Müharibə şəraitində vətəndaş cəmiyyətinin üstünlükləri

168

“Hürriyyət” qəzeti olaraq, son ayyarımda ölkəmizdəki ictimai, siyasi və sosial mühiti nəzərə alaraq, hərbi vətənpərvərlik mövzusunu qabartmağımız yaşanılan prosesdə “şorbada bizim də duzumuz olsun” deyə qəti addımlar atırıq. Azərbaycan noyabrın 10-da imzalanan üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) bəyanatədək Qarabağ və onun ətraf bölgələrində Ermənistanın işğalçı ordusunu təmizləmək üçün gecə-gündüz bilmədən mücadilə apardı. Müzəffər Ordumuz ildırım sürəti ilə qələbələr ədə edərək, 300-yə yaxın yaşayış məskənimizi qısa bir zaman içində düşmənlərdən tamamilə azad edib. Bütün bunlar dövlət və cəmiyyətin uzlaşması, Milli Ordumuza dəstək qismində atılan addımlar ən qürurverici proseslərdən biridir. Xüsusilə Milli Orduda vətənpərvərlik tərbiyəsinin yüksək səviyədə olması bütün uğurlarımızın açarı rolunu oynamaqdadır.

Vətənpərvərlik hər bir əsgərimizin dövlətimiz qarşısında milli borcu deməkdir

Müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir. Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan Azərbaycan Ordusunda gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.
Azərbaycan gənc nəslinin nümayəndələri olan Azərbaycan Ordusunun əsgərləri həm də xalqın əsrlər boyu əldə edilmiş hərbi ənənələrini də, milli hərbi vətənpərvərlik ruhunu da hərbi kollektivlərdə yaşadır.

Gənclər siyasətinin uğurlu cığırları

Azərbaycanda gənclər siyasətinin əsasında layiqli vətəndaş və sağlam nəslin formalaşdırılması dayanır. Pezident İlham Əəliyev müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin formalaşmasını qürur hissi ilə vurğulayaraq demişdir: “Məni hədsiz dərəcədə sevindirən Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
Vətənpərvərlik emosiya və hisslərlə bağlı olduğundan bu hisslərin tərbiyəsi hər bir dövlət üçün vacib məsələyə çevrilir. Müasir modernləşmə və qloballaşma şəraitində vətənpərvərlik hissinin çoxsaylı fərqli xüsusiyyətləri meydana çıxır. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində vətənpərvərlik müəyyən mənada başqa mahiyyət daşıyırdı. Azərbaycanın ağır və təlatümlü dövründə dövlətçilik məfkurəsi (ideologiyası) hər bir vətəndaşın fikir müxtəlifliyindən daha vacibdir ideyası indi də cəmiyyətin qəbul etdiyi konspetual yanaşım sistemidir.  Vətənpərvərlik hissinin yeni ideya ətrafında tərbiyə olunması məsələsi də məhz belə bir amilə söykənərək zərurətə çevrilir. Ölkəmizdə yaşayan xalqlar, etnik qruplar və müxtəlif dini etiqadlıları vahid ideallar ətrafında birləşdirən və Azərbaycan Respublikasının vətəndaşı kimi hamını ölkənin ərazi bütövlüyünün qorunmasına səfərbər edən bu ideologiya hər bir vətəndaşın ideologiyası deməkdir. Bu gün fəxarətlə demək olar ki, Azərbaycan xalqını milli birliyə səsləyən azərbaycançılıq ideologiyası var və bu ideologiyanın əsasını Azərbaycan Respublikası vətəndaşlarının milli vətənpərvərliyi təşkil edir.


Hazırda Azərbaycan Ordusunda azərbaycançılıq ideologiyasının təşviqi gənc hərbi qulluqçularda milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılması istiqamətində bir sıra təşkilati tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə “Azərbaycan Ordusunda azərbaycançılıq ideologiyasının təşviqi və tətbiqi haqqında Əsasnamə” və “Azərbaycan Ordusunda gənclərlə hərbi vətənpərvərlik işinin təşkil edilməsi haqqında” Təlimat hazırlanmışdır. Azərbaycançılıq ideologiyasının təşviqi və tətbiqinin gənclərdə hərbi vətənpərvərlik işinin təşkil edilməsində respublikada gənclər təşkilatlarının rolunun danılmaz olduğunu nəzərə alaraq Azərbaycan Ordusu da belə gənclər təşkilatlarının birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil və tikinti müəssisələrində yaradılmasını qarşısında məqsəd qoyubdur. Azərbaycan Ordusunda Gənclər təşkilatını təmsil edən Gənclər Birliyinin yaradılması artıq günün tələbidir.

