Müxalifət liderləri İlham Əliyevi təbrik etdi

78

Əli Kərimli: “Bu, böyük bir qələbədir….”

Isa Qəmbər: “Ürəyimin mərkəzi, dünyamın mərkəzi ŞUŞA azad olundu!”

Arif Hacılı: “Bu gün xalqımızın yaddaşında əbədi olaraq həkk olunacaq”

Etibar Məmmədov: “Bu qələbə sadəcə müharibənin taleyini həll edən savaş uğuru deyil…”

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin və başqa ərazilərimizin erməni işğalçılarından azad ediləməsinin həm də Azərbaycan xalqının birliyinin, həmrəyliyinin nəticəsi olduğunu bəyan edib.

Prezident xalqa tarixi Şuşa müraciətində deyib: “Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Azpolitika.info xəbər verir ki, Prezidentin də qeyd etdiyi kimi, Vətən Müharibəsinin ilk günündən Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar dövlətə, orduya birmənalı dəstək ifadə edib. Bu dəstək hərbi əməliyyatların dayandırılması üçün Azərbaycana təzyiq edən xarici qüvvələrə qarşı da ifadə olundu, cəmiyyət birmənalı şəkildə iqtidarın arxasında olduğunu bəyan etdi. Azərbaycan Ordusunun Şuşa zəfəri elan olunduqdan sonra bütün siyasi qüvvələrin, ələlxüsus da ənənəvi müxalifət liderlərinin Prezident İlham Əliyevi təbrik etməsi də bu birliyin, həmrəyiliyin davamlı olduğunu göstərir.

“İlham Əliyev xalqımıza güvənərək sona qədər getdi və Azərbaycan Ordusu şanlı bayrağımızı Şuşadan asdı”

Ən barışmaz müxalifət lideri kimi tanınan AXCP sədri Əli Kərimlinin bu münasibətlə sosial şəbəkədə paylaşdığı təbrikində deyilir: “İlham Əliyev xalqımıza güvənərək sona qədər getdi və Azərbaycan Ordusu şanlı bayrağımızı Şuşadan asdı. Bu, böyük bir qələbədir. Bu böyük qələbə münasibəti ilə mən Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm. Heç şübhəsiz ki, bu qələbənin sahibləri, bu qələbəni bizə bəxş edən canını, qanını, gözünü qırpmadan bu millətə qurban verən qəhrəman əsgər və zabitlərimizdir”.

“Ali Baş Komandan başda olmaqla, Azərbaycan Silahlı Qüvvələrinin bütün qəhrəman heyəti…”

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də eyni addımı atıb. O, “Facebook” səhifəsində bunları yazıb: “Ürəyimin mərkəzi, dünyamın mərkəzi ŞUŞA azad olundu! Yaşa, var ol qəhrəman Azərbaycan əsgəri! Bütün xalqımızı, Ali Baş Komandan başda olmaqla, Azərbaycan Silahlı Qüvvələrinin bütün qəhrəman heyətini təbrik edirəm!”

“Xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, iqtidar yetkililərinin siyasi iradəsi…”

“Mən də ölmədən bu günü görmək arzusu ilə yaşayan milyonlarla azərbaycanlıdan biriyəm. Çox xoşbəxtəm. Bu gün xalqımızın yaddaşında əbədi olaraq həkk olunacaq. Bu gün tariximizin ən möhtəşəm günlərindən biridir! Bu böyük qələbəyə Azərbaycan Azadlıq Ordusunun rəşadətli mübarizəsi, xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, iqtidar yetkililərinin siyasi iradəsi, Türkiyəmizin siyasi və mənəvi dəstəyi, başlıcası isə şəhidlərimizin qanı bahasına nail olduq”. Bunu isə Müsavat başqanı Arif Haclı xalqa təbrikində yazıb.

“Bu qələbə Millətin qürurunu özünə qaytaran uğurdur”

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Prezident İlham Əliyevi Şuşanın alınması münasibətilə təbrik edib.

Partiyadan verilən məlumata görə, təbrik mesajında bildirilir:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Qarabağ uğrunda gedən müharibənin taleyini həll edən Şuşa zəfəri münasibəti ilə Sizi və qəhrəman əsgərlərimizi təbrik edirəm.

Bu qələbə sadəcə müharibənin taleyini həll edən savaş uğuru deyil. Bu qələbə həm də Millətin qürurunu özünə qaytaran uğurdur. Bu qələbə 1992-ci ildə “Şuşanın dağlarında toy” edən düşmənə toy tutulmasıdır. Bu qələbə tək işğalçıya deyil, həm də onun havadarlarına verilən dərsdir.

Bu qələbə müharibəni tamamlayacaq kapitulyasiya aktına düşmənin boyun əyməsinə aparacaq yolu açan Əsgərimizin imzasıdır. Şəhidlərimizin və Qazilərimizin qanı ilə qoyulacaq bu İmza Azərbaycana və bütün Qafqaza sülh gətirəcək.

İşğalçını sülhə məcburetmə əməliyyatını həyata keçirən və gələcəkdə bu sülhün təminatçısı olacaq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Sizi bu günkü bayram münasibəti ilə təbrik edir və üzərinizə düşən ağır, lakin xoşbəxt bir missiyanın – Qalib Ordunun və Qalib Millətin Rəhbəri vəzifəsinin həyata keçirilməsində uğurlar arzulayıram. Xalqımız həm Qələbəyə, həm də sabit və firavan həyata layiqdir”.

Qeyd edək ki, eks-spiker Rəsul Quliyev, “Real” sədri İlqar Məmmədov da Şuşanın azad olunması münasibəti ilə xalqı və Ali Baş Komandan İlham Əliyevi təbrik ediblər.

Hazırladı: KƏNAN