“Müharibə ciddi işdir” – NATİQ CƏFƏRLİ MÜHARİBƏNİ MÜMKÜN HESAB ETMİR

315

“Müharibə ciddi işdir, siyasi, iqtisadi, diplomatik ayaqları var, hətta sosial və psixoloji nüansları var”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Belə siyasi səhnə ilə müharibə olmaz”

Ölkə siyasətini dəyərləndirən Cəfərli hesab edir ki, ölkədə ideoloji hökumət yoxdur, siyasi səhnə dağınıqdır, əsasən içiboş populistlərdən, ya da yaltaq əbləhlərdən ibarətdir: “Milli birlik yox, birləşdirici dəyərlər və prinsiplər yox, seçki yox, tezislər savaşı yox. Belə siyasi səhnə ilə müharibə olmaz”

“Dayanıqsız iqtisadi modellə müharibə mümkün deyil”

İqtisadiyyatımıza diqqət yetirən Cəfərli vurğulayıb ki, primitiv və bir boru üzərində qurulan iqtisadi sistemlə, büdcə oğurluğu ilə, korrupsiya ilə, inhisarçılıqla, dayanıqsız iqtisadi modellə müharibə mümkün deyil.

“Bərbad beynəlxalq imiclə müharibə olmaz”

N.Cəfərli həmçinin diqqətə çatdırıb ki, xarici siyasəti şpaqata oturmuş, tükənmiş diplomatiya ilə, XİN-də olan rüşvətlə, aydın olmayan prioritetlərlə, bərbad beynəlxalq imiclə müharibə olmaz.

“Belə sosial gərginlik şəraitində müharibə mümkün deyil”

Ölkənin sosial durumunu da dəyərləndirən Cəfərli qeyd edib ki, işsizlik kəlləçarxa çıxıb, martda cəmi 90700 işsiz elan etmişdilər, sonra 600 min işsiz qeydiyyatdan keçdi, hələ onminlərlə işsiz vətəndaşa da imtina gəldi: “Dörd aydır kiçik-orta biznes çöküb, camaatın “kəfən pulu” da bitib, sosial problemlər artıb, hökumətlə vətəndaş arasında 15 ildi işləyən qeyri-rəsmi “sosial müqavilə” çöküb (hökumət camaatın işinə, camaat da siyasətə qarışmırdı). Belə sosial gərginlik şəraitində müharibə mümkün deyil.

“Belə psixoloji durumda olan cəmiyyətdə müharibə etmək olmaz”

Psixoloji durumu gəlincə isə N.Cəfərli bildirib ki, cəmiyyət psixoz yaşayır: “Yuxarıda sadaladığım məsələlər psixoloji gərginlik yaradıb. Həyatda ən böyük uğuru bu düşüncəsiz hökumətin ağılsız repressiyalarına tuş gəlməsi olan adamcıqlar özünü dahi sayır, hamı söyür, küyə gedir, dezolara inanır, qəzəb və nifrət püskürür, ağıllı yanaşma yox, analiz yox, diskurs yox, belə psixoloji durumda olan cəmiyyətdə müharibə etmək olmaz”.

Cəfərli təkrar nəzərə çatdırıb ki, müharibə ciddi işdir: “Ədalətli rifah dövləti, güclü İqtisadiyyat, mədəni və elmi siyasi diskurs, birləşdirici dəyərlər və prinsiplər olmadan aparılacaq müharibə ilə torpaqlarımızın işğaldan qurtulması mümkün deyil..”

Şamo EMİN, Hurriyyet.org