Müxalifətdən Dağıstan olaylarına KƏSKİN REAKSİYA

204

İqbal Ağazadə: “Dövlət hər bir vətəndaşına sahib çıxamağı bacarmalıdır”

Elşad Musayev:“Nə təəssüf edirsiniz, tədbir görməlisiniz”

Əhməd Oruc: “Bu problemi 3 aydır həll edə bilməyən hakimiyyət niyə yaşayır?!”

Koronavirus pandemiyası ilə əlaqədar işsiz, pulsuz qalan və ölkəmizə qayıtmaq istəyən yüzlərlə vətəndaşımızın Rusiya-Azərbaycan sərhəddində “Samur” sərhəd keçid məntəqəsinin ətrafında neçə gün qaldıqdan sonra Dağıstan polisi tərəfindən ağzı üstə uzadılaraq döyülməsi, aşağılanması bir millət olaraq bizi bir daha aşağıladı, olan-qalan qürurumuzu da yerlə-yeksan etdi. Təəssüf ki, Xarici İşlər Nazirliyinin rəsmisi vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırmaqla, işini bitmiş hesab edir. Sanki döyülən, təhqir olunan, aşağılanan vətəndaşların qanunvericiliklə ləyaqəti, şərəfi qorunmur.

“Məsuliyyət bizimdir ki, nədən ötrü biz bu adamların 80 gün orada qalmasına şərait yaratmışıq?”

Rusiya-Azərbaycan sərhəddində baş verənlərlə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə “Hürriyyət”ə  deyib ki, Azərbaycan vətəndaşlarının ölkəsinə gəlmək üçün 80 gündən artıqdır sərhəd bölgəsində gözlədilməsi və onların Azərbaycana keçidinin Azərbaycan dövləti tərəfindən gerçəkləşdirilməməsi təssüfedicidir: “Bu, çox üzücü bir hadisədir. Baş verən hadisələrdə Rusiya polisinin Azərbaycan vətəndaşını aşağılaması, yaralaması, 92 nəfərin cinayət məsuliyyətinə cəlb olunması da birbaşa Azərbaycan dövləti üçün ciddi bir siqnaldır. Dövlət orqanları işə vaxtında qarışmalıydı. Müraciət edən hər bir şəxs heç bir yerdə gözləmədən nə qədər çətin şərait olsa belə, ölkəsinə gətirilməliydi. Biz bilirik ki, Rusiyada vətəndaşlarımızın sayı çoxdur. Bu da hakimiyyətin uzun illər apardığı siyasətin nəticəsidir. İnsanlar niyə ölkəsini tərk edib, niyə indi geri vətənə qayıdırlar? Bu qədər insan niyə ölkəsini tərk etmişdi, bunlar hamısı ciddi, dartışılmalı məsələlərdir. Amma o mərhələ arxadadır. İndi pandemiyaya görə ölkəsinə gəlmək istəyən hər bir vətəndaş müraciət edirsə, onları dərhal ölkəyə gətirməyin yolları düşünülməlidir. Karantinə alınmaları üçün hansı çətinlikləri olacaq, yerimiz varmı-yoxmu, bu, sonrakı mərhələdir. Həmin vətəndaş bizim imkanmız yoxdur deyə, Rusiya ərazisində qala bilməz. Biz bu gün Rusiyaya bir şey edə bilmirik. Həm güc baxımından edə biləcəyimiz böyük bir təpki yoxdur, həm də reallıqlar baxımından ki, Rusiya öz ərazisində bu və ya digər şəkildə ictimai asayişin qorunması istiqamətində addımlar ata və bunu yüz cür əsaslandıra bilər. Məsuliyyət bizimdir ki, nədən ötrü biz bu adamların 80 gün orada qalmasına şərait yaratmışıq? Niyə biz onları ölkəmizə gətirməmişik? Baxmayaraq ki, Rusiya prezidenti cənab Putinlə Azərbaycan prezidenti cənab İlham Əliyev arasında 18 mayda telefon danışığı olmuşdu və 31 maya qədər bu problemlərin həll olunması istiqamətində addımlar atılması tərəflər arasında razılaşdırılmışdı. Bütün bunlara baxmayaraq, yenə də problem həll olunmadı, səlahiyyətli dövlət qurumları bu məsələni həll etmədilər. Yalnışlıq buradadır. Hesab edirəm, həmin vətəndaşlar Rusiyanın hansı şəhərində olmağından asılı olmayaraq, müraciət edirlərsə, dəhal onların vətənə gəlişi təmin olunmaldır, heç bir vətəndaş başlı-başına buraxılmamalıdır. Azərbaycan Respublikasının xaricdə yaşayan həmvətənlərlə bağlı işgüzar qanunu da bunu hökumətin üzərinə məsuliyyət kimi qoyur. Bu məsuliyyətdən də çıxış edərək, onların hamısının vətənə qaytarılması şərtdir”.

