Müasir dünya və Azərbaycanda ekologiya

    15

    21-ci əsrdə ekologiya bir elm səviyyəsini aşmış, bir növ çağdaş irəliləmiş sənayesonrası toplumun ideologiyasına çevrilmişdir

    Hal hazırda dünyanın inkişaf etmiş dövlətləri sadəcə öz regionlarında deyil, eləcə də geri qalmış ölkələrdə belə, ekoloji problemlərin həllinə xüsusi əhəmiyyət verirlər. Ona görə ki, bəşəriyyətin eko sistemi artıq hər hansı bir məkan üçün deyil, ekoloji böhran və ya problemlərin dünyəvi xarakter daşımasının fərqinə varılmaqdadır. Bu istiqamətdə elmi konseptual yanaşma strategiyası çərçivəsində alimlər tərəfindən ciddi şəkildə araşdırmalar da aparılmaqdadır. Məqsəd XXI yüzildə gözlənilən ekoloji problemləri dərhal, yerindəcə həll etmək, bəşəri faciələrin qarşısını almaqdır. Yen Universitetinin məşhur bioloq alimi E. Hekkel tərəfindən 1866-cı ildə təməli qoyulmuş ekologiya elmi bu gün dünyanın ən bahalı sahəsi hesab olunur.

    Qeyri-siyasi yeni problemlər

    Avropada XVIII yüzillikdə başlanılan sənaye inqilabının nəticəsində insan və təbiət arasında ekosistem deyilən anlayışların fərqi yaranmağa başladı. Belə ki, sənayeçi maqnatlar təbiəti qəddarcasına istismar etməklə, minillər boyu mövcud olan təbiətin tədricən ekoloji böhranlarla üz-üzə qalmasına səbəb oldular. Bu qeyri-siyasi inqilabi proses bəşəri mənada ekoloji problemlərin dərinləşməsinin belə, fərqində deyildi. Bir yandan kimya sənayesinin inkişafı da sadəcə təbiəti deyil, iri torpaq sahələrinin və meşə zolaqlarının kütləvi şəkildə çirklənməsinə səbəb oldu. Bütün bunlar azmış kimi, neft sənayesinin sürətli inkişafı da yeni-yeni ekoloji böhranlara yol açmış oldu. Buna görə də bir çox alimlər “yırtıcı kapitalizm” siyasətinin qarşısını almaq, təbiətin və torpaqların erroziyaya uğramasının qarşısını almaq üçün bir sıra fundamental tədqiqatlar aparmağa başladılar. Kömür, neft, qaz, filiz və digər faydalı qazıntıların istismarı ilə yanaşı, ətraf mühitin və ekoloji tarazlığın qorunması üçün elmi konsepsiyalar irəli sürdülər. Tədricən sosial mühitin şərtləri daxilində ekoloji problermlərin hansı böhranlara gətirib çıxarması qanunların sayəsində öz həllinə nail olmağa başladı.
    Azərbaycanda ekologiya problemlərinə həsr olunmuş ilk mövzular XIX yüzilin sonlarında ilk dəfə Həsən Bəy Zərdabi tərəfindən Azərbaycan dilində dərc olunan “Əkinçi” qəzeti vasitəsilə gündəmə gətirilmişdir. Ötən yüzilin 50-ci illərindən isə, Elmlər Akademiyası səviyyəsində fundamental araşdırmalar aparılmışdır. Görkəmli alim, akademik Həsən Əliyevin müəllifi olduğu “Həyəcan Təbili” əsəri isə, keçmiş Sovetlər Birliyinin Azərbaycan Respublikasına qarşı apardığı ədalətsizliyə və ekoloji böhranlara yol açan istismara qarşı bir üsyan idi. Qəddarcasına Azərbaycanın füsunkar təbiətinin, təbii sərvətlərinin talan edilməsi, yüzminlərlə hektar ərazilərinin süni şəkildə şoranlaşdırılması kimi ekoloji problemləri qabartmaqla bu görkəmli alim xalqımızın harayını ictimailəşdirməyə nail oldu.

