Müxalifət 1992-92-cü illərdə Müdafiə naziri olmuş Manukyanı Baş nazir postuna gətirmək istəyir

330

Nazir o nazir ola bilər, lakin dövran o dövran deyil

Hurriyyet.org xəbər verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət bu posta ölkənin keçmiş baş naziri, 1992-1993-cü illərdə Ermənistanın Müdafiə naziri olmuş Vazgen Manukyanın namizədliyini irəli sürüb. Bu xəbəri jurnalistlərə Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” müxalifət partiyasının lideri Artur Vanetsyan çatdırıb. Vanetsyan deyib: “On yeddi müxalifət partiyası öz formatını genişləndirərək “Vətənin müdafiəsi şurasını” yaradıb. Şura Baş nazir postuna Vazgen Manukyanın namizədliyini irəli sürüb”. O, müxalifətin vahid namizədi olan Manukyanın böyük siyasi təcrübəyə malik olduğunu söyləyərək deyib: “Manukyanın öz partiya fəaliyətini dayandıracağı qərarı qəbul edilib. O, növbədənkənar parlament seçkiləri keçirəcəyini və bu seçkilərdə iştirak etməyəcəyini öhdəsinə götürüb”.

Manukyan 1990-1991-ci illərdə Ermənistanın Baş naziri, 20oktyabr 1992-ci il tarixindən 21 avqust 1993-cü il tarixinə qədər müdafiə naziri olub, eyni zamanda hərbi-sənaye kompleksinin işini idarə edib. 1996-cı ildə Manukyan prezident seçkilərində iştirak edib, keçmiş prezident Levon Ter-Petrosyanı seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edib, 1990-cı illərin əvvəllərində “Milli demokratik ittifaq” partiyasını təsis edərək ona rəhbərlik edib. 2009-2019-cu illərdə Ermənistanın İctimai Şurasının sədri olub.

Manukyan 1988-ci ilin fevralında yaradılmış “Qarabağ” komitəsinin təsisçilərindən biri və koordinatoru olub. 1988-ci il dekabrın 10-da komitənin digər üzvləri ilə birlikdə həbs edilib və Moskvanın “Matrosskaya Tişina” həbsxanasında 6 ay cəza çəkib. “Qarabağ” komitəsi 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi məqsədilə qurulub.