Mübarizələrdə keçən şərəfli bir ömür…

63

İbrahim İbrahimli
İstiqlalçı deputat 

 
Həyatını   insanların   sağlamlığı   yolunda    qurban   vermiş   əqidədaşımız – həkim Zakir  Xəlilovun    əziz   xatirəsinə…
 
O,  1980-lərin  sonlarına    yaxın  Xalq  Hərəkatının,   1989-cu  ildən  Xalq  Cəbhəsinin, ardınca  Müsavat  partiyasının,   2015-ci  ildən isə ADR Hərəkatının   sıralarında – tam 33 il daim mübarizə meydanlarında oldu.    
 
Son ana qədər müsavatçılıq    ideyalarına və apardığı mübarizə yoluna  sadiq qaldı. Koronovirus pandemiyasından əziyyət çəkən xəstə vətəndaşlarımızın sağlamlığı uğrunda mübarizədə öz ömrünü fəda etdi – şəhid oldu.

Ağlıma gəlməzdi ki, nə zamansa, Zakir haqqında esse yazıb onunla həkim Ryö arasında paralellər aparacağam.   Başqalarını xilas etmək naminə öz həyatını təhlükə altında qoyan həkim Ryö “Taun” romanının əsas qəhrəmanıdır. O, ətraf aləmdən təcrid olunmuş şəhərdə yaşayan insanların ölümcül xəstəlikdən dolayı sonsuz əzabına şahidlik edir… həyatı bahasına taun epidemiyasına yoluxmuş   yüzlərlə insanı sağaldır.

Əsər başqalarını xilas etmək naminə öz həyatını təhlükəyə atan mübariz insanların fədakarlığından bəhs edir. Hadisələr taun epidemiyasının  yayıldığı və xarici aləmlə əlaqələri kəsilmiş iki yüz minlik sakini olan bir şəhərdə – Oranda cərəyan edir.   Şəhərdəki taun epidemiyasının təsviri, əslində, simvolik səciyyə daşıyır. Taun Fransanı- bütün Avropanı bürüyən faşizm özü idi, məcazi mənada o ölümün və pisliklərin rəmzi idi.

Albert Kamyu fəlakət qarşısında ölümlə üz-üzə  qalan insanların psixologiyasında baş verən dəyişiklərin alt qatlarına enir və onu incəliklərinə qədər təsvir edir. İlk günlərdə və aylarda şəhərin sakinləri taunun reallığını qəbul etmək istəmirlər. Adi – normal vaxtlarda olduğu  kimi yenə şəhərin küçələrində boş-boşuna veyillənir, kafelərdə kart oynayır, laqqırtı vurur və vaxt öldürürdülər.

Ancaq xəstəlik yaşına, cinsinə, sosial statusuna fərq qoymadan uşaqdan böyüyə qədər qarşısına çıxan hər kəsi öldürür. Ölənlərin sayı artdıqca sakinlərin bir hissəsi qorxu və təlaş içərisində şəhəri tərk edirlər. Qalanlar isə şəhərdə tuğyan edən tauna qarşı  mübarizə aparırlar.  Onlar adi günlərdə tanınmayan,  görünməyən sadə insanlardır. Sadəcə, ekstremal şəraitin təbii şəkildə üzə çıxardığı bu insanları qəfil gələn fəlakət – taun birləşdirir. Normal durumdan fərqli olaraq, ekstremal şərait xəstəlikdən qorunub, sağ qalmaq uğrunda mübarizə aparan  bu insanların xarakterini – əsl simasını bütün çılpaqlığı ilə açıb üzə çıxardır.

Albert Kamyu bütün yaradıcılığı boyu, demək olar ki, hər bir əsərlərində ölümün qaçınılmazlığı qarşısında həyatın, yaşamağın mənası nədir və ölümə rəğmən necə yaşamaq lazımdır kimi suallara cavab axtarır.  Məsələn, Keşiş Paneluo çıxış yolunu ibadətdə tapır, taunu insanların bu günə kimi işlətdikləri günahların cəzası olaraq görür və bu cəzaya layiq olduqlarını düşünür.   İnsanların günahlarını bağışlamaq üçün Allaha dua edir.

