Müdriklik yolu: bir ömür idi yaşadı…

105

 (Professor Fikrət Seyidovun 90 illiyinə)

Bəzən yuxulara inanıram, görünür, olacaq hadisəni qabaqlayır. Ayılandan son­­ra xatirələri oyadır. Nə vaxtdan idi ali məktəb müəllimim, böyük insan, peda­qoq, professor Fikrət Seyidovun xatirəsi hey başımda dolaşırdı, sanki görüşür, söh­bət­­ləşirdik. Atası pedaqoqların müəllimi, professor Əhməd Seyidovun ölümünün qır­xı günü məni onun ziyarətinə aparmışdı. Qəbri dəmir hasarın içərisində idi. O, han­dan-hana astadan pıçıldadı:

– Mənə qismət olacaqmı atamın yanına dəfn olu­num? – Susdu. – Güman mə­­zarımın üstünü alaq otları örtəcək, kim təmizləyəcək? Qız­larımın bura gəlişi isə? Və darvazanın qapısını bağladı. – Gedək, – dedi. – Da­rıx­dım.

İçimdə birbaşa Qazağa getmək, atası ilə yanaşı dəfn olunan Fikrət müəllimin mə­zarına baş çəkmək, baş əymək istəyi keçdi. Oğluma dedim ki, sabah Qazaxğa ge­dəcəyik, həm də ata – ana yurdumu görmək istəyirəm. – Doluxsundum.

– Ata. – Astadan dilləndi. – Karantindir. – O, fikrini tamamladı…

…Kim idi Fikrət Seyidov? Bu sual mənim üçün artıq görünməyə bilər, am­ma əlli ildən artıq Xarici Dillər İnstitutunda kafedra müdiri, dekan, professor və­zi­fə­lərində çalışan bir İnsanın minlərlə tələbəsi güman bu sualı özlərinə müqabil bil­məz­lər. Mən Fikrət müəllimlə həmin institutda eyni kafedrada işlədiyim illərdə mü­şahidəmə əsasən belə bir qərarı verdim. Harada o, varsa ətrafı tələbələriydi, san­ki dünən sevimli müəllimlərindən ayrılmamışlar.

İllər ötdü. Ustad – tələbə münasibətləri əqidə dostluğuna çevrildi. Kafedrada ol­mayanda – əsasən şənbə və istirahət vaxtına düşürdü, zəng atır: “Dadaşovla bul­var­da səni gözləyirik pürrəngi çayla” – ərkyana deyirdi. – Kamal Dadaşovla tələbə yol­daşı idi, onların dostluğu müəllimimin son nəfəsinəcən büdrəmədi. Fikrət Seyi­do­vun vəfatından sonra Kamal müəllimlə rastlaşdım. Üzümə zəndlə baxdı, tutuldu: – Onun ölümündən sonra binaya yaxın dura bilmirəm, ayağım getmir, Allahverdi. Lən­kəran Dövlət Universitetinə gəldim. – Üzünü yana çevirdi. Gözyaşları mənim də ürəyimi titrətdi. – Arada müəllimin həyatı, fəaliyyəti haqqında yazdığın monoq­ra­fiyan (“Professor Fikrət Seyidovun elmi – pedaqoji yaradıcılığı”. Bakı, 2004, 240 sə­hifə) təsəlli verir mənə, foto şəkillərə baxıram. Dünyada dostsuz yaşamaq çətin­dir, xüsusən, seyrələn vaxtımızdı.

