“Nəzarətimizdən kənarda müəyyən ərazinin qalması ermənilərin məlum xəyalını diri tutan amildir” – ŞAHİN CƏFƏRLİ

840

“Fransa senatının qətnaməsi, Rusiyanın Xankəndində qurduğu faktiki idarəçilik və Arutunyanın Moskvaya səfəri göstərir ki, məsələ hələ qapanmayıb”

“Fransa senatının qətnaməsi heç bir hüquqi qüvvəsi olmayan boş bir sənəddir. Amma bu sənəd də, Rusiyanın Xankəndində qurduğu faktiki idarəçilik də, Araik Arutunyanın Moskvaya səfəri də göstərir ki, məsələ hələ qapanmayıb və baş ağrıtmağa davam edəcək”. Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, nəzarətimizdən kənarda müəyyən ərazinin qalması ermənilərin məlum xəyalını diri tutan amildir: “Rusiyanın əraziyə öz ordusunu yeritməkdə məqsədi də bu xəyalın məhv olmasına və problemin birdəfəlik həllinə imkan verməmək idi. Fransa hökuməti senatın çağırışına əməl etməyəcək, amma bu qətnamənin qəbulu xoşagəlməz presedentdir. Erməni lobbiləri bu tip sənədləri digər dövlətlərin qanunverici orqanlarında da qəbul etdirməyə çalışacaqlar. Ona görə də, diqqətli olmaq və işləmək lazım gələcək. Azərbaycan hakimiyyəti əvvəllər Avropa başda olmaqda, önəmli paytaxtlarda çox aktiv iş aparırdı, bu məqsədlə ən müxtəlif üsullardan istifadə olunurdu, Fransa ilə münasibətlərə isə xüsusi önəm verilirdi. Görünür, son vaxtlar bu iş zəifləyib. Daha fundamental xarakterli yeni bir reallıq da var: güc mərkəzləri arasında balans saxlamağa hesablanan, uzun illər ilmək-ilmək işlənmiş əvvəlki uğurlu xarici siyasət konstruksiyası dağıldı. İndi yeni xarici siyasət qurmaq lazım gələcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org