Müharibə şəratində vətəndaş cəmiyyəti

57

Bu gün demək olar ki, Qafqaz regionu ilə bağlı dünyanın bütün güclərinin diqqəti 30 ildir Ermənistanın işğalı altındakı Azərbaycan Respublikasının ərazilərinin işğaldan  azad edilməsi üçün Silahlı Qüvvələrin hərəkətə keçməsinə yönəlibdir. Milli Ordumuz demək olar ki, ermənilərin hərbi birləşmələrinin məskunlaşdığı ərazilərdə döyüşlər apardığı üçün, ölkəmizə düşmən münasibət bəsləyən bütün güclər susmaq zorunda qalıblar. Çünki, Azərbaycan Ordusu dinc əhali ilə deyil, işğalçı ölkənin silahlı quldur dəstələrinə qarşı antiterror əməliyyatlarının aparır. Bütün bunlarla yanaşı, ölkəmizdə vətəndaş sülhünün yaranması, iqtidar-müxalifət münasibətlərinin arxada qalması həm də cəmiyyətdə çox böyük əks-səda doğurub. Durumun belə bir həddə çatması prosesini diqqətlə izləyən və dövlətçiliyimizə qarşı hər zaman çamurlar atmağa hazır olan güclər də bütün bunları görərək heyrət içindədirlər. Onların ağlına ötən əsrin 90-cı illərində baş vermiş “Birinci Qarabağ müharibəsi”nin izləri gəlmişdi. Undurdular ki, Azərbaycan xalqı və dövləti 21-ci əsrin standartları çərçivəsində çoxdan yenilənmiş qaydalarla düşünür və hərəkət edir.

Siyasi nizamsızlıq vətəndaş cəmiyyətinin bəlasıdır

1991-1993-cü illərdə dövlət müstəüqilliyimizi yenicə əldən dönəmdə Ermənistanın da dəstək verdiyi və Sovetlər Birliyi tərəfindən miras qalmış qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” adı altında ölkəmizdə genişmiqyaslı etnik separatizm tüğyan edirdi. Belə bir məqamda Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi cəmiyyətdə çox böyük ruh yüksəkliyi yaratsa da, nəticə etibarlı ilə siyasi baxımdan kövrək durumu yaşamalı olduq. Çünki, ölkənin siyasi palitrasında yer alan partiyalar və vətəndaş cəmiyyəti qarşı-qarşıya idilər. ADP (Azərbaycan Demokrat Partiyası), Birlik, Türkün Dünyasının Birliyi, Yeni Turan, Dirçəliş və sair partiyalar AXC iqtidarının kövrəkliyini və ölkədə baş verən müharibə şəraitini nəzərə alaraq ictimai və siyasi sabitliyin qorunması naminə mövcud hakimiyyətə qarşı hər hansı radikal addımlar atmadılar. Ancaq, bununla yanaşı, AMİP (Azərbaycan Milli İstiqlal Partiyası), Milli Qurtuluş, AİP (Azərbaycan İslam Partiyası), ASDP (Azərbaycan Sosial Demokrat Pariyası) və b. siyasi partiyalar, vətəndaş cəmiyyəti quruluşları müharibə şəraitini nəzərə almayaraq hakimiyyətin necə çökdürülməsi planları çərçivəsində addım atırdılar. ASDP hətta daha uzağa gedərək, “erməni separatizmi”nə dəstək olaraq öz sıralarından qopmuş Hilal Məmmədovun liderliyi altında “Talış Xalq Partiyası” və Fəxrəddin Aydəmirovun rəhbərliyi ilə “Ləzgi Xalq Partiyası”nın yaradılmasını təmin etdi. Bu iki separatizmi təbliğ edən partiyaya dəstək üçün ASDP özünə məxsus “İstiqlal” qəzetində geniş meydan vermişdi. Beləliklə də antihökumət koalisiyası yaratmaqla Qarabağ uğrunda gedən ölüm-qalım savaşlarında problemlər daha da dərinləşirdi. AMİP həm də Milli Məclisdə təmsil olunan deputatlarının vasitəsilə hakimiyyətə qarşı daha sərt mövqe nümayiş etdirirdi. Müharibə şəraitində arxa cəbhənin, yəni vətəndaş cəmiyyətinin bu qədər qarşıdurmalarla üz-üzə qalması nəticəsində ermənilərin işğalçılıq siyasətinin coğrafi hüdudları da genişlənirdi. Digər yandan isə, beynəlxalq birlik də dolayı yolla ermənilərə genişmiqyaslı dəstək verdi. Çünki, onları susdurmaq və ya müharibədə qələbələr əldə etmək üçün, Azərbaycanın daxilində vətəndaş cəmiyyətinin birliyi yox dərəcəsində idi. Belə bir faciənin nəticəsində 1993-cü ildə Azərbaycanın 25 faizdən çox əraziləri işğal olundu və 1 milyona yaxın vətəndaşımız doğma torpaqlarından  məcburi köçkün və qaçqın durumuna düşdü. Onların azından sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövləti hər il yüzmilyonlarla vəsait xərcləməli oldu. Halbuki, həmin vəsaitlə indiyə kimi ərazisi və coğrafi mövqeyinə görə azından beş dəfə Azərbaycan inşa etmək olardı.