Allahın varlığına inanmayan həkim Bernar Ryö isə taunu bir pislik – şər olaraq qəbul edir və çıxış yolunu pisliyə – şərə qarşı mübarizə aparmaqda görür və yaxşıların pislərə, xeyirin şərə qalib gələcəyinə inanır. O, insanları sevir, onları xilas etmək üçün bir həkim kimi həyatını təlukəyə atır… canı bahasına xəstələri  ölümdən xilas edir.
Sonda həkim Ryö və dostları tauna qarşı mübarizədə qalib gəlirlər.  Ancaq  Ryö bir həkim kimi bu uğurun keçici olduğunu və taunun bir gün yenidən qayıda biləcəyini düşünür:

“… O, tauna qalib gəlib şadlıq edən kütlənin bilmədiyi  bir həqiqəti dərk edirdi. Ki, taun mikrobu heç zaman ölmür, yox olmur… onillər boyunca hansısa mebelin alt qatında, paltar dəstininn arasında mürgüləyə, yataq otağında, zirzəmidə, çamadanda, burun dəsmallarında, divar kağızlarında səbirlə öz vaxtını gözləyə bilir və günlərin  birgünü qəfildən yenə peyda olur…”
 
Zakir həkimin 60 illik yübleyində ona bağışladığım “Taun” romanın arasına yazıb qoyduğum sətirləri xatırlayıram: “Alber Kamyunun bu əsəri insan faciəsindən, dar günlərin psixozundan, mərhəmət hissindən, vicdan borcundan, gələcəyə ümiddən, nikbinliyin daima qorunması zərurətindən, mübarizə əzmindən, həyat eşqindən, bir sözlə, ekstremal situasiyaya düşmüş insanların hiss və həyəcanlarından bəhs edir. Yazıçı digər əsərlərində olduğu kimi, bu əsərində də ölümün qaçınılmazlığı qarşısında həyatın, yaşamağın mənası nədir və ölümə rəğmən necə yaşamaq lazımdır kimi suallara cavab axtarır…

Həkim Ryö bu suallara cavab tapır… Və o biri dünyada vəd olunan rahatlıq haqqında хristian ideyasına qarşı çıхaraq, həyatın mənasını  gündəlik işdə, daimi fəaliyyətdə, bitib-tükənmək bilməyən mübarizədə  görürdü.

Sən də həmkarın Ryö kimi həyatın mənasını mübarizədə görürdün… 1980-lərin  sonlarına    yaxın  Xalq  Hərəkatının,  1989-cu   ildən  Xalq  Cəbhəsinin, ardınca  Müsavat   partiyasının,  2015-ci  ildən isə ADR Hərəkatının   sıralarında – tam  33  il  meydanlarında   oldun və  mübarizələrdə keçən şərəfli bir ömür yaşadın.

Yəqin ki, pandemiyadan sonra Yer kürəsində canlıları gözləyən təhlükələrdən qaçıb qurtarmaq üçün insanlar fərqli bir bir planet axtarışına çıxacaqlar.  Əslində,  uzun müddətdən bəri Marsın məskunlaşmasına dair gedən müzakirələr birbaşa olmasa da, dolayısı ilə Yer kürəsinin yaşamaq üçün artıq əlverişsiz hala düşdüyünün insanlar tərəfindən acı etirafıdır. Ancaq   on beş milyard ildə orqanik həyat formalaşan Yer kürəsinə  hələ də adabtasiya ola bilməyən insanın Yerdən fərqli bir planeti həyat üçün əlverişli hala gətirməsi olduqca çətin bir məsələdir. Ona görə də Yer kürəsindən qaçmaq haqqında deyil, onu yaxşılaşdırıb yaşamaq haqqında düşünmək lazımdır”.

P. S. Albert Kamyunun “Nobel mükafatı” mərasimindəki çıxışından bir arayış: “Hər bir nəsil, şübhəsiz hiss edir ki, dünyaya dünyanı dəyişmək üçün gəlib, amma bizim nəsil daha böyük bir missiyanı daşımağa məhkumdur. Bizim nəsil bilir ki, dünyanı dəyişə bilməyəcək, buna baxmayaraq var gücü ilə dünyanın özünü məhv etməsinin qarşısını almaq haqqında düşünür”.