    Sənaye ekologiyasının yaratdığı böhranlar

    Keçən yüzilliyin 70-ci illərində insan fəaliyyətinin biosferaya təsirinin miqyasını dəyərləndirmək üçün yeni “İnsan və biosfera” beynalxalq proqramı qəbul olunmuşdur. Bunun nəticəsində insanın rifahına və yaşayışına təhlükə törədən ən başlıca ekoloji problemlər açıqlanmışdır. Qlobal ekoloji araşdırmalar üzrə beynalxalq əməkdaşlıq davam etməkdədir. “İqlimin dəyişməsi”, “Bioçeşidlilik” kimi layihələr fəaliyyət göstərir. Təbiətin qorunması, onun ekoloji qanunlar əsasında düşünülmüş tərzdə istifadəsi ən başlıca problemə çevrilmişdir. Ekologiya elmi bu problemlərin çözülməsi üçün başlıca nəzəri təməldir. Ekosistem ekologiyasının əsas praktiki nəticəsi ondan ibarət olmuşdur ki, insan toplumu təbiətin durumundan asılıdır, iqtisadiyyat ekoloji qanunlara uyğun qurulmalıdır. Beləliklə öncə ekologiya növlərin təbii tarixi kimi yaranmışdır. Onun predmeti “orqanizm-mühit” müstəvisində olmuşdur. Sonra bu elm bir neçə inkişaf mərhələlərini keçmiş, canlı aləmin mürəkkəb bağlantılar sistemi olduğu haqqında yeni baxışlar formalaşdırmış, sonra isə həyatın təşkilinin bütün başlıca səviyyələrini bürümüşdür. Ekoloji düşüncə həyatın ən başlıca problemlərinin çözülməsi üçün zərurətə çevrilməkdədir. Buna görə çağdaş ekologiya akademik tədris fənni çərçivəsini aşmış, iqtisadiyyətə, siyasətə humanitar sahələrə yayılmışdır. Gələcək soyların ekoloji tədrisinin vacibliyi danılmazdır. UNESKO, UTEP və başqa gurumların özəl komissiyaları fəaliyyət göstərirlər. Onların vəzifəsi insanın praktiki fəaliyyətində ekoloji yanaşmaların tətbiqi və təbliğatından ibarətdir. Beynalxalq qurumların başlıca məqsədi – dünyada baş verə biləcək ekoloji fəlakətin qabağının alınması və ekoloji qanunları tətbiq etməklə toplumların gələcək inkişafını təmin etməkdir. 21-ci yüzilliyin ilk illərində ekologiya bir elm səviyyəsini aşmış, bir növ çağdaş irəliləmiş sənayesonrası toplumun ideologiyasına çevrilmişdir. Bu da bəzən ekoloji elmə xələl gətirir, çeşidli siyasi və iqtisadi oyunlara yol açır.
    Azərbaycan Respublikasında “sənaye ekologiyası”nın fəsadları keçmiş Sovetlər Birliyi dönəmində tüğyan edirdi. Xüsusilə kimya sənayesinin inkişafı adı altında Sumqayıt, Bakı, Şirvan, Mingəçevir və Gəncə şəhərlərində sənaye ekologiyasının acı nəticələri bəşəri faciə kimi qəbul edildi. Sumqayıt havanın kimya zavodlarının həddindən artıq çirkləndirməsi nəticəsində dünyaya gələn ölü körpələrin siyahısında ilk yerlərdən birini tuturdu. Hətta bu gənclər şəhərində ölü körpələrin ayrıca məzarlığı var idi. Azərbaycanın Həsən Əliyev kimi vicdanlı alimləri “Həyəcan Təbili” çalmaqla bu prosesin qarşısını ala bildilər. Bu gün Sumqayıtda həmin faciələrin iz-tozu belə qalmayıb. Çünki müstəqil dövlətin qanunları artıq Kremlin məkrli siyasətinin qarşısını almışdır.

