Müdriklik yolu: bir ömür idi yaşadı…

57

 (Professor Fikrət Seyidovun 90 illiyinə)

Bəzən yuxulara inanıram, görünür, olacaq hadisəni qabaqlayır. Ayılandan son­­ra xatirələri oyadır. Nə vaxtdan idi ali məktəb müəllimim, böyük insan, peda­qoq, professor Fikrət Seyidovun xatirəsi hey başımda dolaşırdı, sanki görüşür, söh­bət­­ləşirdik. Atası pedaqoqların müəllimi, professor Əhməd Seyidovun ölümünün qır­xı günü məni onun ziyarətinə aparmışdı. Qəbri dəmir hasarın içərisində idi. O, han­dan-hana astadan pıçıldadı:

(Əvvəli ötən sayımızda)

Uzun illik münasibətlərimizdə (tələbə – müəllim) Fikrət Seyidovdan çox müs­­bət nüansları mənimsəmək qismətimə düşmüşdür. O, bəzi faktorları fərq­ləndi­rir­­di: psi­xoloji hazırlığı, özünəinamı, özünüfədanı və ətraf mühiti, məişət qayğıla­rı­nı, tə­li­min təsirini. Sonralar ali məktəblərdə dərs deyərkən Fikrət Seyidovun nə qə­dər haq­lı olduğunu başa düşdüm. Bu amillərin nəhayətsiz qüvvə olduğuna, yaradıcı sti­­mul yaratdığına, mənəvi təkamülə qapı açdığına bir daha inandım. Və alimin əsər­­lə­rini vərəqlədim, elmi yaradıcılığına rəğbətim daha da artdı, ona görə uğur qa­za­­nır­dı ki, daxilən təmizdi, paxıllıqdan uzaqdı, psixoloji tutumu zəngindi. Yadıma aka­­demik A.B.Miqdalın fikri düşdü: “Elmi yaradıcılıqla əlaqədar əsas psixoloji nai­­liy­yətlər özünü təsdiq, maraq, özünüifadə kimi amillərdir”.

F.Ə.Seyidovun dərslik yaradıcılığı bir yana, Qori (Qazax) Müəllimlər Semi­na­riyası haqqında monoqrafiyaları xüsusi qeyd olunmağa dəyər: “Qori Müəllimlər Se­minariyası və onun məzunları “(1988) (Azərbaycan və rus dillərində), “Maari­fi­mi­zin təkrarsız xəzinəsi” (2001), “Azərbaycan Pedaqoji fikir tarixindən səhifələr” (2002), “Soy kökümüzdən gələn pedaqoji fikir” (2004), “Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair” (1997), “Uşaq ədəbiyyatında tərbiyə məsələləri” (XIX-XX əsr­lər, 2006). Siyahı oxucunu heyrətləndirməyə bilməz. Mənim üçün bu gün tə­səl­lim ondadır, bu kitabların yaşantısını müəllifilə bərabər mən də keçirmişəm. Əlyazmalarını həvəslə, təmkinlə oxumuşam, qeydlər aparmışam, Fikrət müəllimi ra­zı sala bilmişəm, xüsusilə, ötən əsrin ilk on illiyində yazılmış bu kitablara qədər pro­fessor F.Seyidovu türk xalqlarının təlim – tərbiyə tarixi çox düşündürürdü. Xa­tır­layıram, iki yaz məzuniyyətini götürüb qardaş Türkiyəyə getdi, iki məqsədi var­dı. Birincisi, “Qaranilər” nəslinə məxsus Seyidovların vaxtilə o məkana köçmüş sağ qalan qohumlarını tapmaq və arxivlərdə işləmək. Hər iki səfəri yetərli olmuş­du: Qaranilərdən yaşlıları və onların uşaqlarını tapmışdı, mətbuatda bir neçə mə­qa­lə çap etdirdi. Və yazmağı qərarlaşdırdığı əsəri tamamlasın. “Türk xalqlarının tər­bi­yə və məktəb tarixinə dair”i 1997-ci ildə nəşr etdirdi. Pedaqoji fikir tariximizdə, türk­lər də daxil olmaqla ilk araşdırma idi.