2020-ci il Qarabağ müharibəsinin uğurları

30 illik fasilədən sonra, bu dəfə Azərbaycan Respublikası işğal altındakı ərazilərinin azadlığı uğrunda ayağa qalxdı. Bu dəfə müzəffər ordumuz ildırım sürətli hərbi taktika ilə hərəkət etməkdə heç bir çətinlik çəkmədi. Çünki, ölkədə hakimiyyət və müxalifət bir araya gələrək vətəndaş sülhünün qorunmasında çox ciddi addımlar atdılar. Bunu isbat edən ən böyük faktor isə, 50 siyasi partiyanın yaydığı və ölkə prezidenti İlham Əliyevə ünvanladığı birgə bəyanat oldu. Bunun ardınca bütün TV kanallarda, saytlar və qəzetlərdə, eləcə də internet tv-lərdə müxalifət və iqtidarın nümayəndələri birlikdə müxtəlif yönlərdən açıqlamalar verdilər. Belə bir vətəndaş sülhünün yaranması təbii olaraq cəmiyyətdə ictimai düşüncəyə çox böyük kiqyasda öz təsirini göstərdi. Ona görə də, Milli Ordumuz arxayın şəkildə daim irəli getmək, əldə olunan uğurlara yeni uğurları əlavə etmək üçün hərəkət etdi. Çünki, arxa cəbhədə vətəndaş sülhü hökm sürür. Siyasi partiyların ardınca faktiki olaraq, bütün vətəndaş cəmiyyəti təşkilatları və QHT-lər də dövlətə dəstək vermək üçün ayağa qalxdılar. Beləliklə genişmiqyaslı sülhün əldə olunması vətəndaş cəmiyyətinin güclənməsinə təkan verdi. Dünyanın əksər dövlətləri ən qısa zaman kəsimində Azərbaycanda milli birliyin nə qədər böyük coşqularla qarşılandığından heyrətə gəlmişdilər. Onlar Azərbaycan xalqının genetik baxımdan qan yaddaşının hansı əmsalda gücə malik olduğunu hesablamaqda bizə görə dəqiq hesablaya bilməmişdilər. 21gün ərzində işğal olunmuş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının, eləcə də Ağdərə rayonunun yarısını işğalçı qüvvələrdən azad etməyin özü belə, indinin özündə möcüzədir. Azərbaycan əsgərinin müzəffər addımı və qələbəni yüzfaizlik əmsalla əldə etməsi müasir hərb tarixində çox çətindir. Özü də 70 illik əsarətdən yenicə qurtulan bir dövlət üçün çox böyük nailiyyət sayılır. Demək olar ki, xalqımız və cəmiyyət hər gün Milli Ordumuzdan hər gün yeni qəbələlər əldə etməsini həsrətlə gözləyir. Psixoloji, ictimai və sosioloji baxımdan belə bir yanaşım tərzi artıq cəmiyyətimiz üçün yeni düşüncə mərhələsidir. Ordumuzda şəhid olan və ya yaralanan insanların problemlərini nəzərə alaraq, kimsə cəmiyyətdə intriqalarla dolu həyəcanları yarada bilmir. Çünki, hər kəs yaxşıca dərk edir ki, bu müqəddəs yolda ölüm-itim də var. Vətənin ərazi bütövlüyü uğrunda şəhid və ya qazi olmaq ən böyük şərəfdir. Ölkə prezidenti İlham Əliyevin beynəlxalq güclərə verdiyi mesajda: “Düşmənin, yəni işğalçı Ermənistanın son əsgərinin Azərbaycandan çıxana qədər bu mübarizə davam edəcəkdir” deməsi cəmiyyətdə çox böyük ruh yüksəkliyi yaradıbdır.
Ermənistanın ordusunun və bir sıra Yaxın Şərq ölkələrindən gətirilmiş muzdulularla döyüşlərdə Azərbaycan Milli Ordusunun mobil qüvvələrinin onları darmadağın etməsi istiqamətində bəlkə də ən böyük nailiyyət arxa cəbhənin etibarlı olmasıdır. Ona görə ki, arxa cəbhə etibarlı olanda səngərdə düşmənlə döyüşmək də çox asan olur.