    Ekoloji təhsil sistemi bu gün ən vacib sahədir

    Müasir dünyada texnologiyanın sürətli inkişafı üzvü kimya və qeyri-üzvü kimyanın əks qütblərdə durmasının vacib şərtlərindən birinə çevrilibdir. Bəlli olduğu kimi, üzvü kimya həll olunan və qeyri-üzvü kimya isə həll olunmayan anlayışıları özlərində ehtiva edirlər. Bəşəriyyət artıq qeyri-üzvü kimyanın tullantılarından zərər çəkməkdədir. Bunun üçün xüsusi yeraltı anbarlar tikilsə də, qeyri-üzvü kimya sənayesi durmadan inkişaf etməkdə davam edir. Buna görə də ekoloji təhsilin vacibliyi artıq alimlər tərəfindən xüsusi olaraq qeyd olunur. Bununla da bir yandan natural təbiətin qorunması, digər yandan isə, ekoloji böhranlara səbəb ola biləcək problemlərin qarşısının alınmasına çalışılır. Bunun üçün ekoturların təşkili, ekoloji problemlərə səbəb ola biləcək və təbiəti çirkləndirən amillər gəncələrə əyani şəkildə öyrədilir. Təbiətin çirklənməsinin qarşısının alınması üçün gənclərin erkən yaşlarından maarifləndirilməsi bu gün Azərbaycan cəmiyyətinin ilk vəzifələrindən biridir.
    Mühəndis texnologiyasının hər gün gündəmə gətirdiyi uğurları indi çox ciddi şəkildə nəzarətə almağa başlanılıbdır. Hər hansı bir texnoloji avadanlıq sənaye üçün ixtira olunubsa, ilk öncə onun ekosistemlə bağlı problemləri araşdırılır. Yəni yeni texnoloji avadanlıq təbiətə hər hansı bir zərəri vurmamalıdır. Ətraf mühiti zəhərləyə biləcək, ekoloji tarazlığı pozacaq amillər isə diqqətlə araşdırıldıqdan sonra, həmin texnoloji avadanlıqların istismarına icazə verilir.
    Ekologiyanın qorunması və cəmiyyətin bu yöndə iştirakını təmin etmək üçün, Milli Məclisdə bir sıra qanunlar qəbul edilmişdir. Gənclər və İdman nazirliyi, digər dövlət qurumları, eləcə də özəl sektorun bu prosesdə iştirak etməsi bir sıra uğurlara yol açıbdır. Belə ki, Azərbaycanda turizmin inkişafı tədricən ekoloji problemlərin yerli dövlət qurumları, əhali və işadamları tərəfindən nəzarətə alınmağa başlamışdır. Ona görə də təbiətin qoynunda, eləcə də yaşayış yerlərində çirklənmələr və tullantılar azalmaqdadır. Təbii olaraq, bu sahənin inkişafı ekoloji təhsildən və bu istiqamətdə aparılan maarifçilik siyasətinin tərkib hissəsi olan təbliğatdan qaynaqlanır. Fikrimizcə, orta məktəblərdə sadəcə coğrafiya deyil, kimya, biologiya, zoologiya və digər fənlərin tədrisində ekoloji təmizlik mövzusuna xüsusi yer ayrılmalıdır.

