“Mühafizə orderinin dərhal icra olunması məsələsi qanunvericiliklə həll olunmalıdır ” – Zenfira Mustafayeva

78

“Məsələlərin hüquqi həllində gecikmələr körpələrin həyatını təhlükədə qoya bilər”

“Karantin dövrünün məhdudiyyətlərinə baxmayaraq, rəhbərlik etdiyim təşkilatın fəaliyyətində müəyyən müsbət nəticələrə nail ola bilmişik. Belə ki, iki azyaşlı uşağı əlindən alınmış anaya uşaqların qaytarılması barədə məhkəmə qərarı qəbul edildi və nəhayət, dünən icra olundu”. Hurriyyet.org xəbər verir ki, bunu “Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib.

“Uşaqlar anaya qaytarılanda məlum oldu ki, onların bədənində müxtəlif yaralar əmələ gəlib”

Z.Mustafayevanın sözlərinə görə, bu məsələdə əsas problem ondan ibarətdir ki, ata qadını zorla evdən çıxardaraq 1,5 və 3 yaşında uşaqları özündə saxlayıbmış: “Ananın və bizim səylərə baxmayaraq, məhkəməyə qədər uşaqları atadan almaq mümkün olmadı. Məhkəmədə iddia qaldırdıq və əlavə olaraq iddianın icrasının təminatı ilə bağlı (iddiaya mahiyyəti üzrə  baxılana qədər uşaqların anaya verilməsi) ərizə təqdim etdik. Məhkəmə ərizəni təmin edərək uşaqların dərhal ananın himayəsinə verilməsi barədə qərar qəbul etdi və bu qərar icra olundu. Bu yaxşı haldır. Ancaq işə məhkəmədə baxılana və qərar icra oluna  qədər 1 aydan artıq vaxt keçdi. Bu dövrdə həm ana, həm də körpələr ciddi psixoloji gərginlik keçirdilər. Həm də əvvəlcədən məlum idi ki, tənha ata bu uşaqlara baxmaq imkanına və bacarığına malik deyildir. Uşaqlar anaya qaytarılanda məlum oldu ki, onların bədənində müxtəlif yaralar əmələ gəlib. Bu fakt göstərir ki, belə məsələlərin daha sürətli həlli üçün qanunvericilikdə vasitələr nəzərdə tutulmalıdır. Çünkü məsələlərin hüquqi həllində gecikmələr körpələrin həyatını təhlükədə qoya bilər”.

“Bu orderlərin icrasının gecikməsinə səbəb olan bürokratik amillər vardır”

Z.Mustafayeva qeyd edib ki, nail olduqları digər nəticə məişət zorakılığı ilə bağlıdır: “Keçmiş ər qadına və 3 uşağa qarşı ciddi zorakılıqlar törədirdi. Bizim səyimizlə qadına qısamüddətli mühafizə orderi verildi. Bu kişi tərəfindən edilən zorakılığın qarşısını bir qədər aldı. Lakin orderin müddəti bitəndən sonra zorakılıq artdı və gücləndi. Karantin dövrü olduğu üçün yeni orderin tezliklə alınması mümkün olmadı. Orderin olmamasını əsas tutan polis və digər təşkilatlar qadının mühafizəsinə ciddi səylər göstərmədilər. Nəhayət,  bir neçə gün əvvəl məhkəmə tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsinə nail olduq. Təcrübə göstərir ki, bu orderlərin icrasının gecikməsinə səbəb olan bürokratik amillər vardır. Nəticədə qadın və uşaqlar hələ də zorakılıqdan əziyyət çəkirlər. Hesab edirəm ki, mühafizə orderinin dərhal icra olunması məsələsi qanunvericiliklə həll olunmalıdır ”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org