Bir ordu, bir millət

Qədim türk döyüş sənətinin başlıca sirri “Bir ordu, bir millət” hərbi-siyasi anlayışla müşahidə olunurdu. Elə bu məntiqlə istənilən döyüşlərdə asanlıqla uğurlar əldə edir, özünün coğrafi hüdudları çərçivəsində sülh və əmin-amanlıqla həyat tərzinin bütün dəyərlərini yaşada bilirdi. Azərbaycanın hərb tarixində bu istiqamətdə minlərlə faktlar mövcuddur. Atropat, Maday, İşquz, Manna, Alban, Maskut, Xəzər, Atabəylər, Sacilər, Salaroğluları, Səlcuqlu, Elxanlı, Salqurlu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Afşarlar və Qacarlar dövlətlərinin əzəməti məhz bu amillə bağlıdır. Ona görə də bu dövlətlər Azərbaycanın milli tarixində hər birimizin qürur mənbəyidir. Bir ordu, bir millət hərbi taktikasının əsil sirri xalqın döyüşən və ya döyüşə qatılmayan kəsiminin tək amacı milli bütünlüyü ön cəbhədə və arxa cəbhədə qorumaq olmuşdur. Arxa cəbhənin əsas işi ön cəbhəni silah-sursatla təmin etməklə yanaşı, həm də döyüş zamanı yaralanmış hərbçiləri dərhal müalicə etmək, orduya əlavə qüvvələrin hazırlığını təmin etmək və s. olmuşdur. Ön cəbhənin işi isə, ancaq, qarşı tərəfdəki düşməni ən azından neytral vəziyyətə salmaq, ya da onları tamamilə darmadağın etmək olmuşdur. Bizə bəllidirdir ki, Azərbaycan 1828-ci ildə Çarlıq Rusiyasına ilhaq edildikdən sonra, xalqın hərbi nizam düşüncə tərzinin tədricən unutdurulması siyasəti yürüdülübdür. Azərbaycan xalqının gəncləri hərbi xidmətə çağrılmazdılar. Onların ailəsindən əsgəri xidmətə getmədiyinə görə xüsusi qaydada onlardan “töycü” alınırdı. Çox nasir hallarda bizim xalqın oğullarına etibar olunurdu. 1920-ci ildə Sovetlər Birliyi qurulan zaman əsgəri xidmətə çağrılan gənclərimizin çoxu “inşaat alayları”nda iki il xidmət edirdilər. Hər iki halda əsas məqsəd bizim xalqın əlində silah tuta bilməməsi siyasəti yürüdülübdür. Ona görə də, “Birinci Qarabağ müharibəsi” başlayanda xalqımızın peşəkar ordu quruculuğunda yetərincə kadrları yox idi. Hamı könüllü olaraq vicdanının səsinə görə döyüşürdü. Bu ağır və dəhşət saçan müharibənin ağırlıqlarını 30 il çiynimizdə məhz buna görə daşımalı olduq. İndi budur, bir ordu, bir millət anlayışı yenidən xalqımızın və dövlətimizin aparıcı hədəflərindən birinə çevrilibdir. Çünki, dövlət quruculuğu ilə bağlı görülən işlərdən biri də məhz ordu quruculuğu olmuşdur. Bu gün ermənilərin işğalçı hərbi birləşmələrinin ağır məğlubiyyətə uğramasının səbəbi də budur. Bizim ordumuz döyüş qabiliyyətinə və hərbi istedadına görə demək olar ki, ermənilərdən qat-qat üstün olduğunu son 25 gündə bir daha təsdiq etdi. Artıq bizim əldə etdiyimiz qələbələri gözdən salmaq üçün xarixdəki beynəlxalq təşkilatlar və böuük dövlətlərin son çağırışları Azərbaycan ordusunun təcili olaraq müharibəni dayandırması tələbi olmuşdur. Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan ölkəmizin və xalqımızın milli iradəsini nəzərə alaraq belə demişdir: “Ermənilərlə sülh danışıqları üçün 30 il gözləyəsi deyilik. Onlar Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxmalı və bunu bütün dünyaya nümayiş etdirməlidirlər. Əks təqdirdə, biz gərəkən addımları atacağıq”.

“Hürriyyət”