Fikrət Seyidov Bakıda keçmiş Sovetski məhəlləsində doğulmuşdu, atası Əh­məd Seyidov Zaqafqaziya Müəllimlər Seminariyasını bitirdikdən (1917) sonra Ba­kı­ya gəlmiş, Lənkəran şəhərində maarif müdiri kimi bir müddət fəaliyyət göstər­miş, yenidən Bakıya qayıtmış, Sovetski məhəlləsində həyət evi almış, oğlanları İs­ma­yıl (millət vəkili, ictimai xadim, professor Səməd Seyidovun atası) və Fikrət bu mə­həllədə doğulmuşlar. Bir dəfə müəllimimdən xahiş etdim ki, o evinizi görmək ürə­­yimdən keçir (kitabı yazmaq hissi içimdə oyanmışdı). Apardı, dəmir darvazaya söy­­kəndi, xeyli xəyala daldı, yaşı yetmişi ötmüşdü. Başını qolları arasına almışdı. O görüşdən foto – şəkil xatirə qaldı…

Fikrət Seyidovun vücudu – ruhu Sovetskidən heç cürə ayrılmırdı və söy­lə­yir­di ki, bu məkanı “ramedilməz mühit” adlandırmışam, namuslu, qeyrətli, milli men­talitetimizi qorumuş kişilər yaddaşımdadır. Yaşadığımız Komenskaya 53, in­di­ki Bəşir Səfəroğlu küçəsi. O da yadımdadır ki, atam işdən qayıdanda o atıb – tutan ca­vanlar, nisbətən yaşlılar dərhal ayağa qalxıb, “uçitelə” salam verərdilər, atam qa­pı­dan içəri girənə qədər “farağat” durardılar. – Bu xatırlama bəlkə də indi təəc­cüb­lü görünər.

F.Seyidov müəllimlik fəaliyyətinə Bakıdakı 193 saylı məktəbdən başlayır: “Atam ilk dərs günüm üçün həyəcan keçirirdi, təsəlli verirdi, amma əsas sözü o idi ki, düz və məhəbbətlə çalış, düz yolun yolçusu azmaz. Bu düzlük təkidiydi, məni hə­qi­qi müəllim etdi”. – Fikrət müəllim xatırlayırdı: “O vaxt pis, mürəkkəb illər idi, 37-ci ilin ab – havası səngiməmişdi, atam “yuxarılar” tərəfindən sıxışdırılırdı, ano­nim məktublar göndərilirdi”. Allah – Təalanın yazdığı tale Seyidovları qorudu.

Sovet ordusunda xidmətindən sonra orta məktəbdə ingilis dilini tədris edir, el­mə meyil göstərirdi. Xüsusilə, pedaqoji mühitin “diqtəsi”, bəxti onda gətirdi, mək­təbin direktoru Mehdi Aslanovla çiyin-çiyinə işlədi, görüb – götürdü. Həmişə mək­təbin, Bakının adlı – sanlı müəllimlərindən Kəriş Köçərlini, Əhliman Lüt­və­li­ye­vi, Qəzənfər Məmmədovu, Əliabbas Quliyevi unutmurdu, müəllim şəxsiyyətini on­ların nümunəsində görürdü.

Ali təhsil mühitinə düşəndə də bəxt üzünə güldü, ona institutda dərs demiş R.Bar­sük, Qulam Məmmədli, İsmixan Rəhimov, habelə, Oruc Musayev, Rüsxarə Qa­yıbova ilə milli dərsliklər hazırlamaq işinə cəlb olundu. Bu, böyük etimad idi. Kol­lektivə çox düzgün seçim qoşuldu, orta məktəbin qabaqcıl ingilis dili müəllim­lə­rindən Vəhicə Xocayeva və Solmaz Rəhimovanın adını çəkmək yerinə düşür. Təq­dirəlayiq idi: dərsliklər o müəlliflər tərəfindən hasilə gəlməlidir ki, nəzəri və prak­tik cəhətlər vahid metodikada birləşməli, dili anlaşıqlı olmalı, millilik hər va­si­tə ilə gözlənilməlidir. Fikrət Seyidov orta və ali məktəblər üçün dərsliklər, ingilis di­linin tədrisi metodikasına aid kitablar, proqramlar, göstərişlər çap etdirirdi: “Sək­kiz illik məktəblərdə xarici dilin tədrisi metodikası” (1967), “Xarici dil dərslərində dia­film” (1966), “Şifahi nitq vərdişlərinin inkişafına dair” (1964), “İngilis dili dərs­lik­ləri üçün metodik rəhbərlik” (1964), “Nitq inkişafına dair metodik izahat” (1965) və sair əsərlər yazdı. Orta məktəblər üçün V, VI, VII, VIII siniflər üçün “İn­gi­lis di­li” dərsliklərini də bu siyahıya əlavə edərdim.

