“Müharibə milli birliyimizi nümayiş etdirdi”

768

Rza Zeyni: “Düzdür, müharibəni qazanmışıq, amma informasiya müharibəsi hələ də davam edir

Bundan sonra da Azərbaycan ancaq belə zəfərlərlə yaddaşlarda qalacaq

“Azərbaycanla Naxçıvan arasında quru yolunun olması bizə çox şeyi vəd edir”

“Mən, azərbaycanlı olaraq, burda heç kimi tək qoya bilmərəm. Fransada birlik baxımından heç bir problemimiz yoxdur. Təbii ki, yaxın gələcək də Fransada yaşayan azərbaycanlılarla birlikdə, öz təşəbbüsümüzlə Azərbaycan evini yaradacayıq”.

Bunu “Hürriyyət”ə müsahibəsində Fransada yaşayan Azərbaycan diasporasının nümayəndəsi, Fransa Azərbaycanlıları Birliyinin sədri, iş adamı Rza Zeyni deyib. O, 44 günlük müharibənin soydaşlarımızı daha da birləşdirdiyini bildirib:

– Rza bəy, ilk olaraq ordumuzun, dövlətimizin əldə etdiyi qələbə ilə bağlı düşüncənizi bilmək istərdik…     

– Ordumuzun və dövlətimizin qələbəsini böyük sevinclə qarşılayırıq. Xoşbəxtik ki, 28 ildən sonra qalibiyyətin və zəfərin nə olduğunu millət olaraq hiss elədik. Bundan əlavə, Fransada yaşayan azərbaycanlılar olaraq, hər il erməni aqressiyasını və Azərbaycan xalqına törədilən  erməni vəhşiliklərini Fransa mediasına və ictimaiyyətinə çatdırmaq üçün mitinqlər təşkil edirdik. Onlara, Azərbaycanın carçısı olaraq bu xəbərləri çatdırırdıq. Eyni zamanda, erməni vandallığını və Azərbaycan ərazilərinin işğalını dünyaya çatdırırıq. 10 noyabrdan sonra, bir daha fransızlara bu xəbəri işğal olunmuş ölkə kimi çatırmayacağıq. Artıq buna gərək də qalmayacaq.

Təbii ki, Azərbaycan həqiqətlərini, tarixən olmuş və keçmiş qanlı hadisələri unutmamalıyıq. Həmişə ehtiyatı saxlamalıyıq. Düzdür, müharibəni qazanmışıq. Amma informasiya müharibəsi hələ də davam edə bilər. Biz də bunun qarşılığını verməliyik.

– Bu zəfəri sadəcə son illərin deyil, son əsrlərin ən böyük qalibiyyəti kimi təqdim edirlər. Siz bu haqda nə düşünürsünüz?

– Bəli, tamamilə mümkündür. Ona görə ki, biz yüz illərdir torpaq itkiləriylə tarixə düşmüşük. Şükürlər olsun ki, bu günləri Azərbaycan ordusu böyük sərkərdəmiz, cənab Prezidentimiz  İlham Əliyevin tapşırığı, göstərişi və düşünülmüş strategiyası ilə dörd ilə itirdiyimiz tarixi torpaqlarımızı qısa müddət ərzində, cəmi 44 günə yenidən Azərbaycan xalqına qaytardıq. O torpaqların hər biri bizimdir və biz o torpaqlara qayıdacağıq. Həqiqətən də böyük zəfərdir və tarixi günləri yaşayırıq. Bundan sonra da Azərbaycan ancaq belə zəfərlərlə yaddaşlarda qalacaq.

– Sənəddə Naxçıvanla quru əlaqəsinin təmin edilməsi də öz əksini tapıb. Sizcə, Naxçıvanla quru əlaqəsinin təmin olunması Azərbaycanın və regionun gələcəyinə nə vəd edir?

