasına aid bitki növlərinin yarıdan çoxuna Azərbaycanda rast gəlmək olar. Ölkəmizin nadir və nəsli kəsilməkdə olan bitkilərini qorumaq üçün keçmiş SSRİ dövründə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə (1977, 25 iyul) “Qırmızı Kitab”ın çap olunması tövsiyə edilmiş- dir. 400 növ nadir bitkinin mühafizə edilməsi üçün Nazirlər Soveti 16.03.1982 tarixli, 38№-li qərar qəbul etmişdir. 1989-cu ildə Azərbaycanın “Qırmızı Kitabı” çap olundu. Bu kitabda 140 nadir növ öz əksini tapmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və AMEA Botanika institutunun təşkilatçılığı ilə 2013-cü ildə Azərbaycanın “Qirmizı Kitabı”nın 2-ci nəşri çapa verilmişdir. Bu kitaba 300 nadir bitki və göbələk növü daxil edilmişdir.

    Mütəxəssislər hesab edir ki, ölkəmizin təbii florasında olan hansısa bir bitki növünün mühafizə sinin zəruriliyini bildirməyin və bunu əsaslandırmağın böyük əhəmiyyəti var. Yalnız bitkilərin adını bilmək onu qorumaq deyildir. Mühafizə edilərək bitki növlərinin bioekoloji xüsusiyyətlərini öyrəndikdən sonra siyahıların hazırlanması daha düzgün hesab olunur. Nadir və nəsli kəsilməkdə olan bitkilərin siyahısını hazırlayarkən təbiətdə tədqiqatçıların qoruq və yaşıllıqlarda çalışan insanların bu taksonları tanıya bilməsi vacibdir. Bu mövzu 1977-ci idə Upsalada keçirilən “Sistematic Botany Plant Utilization and Biosphera Conservation” adlı simpoziumda müzakirə olunmuşdur. İlk növbədə respublikamızda yayılan nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərinin areallarının azalmasına və nəslinin yoxa çıxmalarına səbəb olan amilləri araşdırmaq vacibdir.

    Son illərdə ölkəmizdə sənayenin inkişafı və yeni fabrik və zavod, kənd və qəsəbələrin salınması bəzən kiçik bir arealda yayılan bitkilər üzərində təhlükə mənbəyi olur. Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi və oradan qaçqın düşən bir milyon vətəndaşımızın yeni ərazilərdə məskunlaşması və fəaliyyət göstərməsi nadir bitkilərə qarşı bu təhdidi bir az da artırmışdır. Belə ki, son illərdə dənizkənarı bölgələrdə bağ evləri tikintilərinin daha da genişlənməsi Azərbaycanın bir sıra nadir bitkilərinin areallarıkiçiltmiş hətta nəslinin yox olma təhlükəsi altına almışdır. Nəticəsində Xəzər dənizi sahilləri yaxınlığında bitən bəzi növlərin arealları kiçilmiş hətta nəsillərinin kəsilməsi təhlükəsinə gətirib çıxarmışdır.

    Əkin sahələrinin genişləndirilməsi, əkin işlərində texnikadan geniş istifadə olunması ilə bağlı ölkəmizdə olan bozqır ərazilərin tarlaya çevrilməsi də bir sıra bitki areallarının daralmasına səbəb olmuşdur. Endem və ya nadir bitkilər ən çox dağlıq ərazilərdə qalmış və öz genofondlarını mühafizə etmişlər. Lakin, belə bölgələrdə əkinə yararlı yerlərin şumlanması nadir bitkilərin nəsilini yoxa çıxma təhlükə altına almışdır. Eyni zamanda otlaq və biçənəklərdən səmərəsiz şəkildə istifadə olunmasıda ölkəmizdə yayılan bir çox nadir növlərin yox olmasına səbəb olmaqdadır.

    Son illərdə Azərbaycanda iribuynuzlu heyvandarlığın və qoyunçuluğun inkişafı 8 milyondan çox xırdabuynuzlu heyvanın və 3 milyona yaxın iribuynuzlu mal-qaranın sayının artmasına səbəb olmuşdur. Bu qədər olan heyvanın otarılması üçün ölçülü otarılma sahəsi olmalıdır. Lakin respublikamızda otarılma sahələrinin heyvanların sayına nisbətən az olması aşırı otarılmaya səbəb olmuş və nəticədə görə bir sıra bitki növlərinin nəsli yoxolma təhlükəsi ilə üzləşmişdir. Bununla bərabər qış aylarında heyvanların, əsasən, iribuynuzlu mal-qaranın yemləndirilməsi üçün yem ehtiyatı toplamaq məqsədilə biçənəklərdən istifadə olunur. Biçənəklərdən uzun illər istifadə olunması həmən ərazilərdə bitən bir sıra nadır bitkilərin nəslinin azalmasına səbəb olmuşdur.

    Xəzər dəniz sahillərində və respublikamızın digər mənzərəli bölgələrində turizmin inkişafı ilə olan bir sıra istirahət məskənləri inşa edilməsi bir sıra nadir bitki növləri zərər çəkir. Ölkəmizdə istirahət üçün turizm məskənlərinin salınması Talış, İsmayıllı-Qəbələ, Quba-Xaçmaz, ZaqatalaBalakən bölgələrində daha da inkişaf etməkdədir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin 80%-nin çoxu bu bölgələrdə yayılmışdır. Turizmin bu cür sürətli inkişafı həmən bölgələrdə bitən nadir bitkilərin təbii areallarını sürətlə daralmaqdadır. Respublikamızın florasında 800 növdən artıq bitki növü dərman effektinə malikdir. Dünyada hazırlanan dərmanların 50%-dən çoxu bitki mənşəlidir. Buna görə də bu tipdə olan bitki növlərinin müxtəlif orqanlarının toplanması, bunların ixracı edilməsi və respublikamızda geniş istifadə olunması da bəzi nadir bitkilərin areallarının getdikcə azalmasına səbəb olur. Bu kimi hadisələr nəticəsində ölkəmizdə olan nadir bitkilərin, əsas etibarilə dərman və aromatik bitkilərin təbii populyasiyalarının azalması artıq mütəxəssislər tərəfindən də qeyd edilməkdədir .

    Son illərdə geofitlərin, bir çox dərman və aromatik bitkilərin təbiətdən toplanmsı və satılması aşırı həddə çatmışdır. Bu baxımdan, ilk öncə vətəndaşların bu sahədə maarifləndirilməli və sonra nadir bitkilərin qorunma tədbirləri görülməlidir.

    “Hürriyyət”