Professor Fikrət Seyidov 25 il orta məktəbdə dərs dedi, 70-ci illərədək. Əvəz­çiliklə işləmək qadağan olduqda pulsuz çalışdı. Maraqlıdır ki, V sinfi götürüb so­nadək apardı, yenə pulsuz! Şagirdlərinin əksəri Xarici Dillər İnstitutunun “ingilis di­li” fakultəsinə qəbul olundu. Belə ki, Elmar Əbdülrəhimov, Xanım Tağıyeva, Sol­maz Bünyadova və başqaları sonralar onunla çiyin-çiyinə fəaliyyət göstərdilər.

Xatırlayıram: Fikrət Seyidov 1997-ci ildə ölüm – dirim arasında çarpışdı, onu ağır cərrahiyyə əməliyyatı gözləyirdi. İlk xəbər tutanlar tələbələrindən Elmarla Cə­vahir olmuşdu. Mənzərəni təsəvvürə gətirmək ağırdı, o halı qələmə alan Fikrət müəl­lim yazmışdır: “Cəvahir vəziyyətimi görəndə elə göz yaşı tökdü, məni də köv­rəlt­di. Belə göz yaşlarını mən cərrahiyyə əməliyyatı keçirərkən qızlarımın göz­lə­rin­də görmüşdüm. Bir gün dedilər Cəvahir məni axtarır. İnsititutun koridorunda rast­laşdıq. Əlində bir bağlama vardı. – Bu, sizin Novruz payınızdır, müəllim. Mən Nov­ruza hazırlıq görürdüm. Düşündüm ki, ata qızının hazırladığı ləziz şirniyyatdan ye­məsə qızının yediyi haram olar. Fikrət müəllim bütün keçmişdə – xatirələrində ya­şayanları, ölənləri və qalanları həyatın adiləşmiş bir qanunu kimi qiymətləndirir. Əl­bəttə, bu “qanun”da kövrək həsrət, nisgil, tənhalıq hissləri boldur və belə bir sö­zü də işlətməli olmuşdur: “Həyat belədir, bir yandan boşalır, bir yandan dolur”.

Maraqlı detal. Əhməd Seyidov həmişə vurğulamış ki, pedaqoji təmayüllü ins­titutlarda tərcüməçi və pedaqoji kadrların yetişməsində pedaqogika elminin rolu da­nılmazdır. Bunun qeyri-ixtiyari və şüurlu, düşünülmüş yolları mümkündür. Əh­məd Seyidov ikinci yolu seçdi və Fikrətə tövsiyə etdi ki, sən mənim köməkçimsən, el­mi işlərim üçün bir neçə klassik pedaqoqların bəzi əsərlərinin tərcüməsi lazım gə­ləcəkdir, məsələn, Pestalotsinin, J.J.Russonun, K.D.Uşinskinin. Sual olunur: Hə­qi­qə­tənmi, bu əsərlər professora lazım idi? Rus dilinə mükəmməl yiyələnən Ə.Se­yi­do­va? Bu incə tapşırıqda bir məna vardı, uzaqgörənlik gizlənmişdi. Bu çevir­mə­lər Fik­rət müəllimi tərcümə işində püxtələşdirdi, ingilis dilindən doğma dilimizə tər­­cü­mələr etdi. Müdrik Əhməd müəllim bu cür alim – pedaqoq olmuşdur.