“Rusiya tərəfə deyə biləcəyimiz bir şey yoxdur”

 İ.Ağazadə vurğuladı ki, Azərbaycan hökumətinin mövqeyi yanlışdır: “Mən yenə deyirəm, Rusiya tərəfə deyə biləcəyimiz bir şey yoxdur. O, öz ölkəsinin ərazisində ictimai asayişi bərpa etmək adı ilə bütün qanunsuzluqlara gedə bilər. Lakin Azərbaycan tərəfə deyəcəyimiz söz çoxdur. Bu insanlar 80 gündür niyə oradadır? Hətta onlar “Evinə qayıt” portalına qoşulmamışdısa, səfirliyə məktub yazmamışdısa, qeydiyyata durmamışdısa və s. hər şeyi qəbul edirəm, buradan nümayəndə heyətini göndərəydi. Miqrasiya İdarəsindən, Xarici İşlər Nazirliyindən, Daxili İşlər Nazirliyindən, Dövlət Təhlükəsizlik Xidmətindən nümayəndə göndərəydi, adamlar qeydə alınaydı, sənədləri yoxlanaydı. Dərhal əlaqə saxlayıb, 3-5 günün içərisində hamını öz vətəninə keçirdəydi. Nədən etmədilər? Niyə? Dövlət hər bir vətəndaşına sahib çıxmağı bacarmalıdır. Dövlətin ümdə vəzifəsi budur”.

“Bu  məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi tədbir görməliydi”

Vətəndaşı daimi içməli su ilə təmin edə bilmirsinizsə, çənləri ...

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə qeyd edib ki, o, təqribən 2 ay əvvəl bununla bağlı həyacan təbili çalıb: “Ölkədə karantin rejimi tətbiq olunmuşdu, müəyyən qədər nəticə verirdi, göstəricilərimiz dünya ölkələri ilə müqayisədə normal görünürdü. Onda mən həyacan təbili caldım ki, cənub – İran tərəfdən gələn təhlükəni biz götürmüşük, amma şimal tərəfdə təhlükə var. Çünki bizim 1 milyondan çox vətəndaşımız Rusiyadadır, bunların əgər işi olmasa, ölkəyə gələcəklər. Onda hələ Rusiyada vəziyyət o qədər kəskin deyildi. Xəbərdarlıq etmişdim ki, adamların işi olmasa, kirayə qaldığı evin pulunu verməyə pulu olmasa, geri qayıdacaq və Azərbaycan hakimiyyyətini də, Rusiyadakı səfirliyini də, eyni zamanda bizim Rusiyada olan iş adamlarını da müəyyən qədər əllərini daşın altda qoymağa çağırmışdım. Təəssüflər olsun ki, bundan lazımi nəticə çıxarılmadı və nəticədə belə bir vəziyyət yarandı. Azərbaycanın dövlət strukturları var, Xarici İşlər Nazirliyi, ayrı-ayrı səfirlikləri nə işlə məşğul olur, bilinmir. Yəni bu  məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi tədbir görməliydi və xeyli müddətdir orada gərginlik var idi və nəticə etibarilə belə olmalıydı, onun ayrı yolu yox idi.

Mən bunu çox pis qiymətləndirirəm və hesab edirəm ki, orada növbəti dəfə millətimizin qürüru ilə oynanıldı, Dağıstan polisi tərəfindən aşağılandı. Amma aylardır insanlar oradadır və təbii ki, müəyyən qarşıdurma gözlənilirdi.  Müxtəlif rəqəmlər səslənir, təqribən 100 nəfər adamın orada olduğu deyilir. Orada adamları mərhələ-mərhələ buraxırlar ki, burada xəstəxanalarda yer olsun. Mən bunu başa düşürəm. Amma orada ayrı-ayrı dövlət məmurlarının müəyyən qədər istirahət obyektləri, tikililəri var, o adamları orada yerləşdirsinlər. Niyə bəs, bunlar bu ölkənin varidatını, milyonlarını dağıdırlar? Yerləşdirsinlər də. İnsanları palatkalarda, xarici ölkənin ərazisində saxlmaqdansa, bəri keçirsinlər. Ondan sonra, burada karantinə göndərsinlər”.

 “Təəssüfü sadə Azərbaycan vətəndaşı etməlidir”

E.Musayev dedi ki, hökumətin bu məsələdə mövqeyi qətiyyən onu qane edə bilməz: “Hökumət adından Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çox dişsiz danışdı. Elmar Məmmədayarovun kadrıdır. İndi də təəssüf edir. Nə təəssüf edirsiniz, tədbir görməlisiniz. Təəssüfü sadə Azərbaycan vətəndaşı etməlidir. Siz dövlətsiniz, tədbir görməlisiniz, tədbir görün. Mən dəfələlə deyirəm, bu adamları gətirib dəfələrlə görəvə qoyurlar, təsadüfi, iş bilməyən adamlardır və buna görə də belə bir gərgin vəziyyət yaranır”.

“Uzun illərdir ki, Rusiyada azərbaycanlıları rus  “OMON”u istənilən bazarda və ictimai yerdə ağzı üstə qoyur”

Azərbaycanda struktur dəyişiklikləri həyata keçirilməlidir ...

