MTK SƏDRİ JURNALİSTİN AİLƏSİNİ İŞIQSIZ QOYUB

    9

    Halbuki MTK-lar binanı tikib təhvil verəndən 1 ay sonra oranı tərk etməlidirlər

    2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 141-ci maddəsinin 3-cü bəndinə görə, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilməsi məcburi olsa da, bu gün də çoxmənzilli yeni binaları MTK-lar idarə edirlər və eyni zamanda özbaşınalıq edirlər. Həzi Aslanov metrosundan 150-200 metr aralıda yerləşən “Babək İnşaat” MTK-ya məxsus bina 32, mənzil 3-də yaşayan bu sətirlərin müəllifi də 18.05.2018-ci il tarixində belə özbaşnalıqla üzləşib.

    Qeyd edim ki, 10 ildən çoxdur həmin binanın 2-ci mərtəbəsində yaşayıram (birinci mərtəbə mağaza olduğu üçün ikinci mərtəbə yaşayışın birincisi hesab olunur). 10 il müddətində ailə üzvlərimdən heç kim heç vaxt liftdən istifadə etməyib. Lakin ötən ilin dekabrına qədər, 50 kvadratlıq mənzil üçün lift pulu da daxil, aylıq 15 manat kommunal haqqı ödəmişəm. Əslində, çoxmənzili köhnə binalarda 4-cü mərtəbəyə kimi lift pulu verilmədiyi kimi, çoxmənzilli yeni binalarda da bu qayda tətbiq olunmalıdır. Mən və ailə üzvlərim liftdən heç vaxt istifadə etmiriksə, nəyə görə lift pulu ödəməliyəm?! Bu səbəbdən də ötən ilin dekabr ayından bəri kommunal haqqını ödəmirəm. Bununla belə, binanın komendatı Xəyal adlı şəxsə demişəm ki, binanı su ilə daim təmin etdiyiniz üçün motordan istifadə etdiyinizə, blokun işıqlandırılmasını və təmizliyini təmin etdiyinzə görə su və enerji haqqından əlavə aylıq 5 manat ödəyə bilərəm. Həmin vaxt Xəyal və MTK sədrinin oğlu Vüsal adlı şəxs məni hədələdilər ki, aylıq 15 manat ödəməlisən, ödəmirsənsə mənzilin işığını və suyunu kəsəcəklər. Hətta Vüsal ironiya ilə qeyd etdi ki, mən 1 qutu siqaretə gündə 15 manat verirəm, sən ayda 15 manatı ödəyə bilmirsən?

    Göründüyü kimi, təzadlı bir cəmiyyətdə yaşayırıq, kimsə aylıq 15 manat kommunal haqqını ödəməmək üçün mübarizə aparır, kimsə də gündə 15 manatı “havaya sovurur”.

    Onu da qeyd edim ki, hər bir blokun giriş qarşısına “kommunal haqqını ödəməsiniz işığınız, suyunuz kəsiləcək” deyə hər ayın sonunda xəbərdarlıq üçün kağız yapışdırırlar.

    Mənzilin eneji təchizatını Hacı Kamalın göstərişi ilə komendat dayandırdı

    Komendant Xəyal və MTK sədrinin oğlu ilə mübahisdən sonra komendat 2-3 dəfə sayğaca yaxınlaşıb, mənzilin elektrik naqilini ayırmağa cəhd edib, 2 dəfə də uşağın qarşısını kəsib ki, kommunal haqqını ödəyin. 18 may tarixində səhər saatlarında binanın qarşısından keçən zaman isə MTK-nın adını bilmədiyim xanım işçisi məni ofisə çağırdı ki, bina sakinləri ilə yeni müqavilə imzalayırıq. Mən ona “müqaviləni imzalamıram, liftdən istifadə etmədiyim üçün ayda 15 yox, digər xidmətləri nəzərə alıb, 5 manat verə bilərəm”, – dedim. Eyni zamanda xanımın nəzərinə çatdırdm ki, “Mənzil Məcəlləsi”nə əsasən, MTK qanunsuz fəliyyət göstərir və müqavilənin bağlamaq üçün sakinləri məcbur etməyə ixtiyarı yoxdur.

