Ömrü boyu gülüb, güldürən Səyavuş Aslanın həyat dramı

    15

    “Teatr aləmində həmişə xoşbəxt olmuşam… Bircə Ofeliya ilə ya şadığım illəri yadımdan çıxara bilmirəm…”

    Unudulmaz aktyor, ustad sənətkar, tragikomik Səyavuş Aslanı anırıq

    Azərbaycan Respublikasının xalq artisti, “Şərəf” ordenli, tanınmış teatr və kino aktyoru Səyavuş Aslan (Aslanov Səyavuş Məmmədağa oğlu) 1935-ci ilin 5 sentyabrında Bakıda anadan olub.

    Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqil komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olub.

    Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub. Bunlardan Dadaşbala (“Hicran”), Fürzuzbala (“Altı qızın biri Pəri”), Orduxan bəy (“Əlli yaşında cavan”) və s. misal göstərmək olar.

    Amma Səyavuş Aslan sadəcə komediya ustası deyildi, o, öz yaradıcılığında komediya ilə faciəni birləşdirən ustad sənətkar idi. Təəssüf ki, onun bu istedadı yalnız bir obrazda özünü biruzə verdi…

    Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

    Ustad sənətkar ağır xəstəlikdən sonra 2013-cü ilin 27 iyununda Bakıda dünyasını dəyişib. Ruhu şad olsun!

    O, kral Lir ola bilmədi

    O, kral Lir ola bilmədi. Onu bunu eləməyə rejissorlar və amansız əcəl qoymadı. Əslində, ömrü boyu potenisalı tam açılmayan, ortabab ssenarilərin qurbanı olan Səyavuş Aslanımız əsl tragikomik idi…

    Ömrü boyu gülüb, güldürən Səyavuş Aslan dünyası bəlkə də səhnədə yaratdığı bircə obrazla açıldı, bu Qorkinin “Həyatın dibində” pyesi əsasında görkəmli sənətkar Hüseynağa Atakişiyevin Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi eyniadlı tamaşada sənətkarın yaratdığı Luka obrazı idi. Onun əsl sənətkar potensialını açan ilk və təəssüf ki, son rolu…

    Картинки по запросу siyavuş aslan

    Onunla ilk və son söhbətim

    Səyavuş Aslanla cəmi bir dəfə görüşüb həmsöhbət olmuşam. O zaman çox gənc idim.

    İkinci söhbətimiz artıq telefonla baş tutdu.

    İlk görüşümüzdə o vaxtkı Musiqili Komediya Teatrının direktoru vəzifəsinin müqvəqqəti icraçısı idi. Düzünü desəm, onunla bağlı ilk təəssüratım o qədər də xoş olmadı. Mənə bir az qaba, bəsit insan təsiri bağışladı.

    Amma sonra anladım ki, bu söhbətimizin mövzusundan, bir də ona olan münasibətimdən irəli gəlirdi.

    Onunla Novruz bayramı ərəfəsində görüşürdüm, özü də ona qədər də bir neçə gülüş ustası ilə həmsöhbət olmuşdum. Hamısına da eyni sualla müraciət etmişdim: Novruz bayramı sizin üçün nədir? Uşaqlığınızın Novruzunu necə xatırlayırsınız?

    Bir də bir neçə gülməcə danışmağı xahiş etmişdim onlardan. Məqsədim bayram əhvallı bir yazı hazırlamaq idi.

    Tanınmış gülüş ustaları əslində bu suala demək olar eyni, eyni olmasa da, oxşar cavablar vermişdi. Səyavuş Aslan isə bu suallardan qıcıqlandı. Sərt bir şəkildə:”Hamı üçün nədirsə, mənim üçün də odur!”,-dedi.

    Ümumiyyətlə, onunla söhbətimiz alınmadı demək olar ki. Görüşümüz çox tez bitdi və mən məyus halda redaksiyaya qayıtdım.

    Bu hadisədən az sonra, Səyavuş müəllimin o vaxtlar işlədiyi Akademik Dram Teatrının gənc aktyorlarından biri, keçmiş tələbə yoldaşım mənə danışdı ki, Səyavuş müəllim teatrın bufetind: “İndiki jurnalistlər çox mənasız, bəsit suallar verir sənət adamlarına”,-deyə gileylənirmiş.

    Təbii ki, dostum söhbətin məndən getdiyini bilmirdi. Mən möhkəm əsəbləşdim, gənclik maksimalizmi ilə doğru olduğumu, Səyavuş Aslanın mənə qarşı haqsızlıq etdiyini sübut etməyə çalışdım.

    O zaman belə düşünürdüm… Amma vaxt keçdi və anladım ki, əslində yanlışım vardı. Ən böyük yanlışım isə onu gülüş ustaları ilə bir sırada görməyim idi.

    O, bunu həzm edə bilməmişdi əslində. Bu üzdən belə sərt təpki vermişdi suallarıma.