– Bu sualınıza tam səmimi cavab verəcəm. Azərbaycanla Naxçıvan arasında quru yolunun olması bizə çox şeyi vəd edir. Ən əsası da bu yolla Azərbaycan böyük bir tranzit ölkəsinə çevrilir. Üç ay bundan əvvəl Naxçıvandaydım. Orda olan zaman bir arzum var idi. Düşünürdüm ki, Azərbaycan Naxçıvanla quru yoluyla birləşsə, bizim birbaşa Türkiyəylə sərhədimiz yaranır. Düzdür, Naxçıvanla Türkiyə arasında sərhəd var. Amma bu yol vasitəsilə Azərbaycanla Türkiyə arasında da sərhəd bərpa olunacaq. Azərbaycanın turizmi, yükdaşımaları birbaşa torpağımızdan keçib, Türkiyəyə gedir. Türkiyə də Avropanın qapısıdır. Mən maşınımla səyahət etməyi çox sevirəm. Həmişə Naxçıvanda dayanıb, ya İran, ya da Gürcüstandan keçməyə məcbur idim. Bu böyük uğurdur. Ona görə ki, biz qısa müddət ərzində, quru yoluyla Naxçıvana keçə biləcəyik. Mən bunu böyük uğur kimi qəbul edirəm.

– Azərbaycandan kənarda milli dəyərlərlə övlad tərbiyə etmək çətindirmi?

– Həqiqətən də çətindir. Amma vətənpərvər insan üçün… Ürəyi vətənlə döyünən insan üçün hədsiz çətindir. Biz adətlərimizi və milli dəyərlərimizi unutmamalıyıq. Babalarımız, valideynlərimiz bunu bizə öyrədib və miras olaraq qoyub. Bizim də valideyn olaraq vəzifəmiz bütün bunları övladlarımıza aşılamaqdır. Düzdür, çətindir. Amma şərəflidir. Məhz Azərbaycanın adət-ənənələrini yaşatmaq naminə edirik. Bu genetik mirasdır ki, bunu övladlarımıza aşılayırıq. Adətlərimizi unutmamaları üçün aşılayırıq. Düşünürəm ki, düzgün yol da elə budur.

– Fransada nə qədər azərbaycanlı var?

– Fransda azərbaycanlılar təxminən on mindən bir az çoxdur. Çox təəssüf ki, hələ ki, Fransada azərbaycanlılar kompakt şəkildə yaşamırlar. Orda ən böyük Azərbaycan diasporası Nant şəhərində yerləşir. Bildiyiniz kimi, orda təxminən 500-600 azərbaycanlı ailə yaşayır. Amma başqa böyük şəhərlərdə azərbaycanlılar kompakt şəkildə yaşamırlar. Əsasən, səpələnmiş formada yaşayırlar. Əslində, səpələnmiş formada yaşamağımız bizə zəiflik gətirir. Fransada azərbaycanlıların sayı on mindən çox olsa da, biz 200-300 nəfəri bir yerə yığa bilmirik. Çünki azərbaycanlıların yaşadıqları ərazilərin məsafələri böyükdür. Fransa kiçik dövlət deyil. Yəni Strasburqdan Parisə mitinqə gəlmək üçün 500 km yol qət etməlisən. Ölkə böyük olduğuna görə, azərbaycanlılar da hərəsi bir yerdə məskunlaşıblar. Hərəsi öz həyatını bir şəhərə həsr edib və orda yaşayır. Bu kimi çətinliklərimiz var. Ermənilər isə konkret olaraq müəyyən şəhərlərdə kompakt şəkildə yaşayırlar.

– Azərbaycanlılar Fransanın siyasi-ictimai həyatında hansı səviyyədə təmsil olunur?

– Fransada azərbaycanlılarımız məhz bu sahədə azdır, hətta demək olar ki, yoxdur. Fransanın ictimai-siyasi məsələlərində yüksək səviyyəli fəallığımız yoxdur. Çox zəifdir. Düşünürəm ki, gələcək illərdə bu sahədə fəallıq və birlik nümayiş etdirməliyik.  Çünki müharibə bizə milli birliyi öyrətdi. Birlikdə bir gücə çevrilib, iş görmək olar.

– Azərbaycanlıların ölkə həyatında aktiv iştirakı üçün nə edə bilirsiniz?

