“Nəyə görə sosial siyasətimiz, investisiya xərclərimiz neftin qiymətindən asılı olmalıdır?” – QUBAD İBADOĞLU

36

“Başqa ölkələrdə sahibkarlara vergi güzəştləri və digər iqtisadi stimullar verildiyi halda Azərbaycanda niyə onların vergi və gömrük yükü artırılır?”

“İlham Əliyevin müsahibəsini dinlədim, diqqətimi çəkən bəzi məqamları seçib (onları dırnaq arasında təqdim edirəm), sualları ünvanlamaq istərdim. Birincisi, “Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var”. Əgər boş çaprayılarımız varsa, onda xəstələr niyə xəstəxanalarda yerləşdirilmir?” Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Hələ neçə il lazımdır ki, Azərbaycan iqtsiadiyyatı xarici bazarlarda qiymət dalğalanmasından asılı vəziyyətə düşməsin?”

Ölkə başçısının “Təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib” dediyini qeyd edən ADR Hərəkatının sədrinin sözlərinə görə, nəzərdə tutulan rəqəm açıqlansa da, faktiki xərcləmələrin nə qədər olduğu gizlədilir: “Əgər söhbət şəffaflıqdan gedirsə, ilk növbədə faktiki rəqəmlər açıqlanmalıdır. “Baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var. Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır”. Sərt karantin rejiminə görə hərəkətin məhdudlaşdırılmasından zərərə düşən kənd təsərrüfatı istehsalçıları, hazırda əlavə olaraq susuzluqdan da əziyyət çəkir. Belə olan halda nədən kənd təsərrüfatı pandemiyadan təsirlənən sektorların siyahısına salınmayıb? Bu gedişlə kənd təsərrüfatında da tənəzzül proqnozlaşdırıram. “Neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər”. Nəyə görə bizim sosial siyasətimiz, investisiya xərclərimiz neftin qiymətindən asılı vəziyyətdə olmalıdır? Məgər ölkədə neft gəlirlərindən asılı olmayan milli iqtisadiyyat formalaşdırmaq üçün 17 il azlıq edir? Hələ neçə il lazımdır ki, Azərbaycan iqtsiadiyyatı xarici bazarlarda qiymət dalğalanmasından asılı vəziyyətə düşməsin? “Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib”. Ölkədə iqtisadiyyat tənəzzülə girdiyi zamanda sahibkarı sıxıb vergi ödəmələrini artırmağın fəsadlarını bu hökümətdə başa düşən yoxdurmu? Bilmirsinizmi, bu biznesin böhrandan çıxış imlanlarını məhdudlaşdırır? Başqa ölkələrdə sahibkarlara vergi güzəştləri və digər iqtisadi stimullar verildiyi halda Azərbaycanda niyə onların vergi və gömrük yükü artırılır? Suallar çoxdur, burdakıları cavablandıran olsa, ardını da yazacam”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org