    Söhbət əsnasında MTK sahibi Hacı Kamal ofisə daxil oldu, ona da müqaviləni imzalamayacağamı və aylıq 15 manat kommunal haqqını ödəməyəcəyimi dedim. Hacı Kamal isə mənzilə gələn kommunal xəttləri kəsdirəcəyi ilə məni hədələyərək, ironiya ilə sağ-salamat dedi və evə çatan kimi mənzilin eneji təchizatını Hacı Kamalın göstərişi ilə komendat dayandırdı. Bundan sonra mən Xətai Rayon Enerji Satış Şöbəsinə getdim və rəisi Sahib Hüseynovla görüşdüm. İstifadə etdiyim enerjiyə görə mənim bu idarəyə 1 qəpik belə borcum olmadığı halda, S.Hüseynov heç bir tədir görmədi. Hətta şöbə rəisi vurğuladı ki, bina MTK-nındır, mən nə edə bilərəm: “Küçədən gəlib kimsə sənin işığını kəsməyib ki, biz bir tədbir görək. Biz müdaxilə edə bilmərik. Gedin, polisə şikayət edin”. Ancaq adı keçən idarəyə borcum olsaydı, cənab Hüseynov həmin dəqiqə tədbir görülməsi üçün lazimi göstəriş verərdi və mənzilin enerji təchizatını dayandırardı. Amma, cənab Hüseynov, enerji sərfiyyatı üçün pulu yığdığınız kimi abonentin sayğacına müdaxilə varsa, gəlib onu da bərpa etməli idiniz. Hətta MTK sədrinə təzyiq göstərməli idiniz. Belə çıxır ki, sizin işiniz ancaq pul yığmaqdan ibarətdir. Siz niyə istehlakçının hüququnu müdafə etmirsiniz? Deməli, sizin kimi rəsilərin də milyonçu MTK sahiblərindən çəkinəcəyi var. Halbuki, mənim Xətai Rayon Enerji Təchizatı və Satış İdarəsi ilə müqaviləm var. Siz müqaviləyə görə, mənim mənzilimin enerji təchizatını təmin etməli idiniz.

    S. Hüseynovun “cəsur” addımından sonra məcbur qalıb, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə üz tutdum. 36-cı bölmədə məni baş əməliyyat müvvəkili Orxan adlı şəxs qarşıladı. O, həmin gün elektirik naqilinin sayğaca qoşulması üçün tədbir görüləcəyini dedi. Ancaq 36-cı polis bölməsi də məsələ ilə bağlı heç bir tədbir görmədi. Həmin gün axşam polis bölməsinə yenidən müraciət etdim və baş əməliyyat müəvvəkli Orxan müəllim dedi ki, şikayət etdiyiniz şəxsi çağırdım, bildirdi ki, həmin şəxsin borcu var, ona görə mənzilinin işığını kəsmişik. Bundan sonra, baş əməliyat müvəkkili dedi ki, polis bu işə müdaxilə edə bilmir: “Sizi döyməyiblər ki, bir tədbir görək. Bu işi Xətai rayon işıq idarəsi həll etməlidir, onlar sizin mənzildə elekrik enerjisini bərpa etməlidir. İşıq idarəsi MTK-nın sizin mənzilin elektrik enerjisini qanunsuz dayandırması barədə akt tərtib etməlidir. Ondan sonra, biz addım ata bilərik. Ancaq yenə də sabah sizinlə ərazi üzrə “uçaskovı” görüşəcək və mənzilinizin elektirk enerjisi bərpa ediləcək”. Buna rəğmən, sabahı günü nə “uçaskovı” məni gördü, nə də məsələnin həll edilməsi üçün bir addım atdı.19 may tarixində baş əməliyyat müvəkklinin sözlərini nəzərə alıb, yenidən səhər saat 9-da Xətai Rayon Enerji Təchizatı və Satış idarəsinə getdim və idarə rəisi Elnur Həsənovla görüşərək MTK sədrinin qanunsuz olaraq mənzilimə gələn elektrik enerjisini dayandırdığını nəzərinə çatdırdım. E.Həsənov bu məsələnin onlara aid olmadığını desə də, mənzildə elektrik enerjisinin bərpasının təmin ediməsi üçün ərazi üzrə nəzarətçi mühəndis Miri adlı şəxsə göstəriş verdi və 19 may saat 12 radələrində mənzildə elektrik enerjisi bərpa olundu.

