Myanmarlı hərbçilər etiraf elədilər: “Arakanda 20 kəndi xəritədən sildik”

48

Hurriyyet.org xəbər verir ki, Myanmar ordusunda xidmət edən iki hərbçi arakanlı  müsəlmanları öldürdüklərini, kütləvi məzarlarda basdırdıqlarını və qadınlara təcavüz elədiklərini etiraf ediblər. “Nyu York Tayms” qəzetinin xəbərinə görə, ötən ay Myanmardan qaçan iki hərbçi dünən Myanmarın bəşəriyyətə qarşı cinayətləri ilə bağlı istintaqın aparıldığı Haaqa (Hollandiya) Beynəlxalq Ədalət Məhkəməsinə aparılıb.

Burada video vasitəsi ilə ifadə verən hərbçilər Arakan vilayətində müsəlmanların öldürülməsi və kütləvi məzarlarda basdırılması əmrini icra etdiklərini etiraf ediblər. Hərbçilərin açıqlamaları Myanmar ordusunun arakanlı müsəlmanların kökünü qurutmağa çalışdığına dair iddiaları təsdiq edir.

33 yaşlı Myo Vin Tun adlı əsgər 2017-ci ilin avqustunda bazalarından “Qarşısınıza çıxan hər kəsi vurun” əmri aldıqlarını, özünün 30 arakanlı müsəlmanı qətlə yetirdiyini bildirib. O, 8 qadın, 7 uşaq və 15 kişini bir məzara basırdıqlarını deyib: “Fərq qoymadan hər kəsi vurduq. Müsəlman kişilərin alınlarından vurduq və cəsədlərini ayaqlarımızla çuxurlara itələdik”.

Zabit Zav Nainq Tun da 20-yə yaxın kəndi xəritədən sildiklərini bildirib.

Ontario Beynəlxalq İnkişaf Agentliyinin 2018-ci ilin avqustunda yaydığı hesabata görə, 25 avqust 2017-ci il tarixdən bəri azı 24 min arakanlı müsəlman Myanmar ordusu tərəfindən öldürülüb, 18 min qadına təcavüz edilib. Beynəlxalq insan hüquqları təşkilatları peyk görüntüləri ilə yüzlərlə kəndin yox edildiyini isbat ediblər. BMT və insan hüquqları təşkilatları arakanlı müsəlmanlara qarşı şiddəti “etnik təmizlik”, “soyqırım” adlandırırlar.