Müxalifət haqqında qanunun qəbuluna ehtiyac var? – SİYASİLƏRDƏN ŞƏRH

78

Həsrət Rüstəmov: “İndiki tərkibdə bu qanun da işləməyəcək”

Əhməd Oruc: “Hökumət parlament müxalifəti adında imitasiya ilə məşğuldur”

Milli Məclisin mayın 31-də keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Parlament müxalifəti haqqında” qanunun qəbul olunmasını təklif edib.

Millət vəkili qeyd edib ki, həmin sənəddə müxalif parlament üzvlərinin növbədənkənar söz hüququ, hökumət siyasətinə alternativ qanun layihələri irəli sürmələrinə dair müddəalar yer ala bilər.

Z. Orucun sözlərinə görə, parlamentarizmin güclənməsi və demokratik idarəçiliyin möhkəmlənməsində belə hüquqi addımlar mühüm rol oynayacaq.

“Zahid Orucun təklif etdiyi belə bir qanun qəbul olunsa da, bu, ölkədə heç bir ictimai-siyasi hadisəyə müsbət təsir edə bilməz”

Həsrət Rüstəmovun seçicilərə müraciəti - VİDEO - Hürriyyət

Millət vəkili Zahid Orucun təklifinə münasibətini bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov “Hürriyyət”ə bildirdi ki, hökumət parlamentə kimi buraxıbsa, onları da müxalifət kimi görmək istəyir: “Bu, yeni bir şey deyil. Bu, hökumətin həmişə arzusu olub və həmişə çalışıb ki, parlamentə həqiqi müxalifətdə olan qüvvələr düşməsin. Təbii ki, bu mövqe yanlışdır və bu, onu göstərir ki,  parlament seçkiləri xalqın səsverməsi ilə yox, hakimiyyətdə olan qüvvənin siyasi iradəsi ilə həyata keçirilir. Başqa sözlə desək, saxtalaşdırılır. Zahid Orucun təklif etdiyi kimi belə bir qanun qəbul olunsa da, bu, ölkədə heç bir ictimai-siyasi hadisəyə müsbət təsir edə bilməz. Çünki Azərbaycan siyasi qüvvələr nisbəti parlamentdə əks olunmur. Hazırda parlamentdəki siyasi qüvvələr nisbəti ilə real xalqın istimai-siyasi hadisələrə münasibəti arasında çox ciddi fərq var. Amma ümumiyyətlə, müxalifət haqqında qanun vacibdir. ADP hələ 10-15 il bundan əvvəl belə bir təkliflə çıxış etmişdi və biz qanunvericilik təşəbbüsü irəli sürməyin tərəfindəyik ki, müxalifət haqqında qanun olsun. O qanunda müxalifətin, yəni siyasi partiyaların nəzərdə tutulmayan daha geniş spektrdə vəzifə və funksiyaları, hüquqları əksini tapsın. Eyni zamanda müxalifətin parlamentdə olub-olmamasından asılı olmayaraq, qanunvericilik təşəbbüsü ilə çıxış etməsi asanlaşdırılsın. Bilirsiniz ki, bir müxalif siyasi partiya hansısa bir qanun layihəsi ilə çıxış etmək istəsə, o, parlamentdə deyilsə, bunun üçün o gedib imza toplamalıdır, nə qədər iş görməlidir. Siyasi partiyanın bu mərhələni keçmədən qanun layihəsəi təklif etmək hüququ olmalıdır. Çünki bu, adından da göründüyü kimi siyasi institutdur. Təəssüf ki, o zaman buna reaksiya olmadı. Bu gün də səsləndirilən fikir həmin ideyanın epizodik bir hissəsidir. Mən elə hesab edirəm faydalı bir nəticəsi olmayacaq”.

“İndiki halda, bu qanun qəbul olunsa belə, inanmıram real faydası olsun”

H. Rüstəmov dedi ki, bu qanun qəbul olunsa da, indiki halda xususi bir dəyişiklik olacağına inanmır: “Düzdür, parlamentdə müxalif ruhlu insanlar da var. Onlar bir siyasi komanda şəkilində olmasalar da, bir neçə nəfər var. Hesab edirəm ki, onlar imkanları olduqca hansısa qanun təklifləri ilə xalqın xeyrinə çıxış edəcəklər. Amma Zahid Orucun  dediyi şəkildə qanun qəbul olunsa da, bu gün işləməsə də, gələcəkdə siyasi partiyalar real olaraq parlamentdə təmsil olunduğu zaman işləyə, xalqa hansısa bir fayda verə bilər. İndiki halda, bu qanun qəbul olunsa belə, inanmıram real faydası olsun. Çünki parlamentdə müxalif və müstəqil adı ilə olan insanların əksəriyyətinin qanun layihəsi yazmağa, ideya fikirləşib tapmağa nə strukturları, nə də belə bir həvəsləri yoxdur. Çünki indiyə kimi meydana qoymayıblar. Ona görə, elə hesab edirəm ki, fakt indiki tərkibdə bu qanun da işləməyəcək”.

“Bizim Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə görüşdən başqa ortada hələlik heç nə yoxdur”

Azərbaycanda struktur dəyişiklikləri həyata keçirilməlidir ...

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bidirib ki, əsas məsələlərdən biri hakimiyyətin müxalifətlə bağlı söylədiklərindən geri çəkilməsinə görə ola bilər: “Ona görə ki, hakimiyyət Azərbaycanın bütün siyasi qüvvələri ilə konstruktiv dialoq şəklində yaşamaq istədiklərini bildirdi. Bu proses 3 ay qabaq oldu. Ondan sonra bir səngimə baş verdi. Düzdür, bəzi müxalif qüvvələr hakimiyyətin dialoq təklifini yetərincə səmimi qarsalamadılar. Sonrakı dövrdə də hakimiyyətin təklifinin arxası gəlmədi. Yəni bizim Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə görüşdən başqa ortada hələlik heç nə yoxdur. İndi bunların “Parlament Müxalifəti Haqqında” qanunun təklif edilməsi məsələsi də yəqin ki, cəmiyyətdəki ümumi müxalifətdən gözləntilərində istədiklərini əldə etməməklə, bağlı ola bilər”.

“Növbədənkənar və ya növbəli söz hüququnun olmasının ciddi əhəmiyyəti yoxdur”

Ə. Orucun sözlərinə görə, bu məsələnin özü hakimiyyətin səmimi olmadığının göstəricisidir: “Birincisi, bügünkü parlamentdə müxalifət adına bir nəfər də yoxdur. İkincisi də onların söz hüququ tanınır. Orada növbədənkənar və ya növbəli söz hüququnun olmasının ciddi əhəmiyyəti də yoxdur, bundan sonrakı dönəmdə olmayacaq da. Ona görə, məsələnin qoyuluşu mən deyəndir. Hökumət parlament müxalifəti adında imitasiya ilə məşğuldur. Yəni bunlar gördülər ki, bunların istədikləri həqiqi müxalifətlə alınmır. Ona görə, yəqin belə bir yanaşma oldu. İndiki parlament üzvlərinə növbədənkənar səs verilməsi, onlara qanun layihəsi ilə çıxış etmək hüququnun verilməsi yalnız ictimai rəyi aldatmaq, beynəlxalq cameəyə guya, Azərbaycanda da müxalifətin olduğu haqqında yalançı təsəvvür yaratmaqdan başqa bir şey deyil”.

Şamo EMİN, Hurriyyet.org