Fikrət müəllim nikbin, öz potensial enerjisinə güvənən, gəncləri bu istiqamə­tə həvəsləndirən şəxsiyyətdir, yetirmələri həmişə bunu söyləmişlər, Pedaqoji Uni­ver­sitetdə bizə dərs deyən illərdə (1959-1962) də şahidiyəm. Heç düşünərdim ki, on illər keçəndən sonra, bir kafedrada çalışarkən öz iradəsinə, yaradıcılıq enerjisinə sa­diq qalacaqdır, işləmək gücünə qadirdir. Bu dəyərləri duyanda psixoloq, pro­fes­sor B.Q.Ananyevin  sözlərini fikrimdən keçirdim: “Mənə aydın oldu ki, insan mak­si­mumda, yəni çox ciddi gərginlik şəraitində yaşaya bilər. Mən gizli imkanları gör­düm, adətən, onları hiss etmirik. Mən başa düşdüm ki, insan qadirliyi məsələsindən va­cib problem yoxdur. Mən başa düşdüm ki, insan hər şeyi bacarır”.

Fikrət Seyidov çalışırdı ”Pedaqogika” kafedrasında gənclərə insanda daxili ener­jinin tükənməzliyini təlqin etsin. Kafedranın dosentlərindən İnqilab Xəlilov, Oq­tay Abbasov, Vidadi Bəşirov, Jalə Mustafayeva ilə söhbətlərində bu yanaşma­nın şahidi olmuşam, özüm üçün nəticələr çıxarmışam. Son on illərdə, yaşı altmış çağ­larında mənə bir “sirr” gəldi: – Xeyli yaşamışam, yaddaşım yerindədir, arxivim də zəngindir, ürəyimdən keçir ki, memuar qələmə alım, adını müəyyənləşdir­mi­şəm: “Aslanbəylidən başlanan yol”, bir xahişim var, qələminə bələdəm, kompyuter va­riantıdır. Çətin olmaz ki?

Düzü, sevindim. Sözünə dəqiq olan ustadımla səhər bul­varda görüşdük, çay­xa­nadaca vərəqlədim. Memuar məni o qədər tutdu səhəri – şən­bə günü “Ağ qay­tan­lı qovluğun sirri” adlı ön söz yazdım. Bir təklifimi çat­dır­dım: “Müəllim. Me­mua­rın adını bəlkə “Aslanbəylidən başlanan xatirələr” qoyaq? Ra­zılaşdı. Əsər qısa müd­dətdə 2000-ci ildə işıq üzü gördü mənim müqəddiməmlə. (Pe­daqoqlar arasında ilk janrda yazılıbdır). Budur, sarı rəngli kitab (350 səhifə) qar­şımdadır, neçə dəfə oxu­muşam, dəyərli siyasi və sosial faktlarla, müxtəlif tə­biət­li adamların düşün­cə­lə­ri­lə, ata – ana məhəbbətinin qüdsiyyətilə dolu, ağır illə­rin yaşantıları ilə bərabər zəngin bir ensiklopediya! Belə deyərdim! Məni 20 ildən son­ra daha da kövrəldən, müəl­limim Fikrət Seyidovun yoxluğuna içimdən göy­nə­dən müəllifin avtoqrafı: “Əh­­məd müəllimin oğullarından biri kimi borcunu artıqla­ma­sı ilə yerinə yetirmiş və əsərin giriş hissəsi ilə Əhməd müəllimi yenidən yaşat­mış təmiz, pak, mənən zən­­gin, humanist dostum, tələbəm Allahverdi müəllimə ən xoş arzularla, 03.05.2000”. Mən bu qərib sətirləri ruhumda son və əbədi mən­zi­li­mə­cən apara­ca­ğam! Məzarımda yeganə təsəllim olacaqdır!

Yadıma qeyri-adi hadisə düşür, övladlar üçün örnək olar – Valideynlərini sağ ikən itirənlər üçün: Atası ömrünün təxminən bir ilini təkidilə doğulduğu Qaza­xın Aslanbəyli kəndində yaşadı, torpağın gücü idi bu. Həyat yoldaşı Abihəyat ilə doğma ocağında. – Son bir ilində atamın xəstəliyi ağırlaşmışdı, nadir dərman­la­ra cid­di ehtiyac duyulurdu. O ili hər şənbə günü Bakıdan maşınımla çıxır, dərman və baş­qa nə lazımsa alıb Aslanbəyliyə özümü çatdırırdım. Gecəni ata – anamla, on­la­rın nəfəsilə yatırdım. Səhərisi kənddən çıxıb Bakıya çatırdım. Birinci gün dərs­lə­rim başlayırdı. Atam təkid edirdi ki, Fikrət, bu yolu bir ildir gəlib –gedirsən, əziy­yət­­dir. Mən özümü o yerə qoymurdum: – Baba, (atamı belə çağırırdım) borcum­dur, təki sən rahat ol. – Oğul sözüdür…