Fikrət Seyidovu Qori Müəllimlər Seminariyasının bütövlükdə fəaliyyəti ya­xın­dan maraqlandırdı, dəfələrlə Qori və Gəncə şəhərlərindəki arxivlərə ezam olun­du və dissertasiyasını qurtarıb namizədlik işini uğurla müdafiə etsə də, başı ağrıdı, hət­ta mövzunun təsdiqində problemlər yarandı. Xüsusilə, Moskvada rus şovi­nist­lə­ri kəskin etiraz etdilər, Moskvaya çağırdılar, 150 nəfər “çağrılmış qonaqların mü­ha­kiməsi”nə! Fikrət Seyidov yüksək intellekti və mühakiməsilə hər şeyi sübuta ye­tir­di və bir səslə qələbəsini bərpa etdi. Hətta mənfi rəy vermiş professor Oqo­rod­ni­kov yanıldığını açıqca bildirdi.

Haşiyə çıxmaq istərdim: Xatırlamaq yerinə düşər: Qori Müəllimlər Semina­ri­yasının yaranmasının 80 illik yubileyinin keçirilməsilə əlaqədar təşkilati işində F.Se­yidov dəfələrlə Qazax Rayon İcra hakimiyyətində olmuş, Respublika Təhsil Na­ziri Misir Mərdanovla görüşmüş, hətta öz şəxsi nüfuzundan istifadə etmişdir, təş­kilat komitəsi yaradılmışdır. Nazir, professor Misir Mərdanov geniş məruzə et­miş­dir. Nazirin təbrik məktubundan: “…Əziz yubiley iştirakçıları! Müstəqil Azər­bay­canda milli təhsil quruculuğunun dönməz xarakter aldığı indiki zamanda – milli mə­nəvi dəyərlərdə hörmətin parlaq nümunəsi olan Qazax Seminariyasının 80 illik yu­bileyi münasibətilə bir daha təbrik edir, sizə yeni-yeni uğurlar arzulayıram!”

O, son dərəcə obyektivliyi sevəndi, sözünü ora – bura yozmazdı, kəsə de­yər­di. O, institutda işlədiyi müddətdə Qulam Kərim oğlu Məmmədov, Ağamməd Ab­dul­layev, Zemfira Verdiyeva, Məmməd Tağıyev haqqında düzgün söz demiş, on­la­rı zəngin müşahidə süzgəcindən keçirmiş, üstün və zəif xarakterlərini səciyyələn­dir­məkdə yayınmamışdır.

Həyat yollarından söz düşəndə fərdi xoşbəxtliyə yox, insanların səadətinə önəm verirdi, inigilis pedaqoqu Hobs Tomasın kəlamlarını xatırladırdı: “Şəxsi xoş­bəxt­liyi yalnız hamının səadətində tapmaq olar”.

(Ardı var)

**

Bəzən yuxulara inanıram, görünür, olacaq hadisəni qabaqlayır. Ayılandan son­­ra xatirələri oyadır. Nə vaxtdan idi ali məktəb müəllimim, böyük insan, peda­qoq, professor Fikrət Seyidovun xatirəsi hey başımda dolaşırdı, sanki görüşür, söh­bət­­ləşirdik. Atası pedaqoqların müəllimi, professor Əhməd Seyidovun ölümünün qır­xı günü məni onun ziyarətinə aparmışdı. Qəbri dəmir hasarın içərisində idi. O, han­dan-hana astadan pıçıldadı:

(Əvvəli ötən sayımızda)

Uzun illik münasibətlərimizdə (tələbə – müəllim) Fikrət Seyidovdan çox müs­­bət nüansları mənimsəmək qismətimə düşmüşdür. O, bəzi faktorları fərq­ləndi­rir­­di: psi­xoloji hazırlığı, özünəinamı, özünüfədanı və ətraf mühiti, məişət qayğıla­rı­nı, tə­li­min təsirini. Sonralar ali məktəblərdə dərs deyərkən Fikrət Seyidovun nə qə­dər haq­lı olduğunu başa düşdüm. Bu amillərin nəhayətsiz qüvvə olduğuna, yaradıcı sti­­mul yaratdığına, mənəvi təkamülə qapı açdığına bir daha inandım. Və alimin əsər­­lə­rini vərəqlədim, elmi yaradıcılığına rəğbətim daha da artdı, ona görə uğur qa­za­­nır­dı ki, daxilən təmizdi, paxıllıqdan uzaqdı, psixoloji tutumu zəngindi. Yadıma aka­­demik A.B.Miqdalın fikri düşdü: “Elmi yaradıcılıqla əlaqədar əsas psixoloji nai­­liy­yətlər özünü təsdiq, maraq, özünüifadə kimi amillərdir”.