– Mən soydaşlarımıza tam olaraq dəstək oluram. Diasporamızın aktiv həyatında iştirak edirəm. Fransada keçirilən tədbirlərin 99 faizində iştirak etmişəm. Aktiv sosial fəaliyyətimə 18 yaşımdan başlamışam. 25-26 yaşımdan isə iş həyatımı qurmağa başlamışam. Fransada yaşadığım müddət ərzində hansı azərbaycanlını mənə yönəldiblərsə, onları darda qoymamışam. İmkanım daxilində istər maddi, istərsə də mənəvi   dəstəyimi göstərmişəm. Mən, azərbaycanlı olaraq, burda heç kimi tək qoya bilmərəm. Fransada birlik baxımından heç bir problemimiz yoxdur. Təbii ki, yaxın gələcək də Fransada yaşayan azərbaycanlılarla birlikdə, öz təşəbbüsümüzlə Azərbaycan evini yaradacayıq. Quracağımız mədəniyyət evinə ümumilikdə azərbaycanlılar gəlib, orda dərdləşib və gələcək işlərlə bağlı planlar cızacaqlar. Hazırda belə mərkəz yoxdur. Mən nəyi etmək istəyirəmsə, yalnız Azərbaycan naminə etmək istəyirəm. Görəcəyim işlərlə bağlı heç bir təmənnam olmayıb. Bunu Diaspora Komitəsi də yaxşı bilir. Bundan sonra da gücümü Azərbaycanlıların birliyinə həsr edəcəm. Bu birlik sabah ki, işlərimizi görmək üçün baza olmalıdır. Birlik olmasa iş görmək də çətindir. Bundan əlavə, birlik olmadığı təqdirdə, gələcək işlərdə heç kim aktivlik göstərmək istəmir.

– Azərbaycanlıların Fransada hansı təşkilatları var?

– Fransada azərbaycanlıların təşkilatları çox da deyil. Bildiyim qədəri ilə təxminən 7-8 təşkilat fəaliyyət göstərir. Mirvari Fətəliyevanın, Aytən Muradovanın təşkilatları fəaliyyətdədir. Eyni zamanda, təzəlikcə azərbaycanlı alimlərin asosassiyası yaradılıb. Bu təşkilatı Fransada təhsil alıb fəaliyyət göstərən azərbaycanlı alimlər yaradıb. Burda təxminən 15-16 alim fəaliyyətdəir. Bundan əlavə, Strasburq və Nan şəhərlərində də azərbaycan təşkilatları yaradılıb. Biz özümüz Fransa azərbaycanlıları birliyi təşkilatını yaratmışıq. Bu təşkilatı özüm yaratmışam. Təşkilatda üzv çox deyil. Mən əsas çoxluğa deyil, effektiv və səmərəli işə önəm verirəm.

– Fransada azərbaycanlıların milli kimliyini, adət-ənənəsini unutmaması üçün hansısa işlər aparılır? Məsələn, bizim dilimizdə məktəblər var?

(Ardı var)

Söhbətləşdi: YƏHYA

*******************

 

– Belə bir məktəb Mədəniyyət Evinin balansında açılıb. Bura Mirvari Fətəliyevanın Asosassiyası rəhbərlik edirdi. Mən Parisdənki məktəbdən danışıram. Amma, Nan şəhərində “Qarabağ”məkəbimiz fəaliyyət göstərir. “Qarabağ” məktəbi Heydər Əliyev fondunun təşəbbüsü ilə açılıb və dövlətin dəstəyi var. Hazırda da bu məktəb fəaliyyət göstərir. Amma, Paris şəhərində Mədəniyyət Evinin balansındakı məktəbdə 7-8 uşaq ana dilini öyrənir. Ümumilikdə, Parisdə yaşayan uşaqlar o məktəbə gedə bilmir. Çünki, uşaqların məktəbə getməsi üçün nəqliyyat vasitəsi yoxdur. Mənfur düşmənlərimiz bunun üçün nəqliyyat vasitəsindən istifadə edir. Onlar nəqliyyat vasitəsi ilə qapı-qapı erməni uşaqlarını götürüb, təhsil ocağına aparır. Günün sonunda isə həmin nəqliyyat vasitəsilə uşaqlar yenidən evinə aparılır. Belə bir nəqliyyat vasitəsi bizdə də təşkil edilməlidir. Ümid edirəm ki, gələcəkdə bu məsələ də öz həllini tapacaq. Səfirliklə bu məsələni qaldırmağa hazırıq.

– Necə düşünürsünüz uğurlu nəticə üçün Fransadakı təşkilatlarımızın koordinasiyalı çalışmasının rolu varmı? Bu koordinasiyalı çalışma təmin olunurmu?