Zarafat, mübaliğə təsiri də bağışlayar, lakin fakt danılmazdır. Fikrət müəllim be­lə oğul – insan olmuşdur. Əhməd müəllim ölümünə (31 sentyabr, 1977) üç gün qal­mış həyat yoldaşına deyib: “Abihəyat, Fikrətə etdiklərimin hamısı ona halal ol­sun. O, oğulluq borcunu tam yerinə yetirdi. Ondan artıq dərəcədə razıyam”.

Fikrət müəllimin yeganə həzz mənbəyi evdə ailə ocağı, bayırda sevdiyi müəl­limlik peşəsi, dostları ilə söhbət olmuşdur. Ürəyi dolan vaxtı iş otağında yazı sto­lunun arxasında işləmək. Yetmiş-yetmiş beş yaşlarında elmi əsərlərini bir-bi­rinin ardınca oxucuların ixtiyarına vermək ehtirası. Mənim üçün bu yaradıcılıq sirri bəl­lidir, güclü sevmək hissidir. Təbii ki, hisslər də qocalır, halsızlaşır. Professorda bu ruh heç vədə öləziməmişdir. Böyük yazıçı Markesdan iqtibas gətirəcəyəm: “Mən in­sanlara sübut edərdim ki, qocalmağa başlayanda sevməyi bacarmadıqlarını gü­man edənlər daha çox yanılırlar: əksinə, onlar məhz sevmədiklərinə görə qoca­lır­lar”.

Fikrət müəllimdə güclü yaşamaq və yaratmaq instikti vardı, həssas davranış vər­dişi öz yerində. Müdriklik xas idi, xeyirxahlıq təbiətində idi, nəfsi toxdu.

Bul­var­da oturmuşduq, söhbət hərlənib bu mövzuya gəlmişdi. Mən dedim ki, bu an­la­yı­şa quru, çəkisiz hal kimi yanaşmazdım, olur ki müdrik danışır, özünü apar­mağı da müd­rik təsiri bağışlayır, ancaq hərəkəti çirkabdır, xeyirxahlığı sözün­də­dir, nəfsi ali­dir. Mən bu mövcudu qəbul eləmirəm. Sokrat da bu mövqedədir ki, müdrik olan yal­nız Tanrıdır, ilahi müdrikliyə məhəbbət gözündə anlanılmalıdır.

– Belə görürəm, müdrik insana özünə məxsus yanaşma var. – Fikrət müəl­lim bu dəqiqələrdə Xəzərə tamaşa etməyini üstün tutmuşdu, amma bu, bir dəqiqə də çəkmədi, üzünü mənə tərəf çevirdi. – Müdrik Allaha məxsusdur. Allahı təbiət­dən ayrı götürməməliyik. Onda belə çıxır ki, Allah ya substansiyadır, ya təbiət. Hə­qi­qət elə Tanrının özündədir, Kainat onun tərəfindən idarə olunur, çünki Allah öz ya­ratdıqlarının mövcudluğunun səbəbkarıdır. – Oturduğumuz skamyaya qayıtdıq. –

Belə halda təbiətdə heç nə yoxdur, adi daş da öz xidmətini görür: ya sükutu ilə, ya da tərsinə. – Fikrət müəllim dilləndi.

Mənim yadıma böyük şairimiz Əliağa Kürçaylının şeirindən misralar düşdü:

Daş insan oğlunun evi, otağı,

Öləndə buz rəngli məzarı olub.

Daşlar dəyirmanda elin dayağı,

Heykəl də bir xalqın vüqarı olub…

Fikrət Seyidova vüqarlı yaşamaq yaraşırdı, nümunəyə çevrilirdi. Və əbə­diy­yə­tə də bu təsirlə qovuşdu.

Bu vaxt mən görkəmli pedaqoq, professor, unudulmaz müəllimim Fikrət Se­yi­dovun məzarına baş çəkməyi arzuladım. Onun qəbri üstündə bitmiş alaq otları tə­miz­lənmişdimi? Bəli, bir cüt qızları otların yerinə gül – çiçək əkmişlər. Eynən Sədi Şi­razinin qəbri üstündəki qızılgüllər kimi.