Müdrik xalq və cəzasızlıqdan azğınlaşan məmurlar…

219

Müdrik xalq imkan verərdi ki, bir tərəfdə analar “Balam vay!” nalə çəkib saç yolanda, digər tərəfdə vəzifəli vampirlərin harın balaları eyş-işrət qursun?

Kommunist diktaturasından fəxri adlar, ənamlar, orden-medallar alanlar necə də miskin və rəzil məxluq olublar!

“Əlyövm uruslaşmaq ilə zişərəfiz biz!”

                                                                                              M.Ə.Sabir

Neçə ildir Azərbaycanın siyasət cövlangahında on–on beş nadirəlvücud zat köhlənlərini belədən belə istədikləri kimi səyirdirlər, sözlərinin üstünə söz qoya bilmirsən, iqtidar dağ kimi arxalarında durub, onları dünya malından sirab edib. İstədikləri ölkəyə başmaq seyrinə çıxırlar, qəşəng otellərdə lətif vücudlarına qulluq edib, ən ləziz təamları həzm-rabedən keçirirlər. Bir həqir bəndə cürət edib bunlardan harada olduqlarını soruşsa, cavab verəcəklər ki, biz getmişdik Qarabağla bağlı vaqiələri əcnəbilərə danışmağa…

(Əvvəli ötən sayımızda)

Deməsəm olmur!

1956-cı ildə Üzeyir bəyin məşhur “O, olmasın, bu olsun” əsərini lentə çəkdilər. Rejissor Hüseyn Seyidzadə idi. Fikrət Əmirov kişinin musiqisinə bir az əl gəzdirdi, danışan olmadı. Nə qədər olsa, Fikrət Əmirov istedadlı bəstəkar idi, özü də böyük Üzeyir bəyin sadiq şagirdlərinin biri sayılırdı. Rəssam işinə söz ola bilməzdi, Əlisəttar Atakişiyev böyük əmək sərf edib dövrün bütün geyimlərini, aksessuarları, müxəlləfatı bərpa etmişdi. Bu filmdə ən gözəl, ən yadda qalan hissə köhnə Bakının bazarı idi. Bundan sonra mən heç bir filmimizdə belə dolğun, belə dəqiq, qüsursuz kadrlar görmədim. Rəhmətlik Hüseyn müəllim burada demək olar ki, bütün istedadını ortaya qoymuşdu.  Yaxşıya yaxşı deyərlər, bağışlanılması mümkün olmayan səhvlərə göz yummaq isə kişilikdən deyil. Söhbət millətimizin iftixarı Üzeyir bəydən gedir.! Filmin ssenarisini yazan bir neçə zəif komediyanın müəllifi Sabit Rəhman idi.

Filmin əvvəlində su növbəsində duran qadınları görürük. Bakı camaatının su ilə necə təchiz olunduğunu əla bilirik. Qız-gəlinin küçənin ortasında, özü də Bakıda su üçün belə növbədə durması nonsesdir. Elə buradaca şərq qadınlarının ağır vəziyyətdə kölə günündə yaşaması barədə moizə səslənir. Üzeyir bəyin əsərində bu yoxdur!

On illər boyu murdar bir dəb yaranmışdı, qadından söhbət düşərkən elə bir “ziyalı” yox idi ki, Mərkəzi Komitənin ideoloqlarına xoş gəlmək xatirinə Azərbaycan qadını, onun vəziyyəti barədə ağzına gələn hədyanı danışmasın. Sabit Rəhman da dəstədən geri qala bilməzdi.

Rüstəm bəyin  qumarxanda uduzması, kartları cırıb atması, sonra da borcunu qaytaracağına söz verməsi başdan ayağa uydurmadır. Üzeyir bəydə bu da yoxdur. Kommunist yazarlar mütləq din xadimlərini fırıldaqçı, hörmətli tacirləri xəsis, dargöz, bəyləri də qanmaz, qaniçən, qumarbaz kimi təsvir etməli idilər. Və bunu da canfəşanlıqla edirdilər. Əsərdən bəlli olur ki, Rüstəm bəy elə vəziyyətdə deyildi ki, pullu, sərvətli neftxudaların, iri mülkədarların əyləndikləri yerlərə gedəydi.