F.Ə.Seyidovun dərslik yaradıcılığı bir yana, Qori (Qazax) Müəllimlər Semi­na­riyası haqqında monoqrafiyaları xüsusi qeyd olunmağa dəyər: “Qori Müəllimlər Se­minariyası və onun məzunları “(1988) (Azərbaycan və rus dillərində), “Maari­fi­mi­zin təkrarsız xəzinəsi” (2001), “Azərbaycan Pedaqoji fikir tarixindən səhifələr” (2002), “Soy kökümüzdən gələn pedaqoji fikir” (2004), “Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair” (1997), “Uşaq ədəbiyyatında tərbiyə məsələləri” (XIX-XX əsr­lər, 2006). Siyahı oxucunu heyrətləndirməyə bilməz. Mənim üçün bu gün tə­səl­lim ondadır, bu kitabların yaşantısını müəllifilə bərabər mən də keçirmişəm. Əlyazmalarını həvəslə, təmkinlə oxumuşam, qeydlər aparmışam, Fikrət müəllimi ra­zı sala bilmişəm, xüsusilə, ötən əsrin ilk on illiyində yazılmış bu kitablara qədər pro­fessor F.Seyidovu türk xalqlarının təlim – tərbiyə tarixi çox düşündürürdü. Xa­tır­layıram, iki yaz məzuniyyətini götürüb qardaş Türkiyəyə getdi, iki məqsədi var­dı. Birincisi, “Qaranilər” nəslinə məxsus Seyidovların vaxtilə o məkana köçmüş sağ qalan qohumlarını tapmaq və arxivlərdə işləmək. Hər iki səfəri yetərli olmuş­du: Qaranilərdən yaşlıları və onların uşaqlarını tapmışdı, mətbuatda bir neçə mə­qa­lə çap etdirdi. Və yazmağı qərarlaşdırdığı əsəri tamamlasın. “Türk xalqlarının tər­bi­yə və məktəb tarixinə dair”i 1997-ci ildə nəşr etdirdi. Pedaqoji fikir tariximizdə, türk­lər də daxil olmaqla ilk araşdırma idi.

Fikrət müəllim nikbin, öz potensial enerjisinə güvənən, gəncləri bu istiqamə­tə həvəsləndirən şəxsiyyətdir, yetirmələri həmişə bunu söyləmişlər, Pedaqoji Uni­ver­sitetdə bizə dərs deyən illərdə (1959-1962) də şahidiyəm. Heç düşünərdim ki, on illər keçəndən sonra, bir kafedrada çalışarkən öz iradəsinə, yaradıcılıq enerjisinə sa­diq qalacaqdır, işləmək gücünə qadirdir. Bu dəyərləri duyanda psixoloq, pro­fes­sor B.Q.Ananyevin  sözlərini fikrimdən keçirdim: “Mənə aydın oldu ki, insan mak­si­mumda, yəni çox ciddi gərginlik şəraitində yaşaya bilər. Mən gizli imkanları gör­düm, adətən, onları hiss etmirik. Mən başa düşdüm ki, insan qadirliyi məsələsindən va­cib problem yoxdur. Mən başa düşdüm ki, insan hər şeyi bacarır”.

