MÜDRİKLİYİN  ZİRVƏSİNDƏ

63

Və yaxud sadə Azərbaycan qadınlarının ağıl və bəsirətcə nə qədər üstün olduğunun nümunəsi…

 (Əvvəli ötən sayımızda)

  Trilogiyanın ikinci hissəsi “Bənövşəyi əncir” adlanır və görünür oxuyarkən adın mənasının açıqlandığı yeri gözdən qaçırmışam. Bu romanda səhnəyə könhə qüdrət sahibləri və qəhrəmanlarla bərabər yeni personajlar gəlir. Bir tərəfdə Ağqoyunluların qüdrəti günü-gündən artır, digər tərəfdə Konstantinopol adlı dünya paytaxtını İstambula çevirən türk sultanı  II Mehmet cövlan edir. Üçüncü tərəfdə isə Topal Teymurun yadigarı olan Əbu Səid meydan sulayır. Bütün bunlar isə təzəcə çiçəklənməyə başlayan Avropa intibahını təşvişə salırdı. Doğrudur Uzun Həsən – Cahangir Mirzə konflikti bu romanda da davam edir. Lakin hər iki qardaş bilir ki, tarix artıq öz hökmünü verib, Cahangir Mirzənin də yeri, Əhməd kimi tarixin zibilliyindədir.

Bütövlükdə bu əsərlər, bu 1200 səhifəlik trilogiya əslində bir epopeyadır ki, Azərbaycan ədəbiyyatının yeni nailiyyəti sayıla bilər. Trilogiya müəllif Hüseynbala Mirələmovu yazıçı və ədiblər ordusunun ilk sıralarına çıxarır.  H. Mirələmov  o qədər də zəngin olmayan tarixi romanlar irsimizə dəyərli bir əsər hədiyyə edib.  Romanların əsas mətni demək  olar ki, qəhrəmanların iştirakçıları olduqları hadisələri  özləri üçün, yaxud ən yaxın adamları ilə müzakirə, şərh, təhlil etməkdən, hadisələrə adekvat cavab addımları hazırlamaqdan ibarətdir.  Bu mənada romanlar tarixi əsərlərimizdən tamamilə fərqlənir, bir növ tarixi-psixoloji nəsr nümunələrinə çevrilirlər.

Hüseynbala Mirələmov bu üç toqquşma oxunun düyünlərini ustalıqla açmağa çalışır. Hər tərəfdə torlar, düyünlər hörülür və ən çox canfəşanlıq edən də Avropanın ürəyi  Vatikan olur. Roma papası bir-birinin ardınca elçilər, casuslar göndərib Romanı II Mehmetin pəncəsindən qorumaq üçün  sonuncunu Ağqoyunlu hegemonu və məğlubedilməzi Uzun Həsənlə kəllə-kəlləyə gətirməyə çalışır və son nəticədə məqsədinə nail olur. Bəxt ulduzu göz qamaşdıran türk sultanı 1473- cü ilin avqust ayında Otluqbeli (Tərcan) deyilən yerdə Sara xatunun oğlunun qürurunu sındırır. Bu məğlubiyyətdən sonra romanda təsvir olunduğu kimi Uzun Həsənin Yaxın Şərq tarixinə ikinci Teymurləng kimi daxil olmaq planları alt-üst olur.

Romanda Əbu Səidin qürubu, Sara xatunsuz qalan Uzun Həsənin vəfatı oxucunun qəlbində çox acı bir iz buraxır. Lakin tarix yetim qalmır. Bundan sonra Yaxın Şərqin üfüqləri iki nöqtədən qızarmağa başlayır və dünya bu qızartılardan kimlərin, hansı yeni ulduzların doğacağını gözləyir. Nigarançılıq uzun çəkmir.  Əvvəlcə qoca Təbriz, daha sonra qədim İstambul tarix meydanına iki yeni, eyni dərəcədə bir-birlərinə tay olan fateh çıxarır. Şah İsmayıl və sultan Səlim. Və Hüseynbala Mirələmov  Əlisa Nicat, Fərman Kərimzadə və Əzizə Cəfərzadədən sonra ədəbiyyatımıza yeni bir roman – “Çaldıran yolu”nu bəxş edir. Mən bu romanı xüsusi bir maraq və həyəcanla oxudum.

Sara xatun və Uzun Həsən hardan biləydilər ki, əzizlədikləri  bir oğulun böyüyüb onların və ümumiyyətlə Ağqoyunlular sülaləsinin nəinki hakimiyyətinə son qoyacaq, hətta varlığını tarixin hay-küylü izdihamənda itirib-batıracaq bir ərin atası olacaq!  Ona görə bir daha təkrar edirəm, “Çaldıran yolu” romanını xüsusi bir maraq və həyəcanla oxudum.