Üzeyir bəy “intiligent” Həsən bəyin simasında bütün ruslaşan soydaşlarını rüsvay etmişdi. Özü də böyük ustalıqla istədiyinə nail olmuşdu. Həsən bəyi  “fransız” edən Sabit Rəhman idi. Çarizm dövründə ruslaşan ədabazları ələ salana , tənqid edənə üsuli idarə məhəl qoymazdı. Sovet hakimiyyəti zamanında isə bunu etmək cinayət sayılırdı. Kimin nə hünəri vardı doğma dilini bir yana atıb, rus dilinə üstünlük verənə güldən ağır söz deyəydi? Sabit Rəhman isə yuxarıdan bir “malades” sözünü eşitmək xatirinə Üzeyir bəy kimi dahinin əsərinə müdaxilə etməkdən çəkinmədi. Bu xarabada həmişə olduğu kimi etiraz səsini qaldıran kişi tapılmadı. Rüstəm bəyin evində qonaqlıqdan sonra məclis əhlinin sərxoş rus mujikləri kimi bir-birilərini kötəkləmələri, əlbəyaxa uydurmadır.

Axı əsərdə “şuluqluq düşür” sözü işlədilib, sonra da qonaqlar Məşədi İbadı da, “intiligent” Həsən bəyi də qınayırlar. Vəssəlam, ara sakitləşir… Bu qondarma dalaşma səhnəsi filmə qəsdən salınmışdı, məqsəd həmişəki kimi azərbaycanlıları vəhşi, hətta çörək süfrəsinə hörmət qoymayan gəda sürüsü kimi göstərmək idi. Amma qoçu Əsgərin qaçaraq qadın hamamına girməsi, küçədən keçən qadının başından çadranı çıxarıb ona bürünmək istəməsi, qadının tumanını başına çəkməsi əsl biabırçılıq, milləti ələ salmaq idi. Yaxşı oldu ki, bir müddət nümayiş etdiriləndən sonra, bu tuman məsələsini kəsib atdılar. İndi desəm ki, bunu kimin təkidi və əmri ilə ediblər, heç kim inanmayacaq. Aktyorların misilsiz oyunu ilə filmin qəbahətlərini ört-basdır eləmək mümkün oldu.

… Bəziləri deyinəcək ki, əşşi, yarım əsrdən çox vaxt keçib, indi daha heç kimin heç nə vecinə deyil. Düz sözdür, bu məmləkətdə laqeydlik, biganəlik, arsızlıq çoxdan qanımıza, iliyimizə sirayət edib. Neçə ildir ki, yazıram. “Dəli Kür” filmi millətimiz üçün böyük həqarətdir, burada birinci kadrdan başlamım sona qədər hər şey uydurmadır.

Milli hissləri qıcıqlandırmaq xatirinə bəzi personajların dili ilə qulaqda yaxşı səslənən sözlərin işlənməsi, Novruz bayramının göstərilməsi və bir neçə mənasız detallar bu filmin əhəmiyyətini artırmır. Dəfələrlə yazmışam ki, rəhmətlik İsmayıl Şıxlını bütləşdirən alimnümalarla istənilən vaxt, istənilən yerdə görüşüb fikirlərimi sübut etməyə hazıram.

Onu da deyim ki, hələ sağlığında neçə-neçə ziyalının yanında mən bütün iradlarımı, tənqidi fikirlərimi o kişiyə bildirmişdim. Mətbuatda da nə lazım idi demişəm. Avqustun 19-da telekanalların birində yenə də “Dəli Kür” filmini göstərirdilər. Oturub bir də diqqətlə baxdım… Otuz ildə bu başı bəlalı torpaqda doğrudan da sözü üzə şax deyən, kompromisə getməyən vətəninin tarixini hər tərəfli öyrənmiş bir tarixçi yetişməyib. Tənqiddə bir meyar olub, filankəs bizim yerlidirsə, deməli nə yazsa şedevrdir.