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bidirdi ki, bu, çox böyük bəladır: “Uzun illərdir ki, Rusiyada azərbaycanlıları rus “OMON”u istənilən bazarda və ictimai yerdə ağzı üstə qoyur, belə vəziyyətə salır. İnanın ki, azərbaycanlılardan başqa, heç bir Qafqaz xalqını o vəziyyətə sala bilmir. Yəni onlar özlərinə sığışdırmaz, heç ruslar da onları təhqir edə bilməz, bilirlər ki, bu vəziyyət alınmayacaq. Cammatı ağzı üstə qoyub palçığın, suyun içində əlləri arxasında qoymaq alınmayacaq. Bilirsiniz, bizim millətin üzun müddət sahibsizlik sindromundan, yaşamaq naminə hər əskikliyə hazır olmasından qaynaqlanmış bir məsələdir. İndi də həmin şey davam edir. Bu illərdə Azərbaycan hakimiyyəti heç vaxt  öz vətəndaşını müdafiə etməyib, onun hüquqları uğrunda mübarizə aparmayıb. Azərbaycanlılara qarşı təhqiramiz münasibətlərlə bağlı bir dəfə Rusiyaya rəsmi etiraz olunmayıb. Bir dəfə bildirilməyib ki, “mən vətəndaşlarımı müdafiə edirəm, sən hansı haqla onların şəxsiyyətini alçaladan bir formada  toplayırsınız, yoxlayırsınız?” Bu, illərlə davam edir. Açığı, bu, azərbaycanlıların xarakterindən gələn, əskikliyə dözməyindən qaynaqlanan bir məsələdir. Məsələn, mən orada olsam, heç vaxt üzü üstə yıxılıb durmaram. Məni tutsunlar, döysünlər, ancaq onu etmərəm. İllərdir bizimkilər onu özünə sığışdırırlar, “palaza bürün, elnən sürün” prinsipi ilə edirlər”.

“Mən hakimiyyyətə deməyə söz tapmıram”

Ə. Oruc diqqətə çatdırıb ki, Azərbaycan hakimiyyəti bu məsələdə heç bir dəyərə sığmayan dərəcədə bir fəaliyyət göstərir: “3 aydır bu adamlar öz ölkəsinə qayıtmaq istəyir. Hətta ölkələr cinayatkarını belə, başqa ölkələrdən alıb gətirib saxlayır ki, bu, mənim vətəndaşımdır. Ancaq bizim bir qarın dolanışıq dalınca ölkəni tərk edən, min bir əzabla Rusiya çöllərində özünə, balalarına ərzaq qazanan vətəndaşlarımız da orada dolanışıq yoxdur deyə, ölkəsinə qayıtmaq istəyir. Bu problemi 3 aydır həll edə bilməyən hakimiyyət niyə yaşayır, niyə ölmürlər? Yalandan hər gün çıxıb televiziyada qırmızı-qırmızı guya, “pandemiyanın qarşısını belə alımışıq, Qafqazda lider ölkəyik” kimi cəfəngiyyatlar danışırlar. Bu cəfəngiyyatlar kimə lazımdır? Hesab edirəm ki, dərhal o vətəndaşları ölkəyə qəbul etmək, lap çadır şəhərciyinə də olsa, onları köçürmək lazımdır. Əgər ölkədə həkim çatışmamazlığı varsa, dünyanın səhiyyə təşkilatlarına, Türkiyəyə və digərə ölkələrə müraciət olunmalıdır ki, bizə həkimlə kömək edin. Ancaq bu şəkildə sən öz vətəndaşlarını görməməzlikdən gəlməklə, bunlar 3 ayla sərhəddə yığılsınlar, axırda Rusiyanın gömrük orqanlarının işçiləri hücüm etsinlər, döysünlər, cəzalandırsınlar, bu, heç bir normaya sığmır. Açığı, mən hakimiyyətə deməyə söz tapmıram. Bu, hakimiyyətin sifətə verməsinin ən qatı formasıdır. Bu şəkildə də olmaz. Xarici işlər nazirinin Amerikada neçə milyonluq villaları üzə çıxır. O biri nazirin milyardları, bu, icra başçısının 10 milyon oğurladığı üzə çıxır. Bu yandan da Azərbaycanın halal-hümmət vətəndaşlarının ölkəyə qayıdıb gəlməsinə bunlar imkan vemirlər ki, “biz onları yerləşdirə bilmərik, qəbul etmək üçün imkan yoxdur”. Buna görə, bu məsələyə mənim çox pis münasibətim var. Bu məsələdə hakimiyətin fəaliyyətini heç bir meyara, əxlaqa, mənəviyyata uymayan bir fəaliyyət kimi qarşılayıram. Azərbaycandan başqa, dünyanın heç bir ölkəsi bu işi etməz. Nə Ermənistan, nə Gürcüstan, nə Türkiyə, nə də İran, hansı ölkəni desəniz, bunu etməzdi,  Hansısa  şəkildə 3 ay ərzində öz vətəndaşını qəbul edib, bir əncam çəkərdi. Bizimkilərdir ki, bu cür həyasız bir ortam yaradıb”.

Şamo EMİN, Hurriyyet.org