    Gülüş ustalarının sənətinə hörmətsiz yanaşdığımı düşünməyin. Əsla! Onların da teatr və kino tarixində özünəməxsus yerləri var və bu danılmazdır.

    Amma məsələ ondadır ki, Çarli Çaplin kimi Səyavuş Aslan da sadəcə komik deyildi, O, Azərbaycanın yeganə tragikomiki idi, təəssüf ki, bunu anlayıb qiymətləndirənlər çox az idi…

    Aradan xeyli vaxt keçdi, mən bir jurnalist kimi az da olsa, böyüyüb olğunlaşdım və növbəi dəfə sənətkarla həmsöhbət olmağa özümdə cəsarət tapdım. Amma bu dəfə görüşə bilmədik. Səhhəti ilə əlaqədar telefonla müsahibə verdi mənə.

    Bu söhbət tamam fərqli söhbət idi. Əsl Səyavuş Aslanı məhz həmin gün tanıdım, onun səmimiyyəti, kövrək, saf qəlbi, sənətə vurğunluğu təsirləndirdi məni. Özü də zəngimə Ofeliya Aslan cavab vermişdi öncə. Səyavuş müəllimlə danışmaq istədiyimi biləndə isə: “Bir də zəng vurun, dəstəyi özü qaldırsın”,-demişdi.

    Bu gün çox təəssüf edirəm, onlara gedib hər ikisi ilə canlı ünsiyyət qurmadığıma, Ofeliya Aslanla həmsöhbət olmadığıma görə… Onların hər ikisini daha yaxından tanımağı, qısa müddətlik də olsa, dünyalarının sakini olmağı çox istərdim.

    Sağlığında qiyməti verilməyən sənətkar

    Bəlkə də insan cəmiyyətinin ən böyük bəlalarından biri insanlara vaxtında qiymət verməyi bacarmamasıdı. Yalnız dünyadan köçəndən sonra gözəl sözlərlə, isti xatirələrlə yad edirik onları, adlarına bir təriflər söyləyirik və bununla da hamısını bir-birinə oxşadırıq. Bu sanki bir ənənəyə çevrilib. Amma unuduruq ki, hər bir sənətkar özü-özlüyündə təkrarsızdır, necə ki, adi saydığımız hər bir insan. Hər birinin öz dünyası, arzuları, istəkləri var.

    Ömrü boyu gülüb güldürən Səyavuş Aslan da əksər həmsənətləri kimi şəxsi faciəsini yaşadı ömrü boyu. Biz isə sadəcə bunun fərqinə varmadıq….

    Похожее изображение

    Mən həqiqətən o qızın xətrini çox istəyirdim. Lap çox…

    Səyavuş Aslan haqda yazılanları nəzərdən keçirəndə onun bir müsahibəsinə rast gəldim. Ömrünün ahıl çağında, ölümündən bir az əvvəl vermişdi bu müsahibəni. Müsahibəni oxuduqca onun qəlbinin ağrısını, kədərini içimdən keçirdim.

    Ən təsirlisi isə Səyavuş müəllimin həyat yoldaşı Ofeliya Aslanla bağlı dedikləri oldu….

    “Mən həqiqətən o qızın xətrini çox istəyirdim. Lap çox… Bilirsən, bəzi şeylər olurdu, nə bilim nələr, onu o qədər üzə vurmurdum. Elə keçirdim, gedirdim, deyirdim əşşi, qadındır, olar. Amma indi görürəm ki, o dövr artıq yoxdur, bitdi. Məsəlçün, vaxtında oturmaq, o günü bəyənməmək, nələrəsə hardasa ikrah hissi ilə, pis baxmaq, pis fikirdə olmaq var idi. Amma bunlar hamısı keçmişə dönüb, geridə qaldı. İndiki həyatda onlardan heç nə qalmayıb, heç bir şey. Olub ki, bir-birimizi qısqanmışıq. Amma indi anlayıram ki, bunlar boş imiş sən demə. Kaş ki, belə olmayaydı, kaş ki… Mən arzu edirəm ki, bütün gənclər özlərindən muğayət olsunlar (gözləri dolur, hıçqıra-hıçqıra danışır…).

