“Nə 190 manat verdilər, nə də təhsil haqqında güzəşt etdilər” – Tovuz sakini Sahil Babayevdən kömək istəyir

105

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSM) 190 manat birdəflik yardım üçün müraciət etsəm də, mənə imtina cavabı gəldi. Bildirildi ki, “Məşğulluq haqqında” Qanunun 4.1.3 maddəsinə görə yardım verilmir. Amma bu qanunun sözügedən maddəsi mənə şamil edilə bilməz. Çünki adıma olan pay torpağını bir neçə il əvvəl satmışam. Amma həmin ərazinin mənə aid olduğu iddia olunur”.

Hurriyyet.org xəbər verir ki, bunu AzPolitika.info-ya müraciət edən Tovuz rayon Yuxarı Məşədilər kənd sakini Həsənov Natiq Oruc oğlu bildirib. Onun sözlərinə görə, özü və həyat yoldaşı heç bir yerdə çalışmır, övladı isə Bakı Dövlət Universitetində ödənişli, əyani təhsil alır: “İndiyə qədər dövlətdən bir manat nə yardım, nə müavinət, nə də pensiya almamaışıq. Heç bir dövlət proqramından faydalanmamışıq, o zaman bizə niyə yardım verilməməlidir?!”

Natiq Həsənov deyib ki, qanunun həmin maddəsini əsas gətirib qızının təhsil haqqından da azad etməyiblər. “Başa düşə bilmirik ki, bizim ailəyə qarşı bu ayrı-seçkiliyin səbəbi nədir? Dövlət qurumları bizi bütün yardımlardan, güzəştlərdən kənarda qoymaqla nə etmək fikrindədirlər? Bu ədalətsizliyə tezliklə son qoyulmalıdır”.

Şikayətçi saytımız vasitəsi ilə ƏƏSMN-nin rəhbərliyinə müraciət edib: “Hörmətli nazir Sahil Babayev! Mən sosial durumumuzla bağlı bu məktubda ətraflı bəhs etdim. Nazirliyin “qaynar” xəttinə düşə bilmədiyimə görə media vasitəsi ilə sizə müraciət edib etirazmı çatdırmaq istəyirəm. Xahiş edirəm, araşdırın, dövlətdən bir manat yardım görməyən ailə nəyə görə yardımdan kənarda qalmalıdır?”