MÜSAHİBƏ| “1 milyon azərbaycanlı öz torpağına qayıdacaq”

369
La República, Peru
09.12.2020

Müəlliflər: Xose Alvan, Hans Kastiyo

Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov Ermənistanla Azərbaycan arasında imzalanmış tarixi sülh sazişilə bağlı “La Republica”ya eksklüziv müsahibə verib. Müsahibimiz hesab edir ki, bu saziş barışıq istiqamətində atılmış önəmli addımdır.

– Sülh sazişinin təməl şərtləri nədən ibarətdir?

– Əvvəla onu deyim ki, bu, sülh sazişi deyil. Bəli, biz razılığa gəlmişik. Amma bu, Rusiya sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsini də özündə əks etdirən sülh bəyannaməsidir.

Eyni zamanda, münaqişəyə son qoyulmasında Türkiyənin də müstəsna rolu olub. Başqa sözlə, biz razılığa həm də Türkiyənin çox əhəmiyyətli rolu ilə gəlmişik. Ankara ilə Moskva birgə atəşkəsə nəzarət mərkəzinin yaradılması ilə bağlı razılıq əldə ediblər.

– Bu müharibə insanlara necə təsir göstərib?

– Müharibə zamanı Ermənistan Azərbaycanın mülki kənd və şəhərlərinə belə, ballistik raketlər atıb. Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə, həmçinin digər şəhərlərimizə, mülki əhalinin sıx yaşadığı ayrı-ayrı rayonlarımıza 3 dəfə ballistik raket zərbələri endirilib. Bu zaman 94 mülki azərbaycanlı həlak olub, 400-dən çox insan yaralanıb.

– Necə düşünürsünüz, sülh bəyannaməsinin xalqınız üçün əhəmiyyəti nədir?

– Yalnız onu demək kifayətdir ki, 1991-1994-cü illərdə baş vermiş ilk müharibə zamanı doğma yurdlarından didərgin düşmüş, qonşu bölgələrdə yaşamaq məcburiyyətində qalmış 1 milyon azərbaycanlı, yəni ölkə əhalisinin 10%-i 30 ildən sonra öz tarixi dədə-baba yurdlarına qayıdacaq.

– Bəs bundan sonra hadisələrin inkişaf istiqamətini necə görürsünüz?

– İnanırıq ki, Ermənistanda hakimiyyətə gələcək yeni qüvvələr qisasçılıq siyasəti aparmayacaq, sülh tərəfdarı olacaq. İki xalq arasında düşmənçiliyin sona çatmasını dəstəkləyən realist qüvvələrin azərbaycanlılara qarşı təcavüz və nifrət siyasətini dayandıracaqlarına inanırıq. Bu, hər kəsin xeyrinə olacaq.

– Gələcək nəsillərin bu cür problemlərlə üzləşməməsi üçün nə etmək lazımdır?

– Azərbaycan xalqında nifrət yoxdur. Bu gün də Azərbaycanda on minlərlə erməni problemsiz yaşayır. Azərbaycan vətəndaşı olan ermənilər ölkəmizdə qalacaq, qanunlarımıza, Konstitusiyamıza hörmət edəcək. Bizim onlarla heç bir problemimiz yoxdur.

(İspan dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: La República