“Nədən ÜST-ə 10 milyon dollar ianə verən Azərbaycan hakimiyyəti öz həkimlərinə münasibətdə xəsislik edir?” – QUBAD İBADOĞLU

87

“Rusiya ÜST-ə cəmisi 1 milyon dollar yardım edib”

“Koronavirus pandemiyası Azərbaycanda daha çox  işbazların işinə yarıyır. Onlar virusun geniş yayılmasından  istifadə edərək,  bəzi  dərmanların qara bazarını  yaradır, ölüdən də, diridən də pul qazanaraq, xalqın bu ağır  günündən də  faydalanırlar”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib. 

“30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman qara bazarda 5000 manata satılır”

Q.İbadoğlunun sözlərinə görə, həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun  müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (“Arbidol”, “Kalitra”, “Erqferon” və “Tamiflu” ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb: ““Parasetamol”, vitamin, steroid və digər dərmanların olmaması isə gülüncdür.  Əslində, müalicə üçün üçün Qida və Dərman administrasiyasının (FDA) rəy verdiyi dərmanlar “Remdesvir” və “Favipravir”dir.  “Remdesvir”in dünyadakı 3 aylıq anbarını ABŞ alıb, “Favipravir” isə ölkəmizdə olduqca azdır. 30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman qara bazarda 5000 manata satılır.

“Həkimlər təklif edirlər ki, artıq Türkiyədə də istehsal başlanan “Favipravir” alınıb ölkəyə gətirilsəydi..”

Q.İbadoğlu qeyd edib ki, həkimlərdən aldığı məlumata görə, hazırda müalicənin effekti  insanların immunitetləri ilə həkimlərin ağırlaşmaları önləməsindən asılıdır:“Süni tənəffüs aparatına qoşulanlar arasında ölüm halları 90 faizdən yüksəkdir. Verilən informasiyaya görə,  dövlətin sifariş etdiyi  tibbi ləvazimat və aparatların çoxu ölkəyə gətirilməyib və bundan sonra  gəlməsi də imkansızdır. Həkimlər təklif edirlər ki, artıq Tütkiyədə də istehsal başlanan “Favipravir” alınıb ölkəyə gətirilsəydi, ölüm dəfələrlə az olardı”.

“Dövlət müddətli əlavəni həkimlərə işlədiyi 14 günə görə verir, yəni onlara maaşlarının 5 deyil, 2,5 qatı ödənilir”

“Ön cəhbədə gözəgörünməz virusla “vuruşan” digər  həkimin məlumatına görə,  koronavirusla döyüşən tibb personalına 5 qat maaş məsələsi  illuziyadır. Belə ki, səhiyyə işçiləri  14 gün çalışıb,  ailə üzvlərini yoluxdurmamaq üçün sonrakı 14 gün də (bu müddəti 7 günə endiriblər) oteldə karantində qalır. Bütün bu problemlərin müqabilində otel karantinindəki yemək keyfiyyətindən danışmağı isə yersiz sayan həkim bildirir ki, dövlət müddətli əlavəni həkimlərə işlədiyi 14 günə görə verir, yəni onlara maaşlarının 5 deyil, 2,5 qatı ödənilir. Çox təzadlıdır,  nədən Ümümdünya Səhiyyə Təşkilatına (ÜST) üst-üstə 10 milyon dollar ianə verən  Azərbaycan hakimiyyəti  öz həkimlərinə münasibətdə xəsislik edir?”,-deyə iqtisadçı alim sual edir.

“1500-ə qədər  səhiyyə işçisi virusa  yoluxub”

Q.İbadoğlu  yeri gəlmişkən diqqətə çatdırıb ki, maliyyə imkanları bizdən dəfələrlə yüksək olan  Rusiya ÜST-ə cəmisi 1 milyon dollar yardım edib: “Nəysə, yenə diqqət edin, görün həkimlər nə deyir.  Gerçəkdən  ilkin mərhələdə  tibb personalı  borcunu ləyaqətlə yerinə yetirmək üçün əzmlə işləsələr də, bundan sonra  səhiyyə işçilərini təkrar çalışdırmaq mümkün olmayacaq. Artıq onların çoxu ərizə yazıb işdən ayrılırlar. Çünki indiyədək 10-dan çoxu vəfat edib, 1500-ə qədər  səhiyyə işçisi virusa  yoluxub,  ən pisi odur ki, onlar bu  xəstəliyi virus yükü çoxluğuna görə  başqalarından ağır keçirirlər. Onlardan biri pandemiya başlayandan xəstəxanadan çıxmayan, virusa yoluxandan sonra  durumu ağırlaşan ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir. Cavid həkimə də  şəfa diləyirəm”.

Şamo EMİN, Hurriyyet.org