– Koordinasiyalı fəaliyyət yeni başlayıb. Diaspora Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə tətbiq edilmiş yeni üsuldur. Pandemiya olmamışdan əvvəl bununla bağlı danışıqlarımız olub. Bununla bağlı Komitə sədrinə də bildirmişik. Lakin, pandemiyayla bağlı bununla bağlı işlərimiz bir qədər səngiyib. Bu da normal haldır. Təbii ki, Fransadakı təşkilatlarımızın koordinasiyalı çalışmasıyla bağlı görülən işlər gələcəkdə effektini verəcək. Biz, Komitənin üstünə çox gedə də bilmərik. Zamanla bütün məsələlər öz həllini tapacaq.

– Bilirik ki, Avropanın müxtəlif ölkələrində Azərbaycan evləri fəaliyyət göstərir. Fransadakı Azərbaycan evinin ölkəmizin təbliğindəki rolunu necə dəyərləndirisiniz?

– Bizim Fransadakı Mədəniyyət evimiz, Azərbaycan səfirliyindən sonra ikinci dövlət evidir. Yəni ki, rəsmi fəaliyyət göstərən yerdir. Təbii ki, mənim kimi təşkilat rəhbərlərinin hansısa fikir və ideyası varsa və yaxud sərgi keçirmək istəyiriksə, biz heç vaxt yox cavabı almamışıq. Tədbirlərimiz olan zaman təklifimizi vermişik və Səfirlik də öz dəstəyini göstərib. Amma, ora ciddi yer olduğuna görə, azərbaycanlıların əksəriyyəti ora getmir. Bəziləri düşünürlər ki, onlar ora sığınacaq almağa gediblər. Bu baxımdan, Azərbaycan səfirliyinə və Mədəniyyət Evinə getməkdən çəkinirlər. Soydaşlarımız bilməlidirlər ki, Azərbaycan səfirliyi və Mədəniyyət evi onların xidmətindədir. Eyni zamanda, biz Fransada Azərbaycan naminə təşkilat qurmuşuqsa, onların xidmətindəyik. Azərbaycanın birliyi naminə çalışmaq istəyiriksə, özümüz də millətin xidmətində durmalıyıq. Fikrimcə, öz imkanlarımız hesabına müəyyən bir yeri icarəyə götürüb, orda Azərbaycan Evi altında fəaliyyət göstərməliyik.

– Sizcə Dövlət Diaspora Komitəsi tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində hansı addımlar atılırmı?

– Əlbəttə ki, addımlar atılır. Heç bir azərbaycanlı Fransada müdafiəsiz deyil. Bununla bağlı Səfirliyimiz güclü rejimdə işləyir. Eyni zamanda, məsləhətlərini əsirgəmir və müxtəlif istiqamətlərdə dəstək göstərirlər. Uzağa getməyək…Pandemiya vaxtı Fransada təhsil alan bir sıra tələbələrimizə və çətinlikdə olan ailələrə Azərbaycan dövləti tərəfindən birbaşa maddi yardım olunub. Diaspora Komitəsi də öz dəstəyini əsirgəməyib. Bu cür işləri danmaq olmaz. Danılmaz faktdır ki, dövlətimiz hər bir azərbaycanlının arxasında bütün imkanları daxilində mənəvi dəstəkdir.

– Xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə aktiv iştirakını təmin etmək də bu gün aktual mövzulardan biridir. Bununla əlaqədar mövcud mənzərə necədir?

– Fransada fəaliyyət göstərən ən güclü yəhudi icmaları var. Hazırda güclü lobbi onlardadır. Reallığa baxsaq, bu gün erməni lobbisini keçəcək bir gücdə də deyilik. Çünki, azərbaycanlılar Fransaya 20 ildir ki gəlib, ermənilər isə 100 ildir ki, orda yaşayır. Bundan əlavə, say olaraq onlar çoxdur, biz isə azıq. Əslində, məsələnin həlli yolları var. Necə ki, Azərbaycan dövlətinin İrsaillə dostluq əlaqələri varsa, biz də Fransada yaşayan azərbaycanlılar olaraq, ordakı yəhudilərlə əlaqələrimiz olmalıdır. Amma, biz bu əlaqələri daha da gücləndirməliyik. Fransanın daxili və xarici siyasətində formalaşmalıyıq. Formalaşandan sonra, müəyyən uğurlar əldə edə bilərik. Bu işdə də bizə yəhudi lobbisi öz dəstəyini göstərə bilər.