Dövlət quruculuğu strategiyasının təməl prinsipi

Azərbaycanda dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.


“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl etmək də əsl vətəndaşlıqdır. Dövlət sirri təşkil edən hərbi sahələ bağlı məlumatların kütləvi informasiya vasitələrində, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması qəbuledilməzdir. Bu halların qarşısını almaq, təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək mühafizələrinə xüsusi əhəmiyyət kəsb edən obyektlərin və hərbi hissələrin yerləşmə yerləri, strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətin sayı barədə məlumatların məxfi saxlanılması dövlət əhəmiyyətli bir məsələdir. İnformasiya təhlükəsizliyinin təmin edilməsinin şərtləri və informasiyanın konfidensiallığının təmin edilməsi məsələsi çox vacibdir. İnformasiya resurslarından istifadə edən hər bir hərbi qulluqçu hissə və bölmələrə aid olan informasiyanın konfidensiallığını (gizliliyini) qorumaq üçün məsuliyyətlərini dərk etməli, bu hallara yol verənlərə qarşı amansız olmalı və öz vətəndaşlıq mövqelərini ortaya qoymalıdırlar.
Dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Həmçinin hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri hərbi hissələrdə keçirilən tədbirlər və kütləvi informasiya vasitələri üçün hazırlanan materialların qabaqcadan Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə razılaşdırılmasını təşkil etməlidirlər.

Mənəvi-psixoloji qələbəyə gedilən yol

Dövlətin təhlükəsizliyinin təmin olunmasında onun hər bir vətəndaşının rolu vacibdir.
Ona görə də hər bir vətəndaşın, əsasən cəbhəboyu zonada yaşayan vətəndaşların dövlət sirri təşkil edən məlumatları yayan, dövlət sirri təşkil edən məlumatları xarici dövlətə, xarici təşkilata və onların nümayəndələrinə verən, yaxud vermək məqsədi ilə oğurlayan, toplayan və ya saxlayan şəxslər barədə yaxınlıqdakı hərbi hissələrə, yerli hüquq mühafizə orqanlarına və təhlükəsizlik orqanına məlumat vermək müqəddəs borcudur. Vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədyönlü və sistemli iş aparılmalıdır. Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli mədəniyyətə və tarixi ənənələrə bağlılığında, ölkənin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın düşmən işğalından azad edilməsi naminə çalışmaq üçün gənc hərbi qulluqçuların müəyyən hərbi ixtisasa sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, hərbi xidmətdə yoldaşlarına nümunə olması  və Vətənin keşikçisi adını uca tutması çox vacibdir. Vətəni sevmək, ərazi bütövlüyünü, maddi və mənəvi sərvətlərini düşmənlərdən qorumaq, iqtisadi və hərbi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək düşmən təxribatlarının qarşını almaq hər bir Azərbaycan vətəndaşı kimi hamının müqəddəs borcudur.
Son illər şəxsən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi qulluqçuların sosial şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə sistemli tədbirlər yüksək templə həyata keçirilməkdə davam etdirilir. Azərbaycan Ordusunun gündən-günə güclənməsi, yeni müasir silahlarla təchiz edilməsi, təlimlərdə yüksək döyüş hazırlığı göstərməsi, ölkəmizin hərbi qüdrətinin dünyada artması və Qarabağ probleminin həlli məsələsində təşəbbüsü ələ alması Ermənistanı və havadarlarını daha çox narahat etməyə başlamışdır. Ordunun döyüş və mənəvi-psixoloji hazırlığı, xalq və ordu vəhdəti işğal altında olan torpaqlarımızın azad olmasına yaxınlaşdırır. Azərbaycan Ordusunun gücünü onun xalqına, dövlətinə sədaqəti və Vətəninə sevgisi təşkil edir.

“Hürriyyət”