“Müflis olan banklardakı əmanətlərin 98 faizi qorunur” – DEPUTAT

48

“Bağlanan banklardakı əmanətlərin ümumi məbləği 850 milyon manatdır. Mərkəzi Bankın məlumatına görə, müflis olan banklardakı əmanətlərin 98 faizi qorunur”.

Bu sözləri iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov “ATV Qərargah” verilişində deyib.

V.Bayramov vətəndaşların bağlanan banklardakı əmanətlərinin qaytarılmasında heç bir çətinlik olmayacağını deyib:

“Bildiyiniz kimi, əmanətlər qorunan və qorunmayan olaraq qruplaşdırılır. Qorunan əmanətlər mövcud şərtlər daxilində manat üzərindən faizi 10 faizdən yuxarı olmayan, xarici valyutada isə dvident faizi 2.5 faizdən az olan əmanətlərdir. Vətəndaş vəsaitin qorunan əmanət paketi çərçivəsində bankda yeləşdirilməsini həyata keçiribsə, o zaman bu vəsaitin geri qaytarılmasında çətinlik olmayacaq. Hazırda qorunan əmanətlər məbləğindən asılı olmayaraq, tam qorunur. Bir neçə gün öncə ölkə başçısı tərəfindən imzalanan sənədə əsasən vətəndaşların əmanətlərinin qorunma müddəti dekabrın 4-nə qədər uzadıldı. Buna görə də bu əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşlara qaytarılacaq”.

Qeyd edək ki, 27 apreldə Mərkəzi Bank 4 bankın (“Atabank”, “AGBank”, “NBCBank” və “Amrah Bank”) idarəçiliyini öz üzərinə götürüb. 28 apreldə isə “Atabank” və “Amrah Bank”ın lisenziyasını ləğv edib. \\Modern.az