  1. Mirələmov Vatikanın II Mehmetlə Uzun Həsən arasında hördüyü torun ilmələrini ustalıqla açır. Lakin aydın idi ki, iki qoçun başı bir qazanda qaynamaz. II Mehmet gec-tez arxaya dönüb Uzun Həsənlə toqquşmalıydı.  Uzun Həsən artıq Ağqoyunlu səltənətinin pik nöqtəsində idi. Bundan sonra mütləq eniş olmalıydı. Çünki sülalənin enerjisi artıq tükənməkdə idi. Məsələ heç də ordunun böyük-kiçikliyində deyil, əsas etnosun ruhi-mənəvi enerjisindədir. Osmanlı türkləri hələ öz apogeylərinə çatmamış, yüksəlməmişdilər.  Bu yüksəliş  sultan möhtəşəm Süleymanda başa çatacaqdı.

Bəs Şah İsmayıl – sultan Səlim dueti?  Yox, burada enerjilər bərabər idi.  Qızılbaşların milli oyanışı və bunun gətirdiyi döyüş ehtirası yeniçərlərdə olduğundan az deyildi. Lakin məğrurluqdan və siyasətdə çox vaxt zərərli olan alicənablıq şah İsmayıla gecə ikən hücum edib  osmanlı toplarını  sıradan çıxarmaqda mane oldu. Və bununla da qələbə  qızılbaşlara deyil, yeniçərlərə qismət oldu.  Amma bu bir növ “Pirr qələbəsi” idi. Sultan Səlim bir neçə yüz mahir usta və sənətkarı özü ilə İstambula köçürtməkdən başqa demək olar ki qu qələbədən heç nə qazanmadı. Əlbəttə, tarixin qızıl tozundan başqa!

Roman haqqında, onun özünəməxsusluqları və başqa məziyyətləri haqqında geniş danışmaq olar. Yəqin ki, tənqidçilər, tarixçilər, filoloqlar bu roamlar haqqında daha geniş bəhs edəcəklər.

Yazıçı xüsusilə Bəyazit və onun oğlu Səlimin, istər daxili, ata-oğul münasibətlərinə, istərsə də xarici siyasətlərinə daha geniş yer ayırıb ki, bu da “Çaldıran yolu” romanını digər yazıçıların əsərlərindən fərqləndirir. Eyni zamanda oxucularını digər əsərlərdə olmayan və ya az olan həm şah İsmayılın, həm də sultan Səlimin sevgi macəraları ilə də çox geniş, bütün təfərrüatları ilə tanış edir.

“Çaldıran yolu” romanı Çaldıranla da bitir. Əslində müəllif çox doğru hərəkət edir. Hərçənd ki, ilk qızılbaş hökmdarının sonrakı  10  illik həyatı da geniş təsvir və təhlillərə layiqdir. Görünür gələcək nasirlərimiz üçün də nəsə saxlamaq lazımdır.

Hüseynbala Mirələmov qızılbaşların, ümumilikdə xalqımızın və xüsusən də sərkərdələrinin və yaxın adamlarının gənc hökmdara olan məhəbbətini də maraqlı epizodlarla təsvir edir. Amma mən öz əsərimi o vaxt bu məhəbbətin ən parlaq ifadəsi kimi üç bəndlik qoşma ilə bitirmişdim və həmin üç bəndlik elegiya ilə də bu yazıma nöqtə qoymaq istəyirəm.  “Qızılbaşlar”dan götürülmüş həmin qırıq qoşma vaxtilə Şah İsmayıl Xətaiyə  həsr edilən xalq dastanından qalmış yeganə yadigardır:

 

 

İranın şahısan, Türküstan xanı,

                Mürşüdi-kamilsən, cahanın canı,

                Əbdi bəyim oldu şahın qurbanı,

                Taclı xanım sənə qurban, ağlama.

 

               Salman Xülafəyəm, şahın bir qulu

               Yüz min qoşunum var, kürdü, dumbulu,

               Çaparam Urumu, alaram çölü,

               Əbdi bəydən ötrü, şahım, ağlama.

 

               Durmuş deyir: Allah mənim yarımdır,

               Rum və Firəngistan şikargahımdır.

               Çürşüd izn versə, şadlıq varımdır,

               İstambulu allam, şahım, ağlama.

 

*   *    *

 

Beləliklə, tariximizin bu gərgin günlərində demək olar ki,  bütün dünyanın havadar durduğu mənfur ermənilərlə ölüm-dirim müharibəsində yazıçı Hüseynbala Mirələmov bizi, oxucuları və bütün xalqımızı salamlayıb əsrlər boyu  hətta öz məskənlərində belə ayağımız altında həşərat kimi sürünüb yaşayan bir millət üzərində növbəti zəfərlərimizi gözəl bir tarixi trilogiya ilə sanki yeni uğurlara ruhlandırır. Bu yolda görkəmli ədibimizə uzun ömür, can sağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayaq!

 

                                                                                        Əlisa  NİCAT