    Təbiətin qorunması və ekoloji sivilizasiya

    Təbiətin qorunması istiqamətində aparılan təbliğatlar və maarifləndirici tədbirlərin sayəsində Azərbaycanda bir sıra milli parklar yaranmışdır. “Zəngəzur milli parkı”, “Şirvan milli parkı”, “Ağ göl milli parkı”, “Hirkan milli parkı”, “Altıağac milli parkı”, “Abşeron milli parkı”, “Şahdağ milli parkı”, “Göygöl milli parkı”, “Samur-Yalama milli parkı” və “Hirkan milli parkı”nı nümunə göstərmək olar. Bu milli parkların ümumi sahəsi isə 310.136,5 hektardan ibarətdir. Faktiki olaraq, Azərbaycan ərazisinin 3,58%-ni təşkil edir. Bu parkların canlandırılması və inkişaf etdirilməsi dövlət tərəfindən xüsusi nəzarət altındadır. Beləliklə də Azərbaycanda bioloji baxımdan bir çox təbiət problemləri də öz həllini tapmış olur. Milli parklarda fauna və floranın qorunması həm də ətraf mühitin inkişafına təkan verilməsi deməkdir. Belə ki, istənilən torpaq sahəsinin erroziyaya uğramasının qarşısını təbii yolla almaq üçün milli parkların xüsusi əhəmiyyəti vardır. Dünyanın inkişaf etmiş ölkələrində demək olar ki, təbiətin qorunması və ekoloji mənada sivilizasiyaya nail olmaq üçün, bir sıra uğurlu proyektlər mövcuddur. Xüsusilə həftə sonları insanlar təbiətin qoynunda dincəlməklə yanaşı, təbiətin dilini də öyrənirlər. Bu yöndə erkən yaşlarından məktəbdə aldıqları təhsil və nəzəri bilikləri təbiətin qoynunda praktik baxımdan tətbiqinə çalışırlar. Avropanın bir sıra ölkələrində mövcud olan sənaye meşə zolaqlarının salınması, uzun nəqliyyat vasitələrinin keçdiyi yolların ətrafında ağacların əkilməsi, otlaq sahələrinin qorunması, dağların və göllərin çirklənməsinin qarşısının alınması üçün keçirilən ümümxalq iməclikləri qeyd etdiyimiz təbiətin qorunması və ekoloji sivilizasiya düsturunun müsbət həlli deməkdir.

    Təbiət bizim evimiz və sağlamlıq mənbəyimizdir

    XVIII-XIX yüzilliklərdə varlı zadəganlar özləri üçün istirahət məqsədi ilə bağ evləri inşa etməyə başladılar. Daha sonra ekoloji baxımdan insan orqanizmi üçün daha uyğun ola biləcək ağaclar əkmək siyasətini gündəmə gətirdilər. Bu, həm də insan orqanizminin tam sağlamlığı üçün ən doğru addım idi. Qırmızı sidr ağaclarının əkilməsinə isə xüsusi diqqət yetirirdilər. Çünki, bu ağac istənilən ağaclardan fərqli olaraq 20-30 dəfə daha artıq oksigen buraxır. Qırmızı sidr ağacının sayəsində insanlar ağ ciyər və digər bronxit və xroniki xəstəliklərin təbii yolla müalicəsinə nail olmağa başladılar. Beləliklə də demək olar ki, İsveçrə, Avstriya, Fransa, Rusiya, Çexiya, Slovakiya, İtaliya, Polşa, Ukrayna və digər dövlətlərdə təbiətin qorunması və sağlamlıq mənbəyi ideyası sənaye xarakteri almağa başladı. Bununla da insanlar sadəcə turist kimi dincəlməyi deyil, həm də təbiətin mərhəməti sayəsində müalicə olunmağa başladılar.
    Azərbaycanda da təbiətin sayəsində insanların sağlamlığı üçün çox böyük resurslar mövcuddur. Gəncə, Naxçıvan, Gədəbəy, Tovuz, Qax, Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Quba, Lənkəran, Astara, Yardımlı, Lerik və digər bölgələrimiz bu baxımdan öz təbiəti ilə zəngindirlər. Təəssüflər olsun ki, işğal altında olan Qarabağ və onun ətraf rayonlarının təbii resurslarından, insan sağlamlığı üçün faydalı olan mənbələrindən bu gün istifadə edə bilmirik. Təbiətin qorunması üçün daha möhtəşəm işlər görmək imkanlarımız yoxdur.
    Ekoloji baxımdan təbiətin qorunması və istiqamətdə olan problemlərin həll edilməsi bir yandan milli sərvətimizdir, digər yandan Azərbaycanın təbii və maddi resurslarından düzgün istifadə deməkdir.

    “Hürriyyət”