– Erməni lobbisinə qarşı mübarizəyə də toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz?

– Fransada yaşayan azərbaycanlılar qanuni çərçivədə və bütün hüquqi məsələlərdə öz haqlarını tələb edir. Başda Səfirliyimiz olmaqla, hər bir soydaşımız bunu edir. Ermənilərin Fransada çox böyük təsir gücü olduğu məlum məsələdir. Bizim onlarla və onların dilində danışmağa gücümüz yoxdur. Sadecə olaraq, bizi Fransada ancaq qanun qoruya bilər. Təbii ki, haqlı mövqedə durmuşuqsa…Heç bir halda ermənilərin çirkin əməllərinə getmək məsləhət deyil. Müharibə başlayan ərəfədə gecə-gündüz məcbur olub, onlara sosial şəbəkələrdə cavab verirdim. Mən Azərbaycanın haqlı mövqeyini deyirdim. Onlar söhbəti dəyişib “erməni soqyrımı”nı qəbul etmirsən?” deyə sual verirlər. Əgər, sən desən ki, “bəli, mən qəbul etmirəm”, buna görə cəza düşür. Fransada rəsmi olaraq bununla bağlı qanun qəbul edilib. Əgər, qəbul etmədiyini bildirsən, rəsmi olaraq cinayət işi açıla bilər. Təbii ki, bu da ikili standartların nəticəsidir. Bir tərəfdən Fransa söz azadlığından danışır, digər tərəfdən isə ikili standartları sərgiləyir. Nəzərə almaq lazımdır ki, Fransada biz azıq, ermənilər isə çoxluq təşkil edir. Onlar hər fürsətdə biz zəiflətməyə çalışır. Eyni zamanda, bizi bilərkdən Fransada başımızı tirubunallara sala bilərlər…Demək olar ki, soydaşlarımıza qarşı bu cür təxribatları dəfələrlə törədiblər. Bir çox soydaşımız Fransa tirubunallarında cavab verməli olub. Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva hələ də bu cür problemlərlə üz-üzədir. Halbuki, Mirvari xanım parlamentdə döyülmüşdü. Bununla bağlı Fransa qanunlarına uyğun hansısa addımlar atıldımı?…Əksinə, məsələ ört-basdır olundu. Ona görə də, əvvəlcə biz müxtəlif istiqamətlərdə güclənməliyik. Necə ki, cənab Prezident 30 ildir danışıqlar yolu ilə danışsa da, ordumuzu və iqtisadiyyatı  gücləndirib. Eləcə də biz…Bu o damək deyil ki, biz ömür boyu bunlarla danışıq aparacayıq. Biz daxilən güclənməliyik. Əsas da iş adamları bir yerə gəlməlidir.

– Mediadan da məlumdur ki, siz Fransada yaşamağınıza rəğmən, Azərbaycanda istər pandemiyanın yeni vaxtlarında, istərsə də Vətən müharibəsində ordumuza yardımlar etmisiz…

– Pandemiyanın yeni vaxtlarında ailəmlə birlikdə Azərbaycana gəlmişdim. Qərara gəldim ki, kiçik iş adamı kimi tam imkansız ailələrə yardım göstərək. Əslində, böyük bir iş deyil. İstədik ki, insanları bir-iki günlük də olsa sevindirə bilək. Çətin sınaq qarşısındayıq. Pandemiya hələ bitməyib. İndi də insanlarımız çətin sınaq qarşısındadırlar. Amma, bunu da dərk etmək lazımdır ki, qaydalar ona görə tətbiq olunur ki, insanlarımızın itkisi az olsun. Orduya yardıma gəldik də isə, bunu həqiqətəndə ürəkdən istəyirdim. Həmin vaxtlar Fransadaydım. Azərbaycanda yaşayan yaxınlarıma bildirdim ki, mənim adımdan birbaşa orduya dəstək olunsun. Biz xaricdə yaşasaq da, ürəyimiz Azərbaycanla döyünür. Hər an istəyirik ki, xaricdə yaşasaq da Azərbaycana zərrə qədər də olsa faydamız dəysin. Çünki, bu torpaq bizim ana Vətənimizdir. Necə ki, Vətən müharibəsi deyib, hamı səfərbər oldusa, biz xaricdə yaşayan azərbaycanlılar da Ana yurdumuz deyib hamılıqla səfərbər olduq.

YƏHYA