Müxalif partiya hakimiyyəti Türkiyəyə dəstək verməyə çağırdı

27

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindəm Hurriyyet.org-a verilən məlumata əsasən, toplantıda 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin doğurduğu nəticələr, seçkidən sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyət müzakirə edilib.
Müzakirələrdə son günlər Prezident Aparatının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti əsasında bir sıra müxalifət partiyalarının liderləri ilə keçirilən görüş ətrafında müzakirələr aparılıb. Müzakirələrdə ölkədə vətəndaş sülhünə nail olunması, iqtidar-müxalifət münasibətlərinin daha sivil müstəviyə daşınması naminə hakimiyyətlə müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyi qeyd edilib.
İdarə Heyəti həmçinin qardaş Türkiyənin Suriyanın İdlib bölgəsində aparılan hərbi əməliyyatlarda şəhid düşən hərbiçilərinin ailələrinə və qardaş Türkiyə dövlətinə başsağlığı verib, həmçinin Türkiyənin “Bahar Qalxanı” adı altında bölgədə başlatdığı hərbi əməliyyatlarda əldə etdiyi uğurlarına görə qürur duyduğunu bildirib və Azərbaycan hökumətini qardaş Türkiyənin regionda yürütdüyü siyasətinə dəstək verməyə çağırıb.

Hurriyyet.org