Psevdotarixi filmlərin yaradıcılarına, materialı tamam-kamal öyrənməmiş ssenaristlərə, rəssamlara da münasibətim pis olub. Bu güruhun Azərbaycan gəncliyinin dünya görüşünə vurduğu rəxnəni təsvir etməkdə qələm acizdir. Özünüz deyin, millətimin qanlı cəlladlarını “26 Bakı komissarı” filmində mədh edən İsa Hüseynova niyə rəğbət bəsləməli idim? Mənim Azərbaycanın “ayran vətənpərvərlərinə” həmişə bir sualım olub, otuz il ərzində bu xalqın içimdən niyə bir intiqamçı, qan, namus qisasını alan bir cəngavər, nəhayət bir dılqır terrorçu da çıxmayıb? Bir Mübariz çıxmışdı, onu da hansısa zinadan törəyən ləkələdi, nə kollektivində üzünə tüpürüb onu işdən qovan oldu, nə də yaşadığı məhəllədə evini başına uçurtmadılar. Mən hələ onda yazmışdım ki, ermənilərin arasında beləsi çıxsaydı, onu bütün nəsli ilə bir gecədə yox edərdilər.

…Televizora baxmaqda peşman olursan. Erməni nasistlərinin tükürpədən cinayətləri göstərilir, “daimi ştatda” olan məddahların, şərhçilərin zəhlətökən çıxışları da öz yerində, tox həyatdan üzləri işıldayan yekəqarın “vokalistlər” və açıqdan açığa ekran vasitəsilə özlərini şorgöz dövlətlilərə təqdim edən “xanımlar”… Bu son üç-dörd ayda “qisas” sözünü mən ancaq hörmətli Prezidentin dilindən eşitmişəm.

Yeni Əhmədlidə yaşadığım evin tinində balaca bir taksi dayanacağı var. Onu görürsən ki, vaxt-bivaxt orada sürücülərin yanına dörd-beş bekar cəm olub nədənsə danışırlar. Taksi sürücülərinin biri qoca rusdur, özü də Bakıda böyüyüb, bizim dili də lap yaxşı bilir. Amma bir kəlmə də danışmır!

Günlərin bir günü dözməyib qoca rusla mırt vuran bizim subyektlə iki-üç kəlmə kəsdim.

  • Bacı oğlu, bu qoca rus haramzada qəsdən bizim dildə danışmaq istəmir. Sizə nə düşüb, beş-altınız bir yerdə ona xoş gəlmək üçün ölüm-zülümlə, özü də dili əməlli bilmədən danışrsınız? Axı sən doğma evindəsən, Ryazanda, ya da Tulada deyilsən. Dədə-baba yurdunu erməni köpəkləri məhz rusların köməyi ilə işğal edib və indi də bizi göz açmağa qoymurlar…

Uzun sözü qısası, Sarbonna filoloqlarına baş ucalığı gətirə bilən bəlağətimi ortaya qoydum, axırda da bunu eşitdim: – Dilimiz öyrəşib!

  • Nəyə öyrəşib? Axı danışdığınız dil multanı dilidir. Öyrəşib deyəndə, axı sən məktəbdə rus bölməsində oxumamısan, nəslində tumluq da rus yoxdur…

… Əminəm ki, hörmətli oxucum, Siz də tez-tez “dilimiz öyrəşib” sözünü eşitmişiniz. Naqislər nadanlıqlarını, gəda xislətlərini həmişə bu sözlə ört-basdır etməyə çalışıblar.

… Niyə kişi kimi etiraf etmirik ki, dil məsələsində biz Baltikyanı ölkələrdən, Gürcüstandan, Ermənistandan çox geridəyik. Niyə  etiraf etmirik ki, məmləkətdə ruslaşmanın ikinci dalğası qalxıb.  Space telekanalında rus dilində elə mahnılar eşitmişəm ki, təəccübümdən donub qalmışam. Rusiyanın özündə 75 il bundan əvvəl Utyosovun ifasında səslənmiş, hamının da yadından çıxmış mahnıların Bakıda hansısa ruslaşmış avaranın köməyi ilə ortaya atılması nə deməkdir? Bu bir  də sübut elədi ki, ölkədə efir yiyəsizdir, orada kim istəsə ağalıq edə bilər, edirlər də.