Fikrət Seyidov çalışırdı ”Pedaqogika” kafedrasında gənclərə insanda daxili ener­jinin tükənməzliyini təlqin etsin. Kafedranın dosentlərindən İnqilab Xəlilov, Oq­tay Abbasov, Vidadi Bəşirov, Jalə Mustafayeva ilə söhbətlərində bu yanaşma­nın şahidi olmuşam, özüm üçün nəticələr çıxarmışam. Son on illərdə, yaşı altmış çağ­larında mənə bir “sirr” gəldi: – Xeyli yaşamışam, yaddaşım yerindədir, arxivim də zəngindir, ürəyimdən keçir ki, memuar qələmə alım, adını müəyyənləşdir­mi­şəm: “Aslanbəylidən başlanan yol”, bir xahişim var, qələminə bələdəm, kompyuter va­riantıdır. Çətin olmaz ki?

Düzü, sevindim. Sözünə dəqiq olan ustadımla səhər bul­varda görüşdük, çay­xa­nadaca vərəqlədim. Memuar məni o qədər tutdu səhəri – şən­bə günü “Ağ qay­tan­lı qovluğun sirri” adlı ön söz yazdım. Bir təklifimi çat­dır­dım: “Müəllim. Me­mua­rın adını bəlkə “Aslanbəylidən başlanan xatirələr” qoyaq? Ra­zılaşdı. Əsər qısa müd­dətdə 2000-ci ildə işıq üzü gördü mənim müqəddiməmlə. (Pe­daqoqlar arasında ilk janrda yazılıbdır). Budur, sarı rəngli kitab (350 səhifə) qar­şımdadır, neçə dəfə oxu­muşam, dəyərli siyasi və sosial faktlarla, müxtəlif tə­biət­li adamların düşün­cə­lə­ri­lə, ata – ana məhəbbətinin qüdsiyyətilə dolu, ağır illə­rin yaşantıları ilə bərabər zəngin bir ensiklopediya! Belə deyərdim! Məni 20 ildən son­ra daha da kövrəldən, müəl­limim Fikrət Seyidovun yoxluğuna içimdən göy­nə­dən müəllifin avtoqrafı: “Əh­­məd müəllimin oğullarından biri kimi borcunu artıqla­ma­sı ilə yerinə yetirmiş və əsərin giriş hissəsi ilə Əhməd müəllimi yenidən yaşat­mış təmiz, pak, mənən zən­­gin, humanist dostum, tələbəm Allahverdi müəllimə ən xoş arzularla, 03.05.2000”. Mən bu qərib sətirləri ruhumda son və əbədi mən­zi­li­mə­cən apara­ca­ğam! Məzarımda yeganə təsəllim olacaqdır!

Yadıma qeyri-adi hadisə düşür, övladlar üçün örnək olar – Valideynlərini sağ ikən itirənlər üçün: Atası ömrünün təxminən bir ilini təkidilə doğulduğu Qaza­xın Aslanbəyli kəndində yaşadı, torpağın gücü idi bu. Həyat yoldaşı Abihəyat ilə doğma ocağında. – Son bir ilində atamın xəstəliyi ağırlaşmışdı, nadir dərman­la­ra cid­di ehtiyac duyulurdu. O ili hər şənbə günü Bakıdan maşınımla çıxır, dərman və baş­qa nə lazımsa alıb Aslanbəyliyə özümü çatdırırdım. Gecəni ata – anamla, on­la­rın nəfəsilə yatırdım. Səhərisi kənddən çıxıb Bakıya çatırdım. Birinci gün dərs­lə­rim başlayırdı. Atam təkid edirdi ki, Fikrət, bu yolu bir ildir gəlib –gedirsən, əziy­yət­­dir. Mən özümü o yerə qoymurdum: – Baba, (atamı belə çağırırdım) borcum­dur, təki sən rahat ol. – Oğul sözüdür…

Zarafat, mübaliğə təsiri də bağışlayar, lakin fakt danılmazdır. Fikrət müəllim be­lə oğul – insan olmuşdur. Əhməd müəllim ölümünə (31 sentyabr, 1977) üç gün qal­mış həyat yoldaşına deyib: “Abihəyat, Fikrətə etdiklərimin hamısı ona halal ol­sun. O, oğulluq borcunu tam yerinə yetirdi. Ondan artıq dərəcədə razıyam”.

