Müharibə variantı reallaşır: İrəvanın Dağlıq Qarabağ PLANINA ZƏRBƏ

    9

    İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Təntənəli mərasimdə Ordumuzun ən seçmə birlikləri və arsenala daxil olan müasir hərbi texnikalar, o cümlədən 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu.

    Paradda çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan Silahlı Qüvvələrinin inkişafı ilə bağlı mühüm məqamlara toxundu.

    Hurriyyet.org-un məlumatına görə publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, paradda ən diqqətçəkən məqamın ən müasir silah və texnikanın nümayişi idi.

    Onun sözlərinə görə, paradda müasir silah və texnikanın az bir hissəsi nümayiş olundu:

    “Silah və texnikanın bir çoxu hərbi sirr baxımından geniş ictimaiyyətin qarşısına çıxarılmadı. Buna baxmayaraq, iyunun 26-da keçirilən möhtəşəm paradda bir çox yeniliklərin şahidi olduq. Azərbaycan Prezidenti qeyd etdi ki, Azərbaycan Ordusu bu gün onun qarşısında qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Dövlət başçımız bildirdi, işğal olunmuş torpaqlarımızı tamamilə azad edəcəyik, bayrağımız 2016-cı il aprel döyüşlərində azad edilən Lələ Təpə yüksəkliyi və digər ərazilərdə olduğu kimi, digər işğal altında olan torpaqlarımızda da dalğalanacaq. Ordumuzun indiki gücünə diqqət yetirsək, Prezidentin söylədiklərinin kifayət qədər real olduğu nəzərə çarpır. Ordumuz döyüş qabiliyyəti, əsgər və zabitlərin peşəkarlığı, müasir silahlardan istifadə bacarığı, nizam-imtizam və digər keyfiyyətlərinə görə kifayət qədər yeni ordudur”.

    Politoloq qeyd edib ki, dünənki paradı 2013-cü ildə keçirilən paradla müqayisə etmək mümkün deyil: “Beş il ərzində Azərbaycan Ordusu kifayət qədər güclənib və döyüş qabiliyyətini artırıb. Ordumuz versinAzərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. Yetər ki, Ali Baş Komandan “Vur!” əmrini versin”.

    Müsahibimiz vurğulayıb ki, Azərbaycan Prezidenti paradda çıxışı zamanı İrəvana lazım olan mesajları verib: “Azərbaycan Prezidenti mesajları çox aydın idi: biz münaqişəni sülh yolu ilə həll etməyə hazırıq, amma mənasız və destruktiv təkliflərdən ibarət olan danışıqlara vaxt sərf etməyəcəyik. Ermənistanın yeni hakimiyyəti isə daha destruktiv və ağlabatmayan təkliflərlə çıxış edir. Zənnimcə, danışıqlar prosesi hazırda çətinliklərlə üz-üzədir. Ona görə də sülh danışıqlarının alternativi olan hərbi variant kifayət qədər realdır. Ermənistan, yəqin ki, dünənki paraddan sonra ciddi təşviş içindədir. Erməni politoloqların bugünkü rəylərinə diqqət yetirsək, görərik ki, indiyə kimi Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi iştirakından dəm vuran ermənilər indi susmağa üstünlük verərək ərazi bütövlüyü və Dağlıq Qarabağın statusunun necə həll ediləcəyi məsələlərini müzakirə etməyə başlayıblar. Məlumdur ki, arxasında güclü ordu olan diplomatiya çox şeyə qadirdir. Hesab edirəm ki, Azərbaycan Ordusunun gücünü görən Ermənistan yavaş-yavaş olsa da, haqq yoluna gələcək. Ermənistan müharibəyə hazır deyil və heç bir zaman da hazır olmayacaq. Ermənistanın iqtisadi inkişaf səviyyəsi Azərbaycanın iqtisadi inkişaf səviyyəsindən bir neçə dəfə aşağıdır və heç müqayisə olunmağa layiq deyil. Bu baxımdan, ac və xəzinəsi boş olan Ermənistanın komprimisə getməkdən başqa şansı yoxdur”.