Mülki əhaliyə dəyən zərər dövlət tərəfindən ödəniləcək

45

Kəmaləddin Heydərov: “Prezidentin tapşırığıdır ki, bir nəfər də olsun evinə, itirdiyi başqa bir şeyə görə korluq çəkməsin”

Ermənistanın mülki yaşayış obyektlərini atəşə tutması nəticəsində Azərbaycanın müxtəlif ərazilərində böyük dağıntılar, mülki vətəndaşlar arasında ölüm halları qeydə alınmaqdadır. Baş Prokurorluğun məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

Bundan başqa, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yararsız hala düşüb. Təhsil Nazirliyinin məlumatına əsasən düşmən təcavüzü nəticəsində 37 təhsil müəssisəsi dağıntılara məruz qalıb. Belə ki, Tərtərdə 12 məktəb, Ağdamda 11, Gəncədə 5, Füzulidə 4, Goranboyda 3, Bərdədə 1, Ağcabədidə 1 məktəb dağılıb.

Eyni zamanda düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.

https://asanradio.az/photos/497067_1595491642_1595489473392_kLk8Yaeq.jpeg

Qeyd edək ki, Azərbaycan dövləti düşmən atəşi nəticəsində vətəndaşlarına dəyən zərərin aradan qaldırılması, dağıdılmış evlərin bərpası istiqamətində dərhal addımlar atmağa başlayıb. Belə ki, oktyabrın 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Agentliyin və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları Gəncə şəhərində və Bərdə rayonunda Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlarla görüşüb, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəymiş ziyanla yerində tanış olublar.

Kəmaləddin Heydərov: "Zərər ödəniləcək, dağıdılmış obyekt və yaşayış binaları bərpa olunacaq"

Görüşdə məlumat verilib ki, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki əhali, infrastruktur obyektləri, dövlət əmlakı ilə yanaşı, sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib. Hazırda sahibkarlıq subyektlərinə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda isə dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə KOBİA-ya məlumat daxil olub. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarındandır.

Ermənistanın hərbi təxribatından daha çox ailə təsərrüfatlarına (əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar və s.), ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə (yeməkxana, çay evi, kafe, restoran), çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib. KOBİA bəyan edib ki, sahibkarlıq subyektlərinə dəymiş ziyanla bağlı yekun məlumat və görüləcək tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Kəmaləddin Heydərov Gəncədə düşmənin dağıtdığı mülki obyektlərdə – Fotolar

Oktyabrın 13-də fövqəladə hallar naziri Kəmaləddirn Heydərov yaşayış binaları Ermənistanın atdığı raket atəşi ilə dağıdılan Gəncə şəhərində olub. Nazir sakinlərlə söhbət zamanı bildirib ki, dağıdılan bütün evlər dövlət hesabına bərpa olunacaq: “Hadisə olan gündən, həmin gecənin səhərindən bəri bizim bütün qurumlarımız, həmçinin Tikintiyə Nəzarət şöbəsi hadisə yerində araşdırmalar aparır. Onlar nə qədər evin hadisədən zərər çəkdiyini hesablayırlar. Cənab Prezidentin tapşırığıdır ki, bir nəfər də olsun evinə, itirdiyi başqa bir şeyə görə korluq çəkməsin. Onların hamısı bərpa olunacaq. Onların hamısı yenidən sökülüb tikiləcək. Bəzilərinə evlər veriləcəkdir. Vətəndaşlarımız çəkdiyi bütün zərərlər tərəfimizdən bərpa olunacaq. Gəncə camaatının bununla bağlı heç bir narahatlığı olmasın”.

Xatırladaq ki, bu ilin iyulunda Ermənistanın xain hücumuna məruz qalan Tovuz rayonunda da mülki əhalinin evlərin, təsərrüfatlarına dəyən zərər ən qısa müddətdə dövlət hesabına aradan qaldırılıb.

DÜNYA,
“Yeni Müsavat”