Fikrət müəllimin yeganə həzz mənbəyi evdə ailə ocağı, bayırda sevdiyi müəl­limlik peşəsi, dostları ilə söhbət olmuşdur. Ürəyi dolan vaxtı iş otağında yazı sto­lunun arxasında işləmək. Yetmiş-yetmiş beş yaşlarında elmi əsərlərini bir-bi­rinin ardınca oxucuların ixtiyarına vermək ehtirası. Mənim üçün bu yaradıcılıq sirri bəl­lidir, güclü sevmək hissidir. Təbii ki, hisslər də qocalır, halsızlaşır. Professorda bu ruh heç vədə öləziməmişdir. Böyük yazıçı Markesdan iqtibas gətirəcəyəm: “Mən in­sanlara sübut edərdim ki, qocalmağa başlayanda sevməyi bacarmadıqlarını gü­man edənlər daha çox yanılırlar: əksinə, onlar məhz sevmədiklərinə görə qoca­lır­lar”.

Fikrət müəllimdə güclü yaşamaq və yaratmaq instikti vardı, həssas davranış vər­dişi öz yerində. Müdriklik xas idi, xeyirxahlıq təbiətində idi, nəfsi toxdu.

Bul­var­da oturmuşduq, söhbət hərlənib bu mövzuya gəlmişdi. Mən dedim ki, bu an­la­yı­şa quru, çəkisiz hal kimi yanaşmazdım, olur ki müdrik danışır, özünü apar­mağı da müd­rik təsiri bağışlayır, ancaq hərəkəti çirkabdır, xeyirxahlığı sözün­də­dir, nəfsi ali­dir. Mən bu mövcudu qəbul eləmirəm. Sokrat da bu mövqedədir ki, müdrik olan yal­nız Tanrıdır, ilahi müdrikliyə məhəbbət gözündə anlanılmalıdır.

– Belə görürəm, müdrik insana özünə məxsus yanaşma var. – Fikrət müəl­lim bu dəqiqələrdə Xəzərə tamaşa etməyini üstün tutmuşdu, amma bu, bir dəqiqə də çəkmədi, üzünü mənə tərəf çevirdi. – Müdrik Allaha məxsusdur. Allahı təbiət­dən ayrı götürməməliyik. Onda belə çıxır ki, Allah ya substansiyadır, ya təbiət. Hə­qi­qət elə Tanrının özündədir, Kainat onun tərəfindən idarə olunur, çünki Allah öz ya­ratdıqlarının mövcudluğunun səbəbkarıdır. – Oturduğumuz skamyaya qayıtdıq. –

Belə halda təbiətdə heç nə yoxdur, adi daş da öz xidmətini görür: ya sükutu ilə, ya da tərsinə. – Fikrət müəllim dilləndi.

Mənim yadıma böyük şairimiz Əliağa Kürçaylının şeirindən misralar düşdü:

Daş insan oğlunun evi, otağı,

Öləndə buz rəngli məzarı olub.

Daşlar dəyirmanda elin dayağı,

Heykəl də bir xalqın vüqarı olub…

Fikrət Seyidova vüqarlı yaşamaq yaraşırdı, nümunəyə çevrilirdi. Və əbə­diy­yə­tə də bu təsirlə qovuşdu.

Bu vaxt mən görkəmli pedaqoq, professor, unudulmaz müəllimim Fikrət Se­yi­dovun məzarına baş çəkməyi arzuladım. Onun qəbri üstündə bitmiş alaq otları tə­miz­lənmişdimi? Bəli, bir cüt qızları otların yerinə gül – çiçək əkmişlər. Eynən Sədi Şi­razinin qəbri üstündəki qızılgüllər kimi.