    Onu da qeyd edim ki, mənzilə gələn elektirk enerjsi kəsilən günü “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafevə də məsələ ilə bağlı müraciət etmişdim. Bu məsələdə onun da köməyi olduğu üçün “Hürriyyət” qəzeti vasitəsilə həm Tanrıverdi müəllimə, həm də Elnur müəllimə təşəkkürümü bildirirəm.

    Polis ancaq adam döyüləndə və yaxud söyüləndə müdaxilə etməlidir?

    Ancaq bu məsələdə 36-cı polis bölməsinin heç bir tədbir görməməsi məndə təəssüf hissi oyadır. MTK sədri Hacı Kamalın göstərişi ilə mənim mənzilimə gələn elektrik enerjisnin kəsilməsi qanunsuzluq deyil, bəs nədir? Polis ancaq adam döyüləndə və yaxud söyüləndə müdaxilə etməlidir? Açığı redaksiyaya gələn şikayətçilərdən dəfələrlə polisin onların problemləri ilə bağlı heç bir tədbir görmədiyi barədə yazsam da, özüm şahidi olmamışdım. Ancaq göründüyü kimi, polis də hüququ pozulan sadə vətəndaşların deyil, MTK sədrləri və yaxud başqa imkanlı şəxslərin hüquqlarını müdafiə edir.

    18 may tarixində eyni zamanda Daxili İşlər Nazirliynin qaynar xəttinə – 102 xidmətinə zəng edərkən telefona cavab verən şəxs əvvəl “sənə zəng edəcəklər” desə də, sonradan zəng etdikdə “bu məsələyə İşıq İdarəsi baxır, polis yox”, – dedi. Göründüyü kimi, çoxmənzilli yeni binalarda özbaşnalıqlar baş alıb gedir. Nə polis, nə hanısa idarə bu problemlərə qarışmaq istəmir. Əslində, bu məsələ təkcə mənim problemim deyil, bu həm də Bakış şəhərində yaşayan çoxmənzilli yeni bina sakinlərinin problemidir. Bakı şəhərində demək olar ki, çox az sayda çoxmənzilli yeni binalarda Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb, əksər çoxmənzilli yeni binalarda MTK-lar “ağalıq” edir, öz bildikləri kimi 1 kv üçün tarif müəyyən edirlər. Bu mövzuda mətuatda dəfələrlə yazılsa da, MTK-ların özbaşnalığına son qoyulmur. Əslində, məsələnin kökündə çoxmənzilli bina sakinlərinin özlərinin hüquqlarını bilməməsi, cəmiyyətlərini yaratmamaları durur. “Mənzil Məcəlləsi”nə görə, MTK-lar binanı tikib dövlət komissiyasına təhvil verəndən sonra 6 sonra tərk etməliydilərsə, hazırki qanunvericiliyə əsasən, MTK-lar binanı tikib təhvil verəndən 1 ay sonra oranı tərk etməlidirlər. Ancaq MTK-lar bu gün də özbaşına fəaliyyət göstərirlər. Hətta MTK-lar müəyyən vasitələrdən istifadə edərək, müvafiq kommunal qurumlara güc nümayiş etdirirlər. Çünki mən bunu Xətai Rayon Eneji Təchizatı və Satış İdarəsinin rəsi Elnur Həsənovla söhbətimdə də müşahidə etdim. Deməli, binanın enerji sərfiyyatında itki olduğu üçün artıq enerji istifadəsi yaranır və həmin artıq enerjinin pulunu MTK ödəyir. Göründüyü kimi, MTK-lar bu yolla kommunal təsərrüfat üzrə müvafiq qurumları ələ alırlar.

    Çoxmənzilli yeni binlarda aşağı mərtəbə sakinləri niyə lift üçün pul ödəməlidirlər?

    (Ardı var)

    Şamo EMİN, Hurriyyet.org