Heç kim cürət edib məni inadkarlıqda günahlandırmasın. Respublikada Moskva agenturası bütün sahələrdə xərçəng metastazı kimi rişə salıb əlindən gələni beş qaba çəkirsə, mən niyə qorxub çəkinməliyəm. Məhz bu agenturanın səyi nəticəsində millətin keçmişini, dinini, imanını zaman-zaman ləkələyən, tarixini tanınmaz günə salan psevdotarixi filmlər yenidən nümayiş etdirilir.  Neçə nəslin mənən şikəst edilməsində müstəsna xidmətlər göstərmiş ordenli, medallı şair və yazıçılar yenə də təriflənirlər. Adamı hiddətləndirən odur ki, zülümlə əldə olunmuş müstəqillik illərində gəncliyi yolundan azdıra bilən, onlarda dədə-baba dininə, gül kimi adət-ənənələrə qarşı hörmətsizlik hissləri oyadan əbləhanə filmlər yenə də nümayiş etdirilir və heç kim dillənmir.

İllər keçib, sovet hakimiyyəti dövründə tarixi şəxsiyyətləri partiya təşkilatlarının mühazirəçiləri səviyyəsinə endirib, rus irticasının müstəmləkə siyasətinə haqq qazandıranlar və bu “vətənpərvər” zəhmətləri müqabilində hər cürə fəxri ad, mükafat alanlar yenə də səslərini qaldırıblar. Bilməmişdik, heç demə bu kişilər əsl dissident imişlər, sovet senzurasına qarşı heç demə bunlar kimi mübarizə aparan olmayıb. Babəki, Nəsimini, Nizamini Dədə Qorqudu gorbagor edənlər, Üzeyir bəyin, Mirzə Cəlilin irsinə qənim kəsilənlər utanıb qızarmadan telekanallardan bizlərə vətənpərvərlik dərsi verirlər. Bunlara deyən yoxdur, a kişilər, yaşınız ötüb həyatda məstkam olmusunuz, oğul-uşağınız üçün gün ağlamışınız, bu xalqa nə vermişiniz ala bilmirsiniz, qoyun yetişən yeni nəsil sizin qələtlərinizi düzəltsin.

Sovet hakimiyyəti illərində belə idi, film çəkilirdi, sonra da Mərkəzi komitədə işləyən “hörmətli yoldaşlar” ona qiymət verirdilər.

Təfəkkürü, dünya görüşü orta məktəbdən ruslara, Moskvaya sədaqət ruhunda köklənmiş partiya bonzlarını bir məsələ maraqlandırırdı., təki lap yuxarıda oturanlar razı qalsınlar, vəssəlam!

Zay film ekranlara çıxırdı, bütün tənqidçiləri bir sözlə susdururdular, Mərkəzi Komitə bəyənib! Gəl bundan sonra danış, görüm necə danışacaqsan.

Bu son otuz ildə bir dəfə görmədim ki, özlərini alim, ziyalı sayan güruhun içindən üç-dörd kişi çıxıb istər ekranlarda, istərsə də səhnələrdə tüğyan edən simasızlığa, xalturaya qarşı mərdi-mərdanə sözünü desin.  Desin ki, ay namərdlər, Azərbaycanın hansı bölgəsində hansı qəsəbəsində “Dəli Kür” filmində göstərilmiş əxlaqsız vaqiələr baş verib?

Desin ki, pravoslav dinində əsrlər boyu onlarla murdar, normal insanların ikrahla yanaşdığı cərəyanlar, sektalar olub, indi də var! Ruslar bir daş altda, bir daş üstə deyərək onlar barədə səslərini çıxarmayıblar. Bəs sizlərə nə düşüb, vaxtilə “Allahsızlar ittifaqı” xalqın dininə, imanına az zərbə vurmuşdu? İndi siz o estafeti niyə daşımaq istəyirsiniz? Sizlərə kim ixtiyar verib ki,  düşmənlərimizi sevindirəsiniz?

Desin ki, gedin, arxivlərə, görün “qolçomaqlara” qarşı mübarizə aparılanda, kolxozlar yaradılanda, islam dininə qarşı total hücum başlayanda lümpenlərdən təşkil edilmiş komsomolçu dəstələr nə          qədər günahsız insanı məhv edib, nə qədər zavallını “əksinqilabçı ünsür” ittihamı ilə sürgünə göndəriblər. Bütün varlığımla əminəm ki, ö dövrün materiallarının lap cüzi hissəsini öyrənən adam ”Yeddi oğul istərəm” filmini yaradanlara da, onu tez-tez nümayiş etdirənlərə də lənət oxuyacaq.

Firuz HAŞIMOV