MSK onlara deputat vəsiqəsi verməyə bilər – SƏBƏB

6

Martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxaraq qərar verəcək.

Hurriyyet.org "Yeni Sabah"a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alacaq və ona deputat vəsiqəsi verəcək.

Başqa sözlə, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunmayıbsa və ya fəaliyyətinə xitam verməyibsə, ona deputat vəsiqəsi verilə bilməz. Bu, Konstitusiyada da əksini tapıb. Konstitusiyanın 85-ci maddəsinin II hissəsinə əsasən, icra hakimiyyəti sistemində qulluq edən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Eyni zamanda Seçki Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim etməlidirlər. Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Seçki Məcəlləsinin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət etməli və təkrar seçkilər keçirməlidir.