    Heyif olsun o günlərə ki, o günlər mənasız, sevgisiz keçib gedir. İnsanlar öz günlərinin qədrini bilsələr yaxşıdır, qiymət versələr o günlərə yaxşıdır. Bilirsiniz, hər yerdə, hər ailədə söz olur, söhbət olur. Olur ki, bir-birinə qovuşmaq, bir-birini sevmək, istəmək, insana hardasa bir dəfə verilir… (Yenə də hönkürüb ağlayır) … Mən, indi baxıram, görürəm ki, o günlər keçib gedib. Amma yenə o günləri yada salıram, yenə də qısqanmıram, deyirəm ki, axı burda nə vardı? Nəyə görə?… Bunlar hamısı boş-boşuna imiş… İndi də bu fikrlərlə yaşayıram…. Bizyaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim ki, Ofeliya elə olmayıb ki, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı biz elə deyildik… Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi… Mən teatr aləmində həmişə xoşbəxt olmuşam. Həmişə istədiyim yerdə olmuşam, istədiyim yerə aparıblar, gətiriblər. Bircə Ofeliyayla yaşadığım illəri yadımdan çıxara bilmirəm, gərək o, mənimlə belə etməyəydi. Məni onsuz qoymayatdı… Nə bilim, həyat… həyat… İnsanlar, dünyaya gəlir, bir-birini başa düşür, bir-birini sevir. Niyə axı bunun dağılmasına imkan verirlər? ”

    ….Ömrü boyu gülüb güldürən, hamıya sevinc bəxş edən, nikbin insan kimi tanınıb sevilən Səyavuş Aslan ürəyində qübar tənha getdi bu dünyadan….

    Səyavuş Aslan artıq aramızda yoxdur, amma səhnədə, televiziya və kino ekranlarında yaratdığı obrazlar, onun özünəməxsus şirin səsi hər zaman bizimlədir. Xatirəsi isə onu tanıyan, sevən, onunla çiyin-çiyinə çalışan doğmalarının, əzizlərinin, sənət dostlarının qəlbində həmişə yaşardı….

    Xalq artisti Hacı İsmayılov:

    “Uzun illər sənətdə bir yerdə çalışmışıq. Mən tələbə olanda o artıq tanınmış aktyor idi, “Ulduz” filmində Şubay roluna çəkilirdi. İllər keçdi, onunla bu teatrın səhnəsində bir çox tamaşalarda – “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim” tamaşalarında tərəf-müqabil olduq. Xarici səfərlərdə olduq. Sevinirəm ki onunla bir yerdə filmlərdə də oynamışam- “Bəyin oğurlanması”, “Yol əhvalatı”, teletamaşalarda “Yaşıl eynəkli adam, “Qaynana əməliyyatı” və s. Onunla birgə işləmək fəxr idi, ruhlanmaq idi…”

    Xalq artisti Nurəddin Mehdixanlı:

    “Azərbaycan teatrında nəsil dəyişkənliyi baş verir. Səyavuş Aslan həm sovet dönəmində, həm də sonra sevilib, çünki o səmimi idi. İnsan kimi də maraqlı idi, xoşuna gələn adama canını da verərdi, xoşuna gəlməyənə qılını da verməzdi. Kömək etməyi bacarırdı. Komediya nəhəngini itirdik. Yaşar Nuri, Səyavuş Aslan… Onlar yeri doldurulmayacaq sənətkarlardır. Səyavuş Aslanın Akademik Mili Dram Teatrının səhnəsində yaratdığı obrazlar onun yaradıcılığında xüsusi bir mərhələdir. Buradakı rolları ilə sübut etdi ki, o, yalnız komediya ustası deyil, ümumiyyətlə nəhəng aktyordur. Komediya və dram arasında bir addımlıq yol var. Həyatın qanunudur, bir gün gələn bir gün də gedəcək. Amma nə qədər teatr var, kino var, sənəti sevən, sənətkara dəyər verən insanlar var, Səyavuş Aslan unudulmayacaq. ”

    Professor İlham Rəhimli:

    “Səyavuş Aslan yaradıcılığı dövründə 10-20 aktyorun görə bilmədiyi işi görüb. Bununla belə Səyavuşun daxili imkanları, ifadə zənginliyi o qədər tükənməz idi. Mənə elə gəlir ki, o qadir olduğu sənətin yarısından çoxunu özü ilə apardı. Səyavuşun rol almadığına görə teatrdan incikliyi olurdu, klassik əsərlərdə oynamaqdan narahat olurdu. Vaxtilə “Kral Lir”də Liri oynamaq istəyirdi alınmamışdı. Mən bilmirəm Lir onda necə alınardı, amma onu bilirəm ki, Səyavuş dünya miqyasında məşhur əsərlərdə ləyaqətlə oynamağa tam hazır bir sənətkar idi. Səyavuş Aslan hansısa Avropa ölkəsində olsaydı, yüz dəfə bundan artıq dünya şöhrəti qazanmışdı. Biz həm Səyavuşun hörmətini uca tutduq, həm də onun bütün imkanlarını büruzə verməsinə imkan vermədik. Bu məni həmişə yandırır. Buna bir az Səyavuşun özünün cığallığı mane oldu. Həm də rejissorlar onun komediyadakı uğurlarını görüb faciə rolları verməyə cəsarət etmədilər. Bir neçə tamaşada verdilər – “Hamlet”də Polonini oynadı, İoselianinin “Kaş Araba aşmayaydı” əsərindəki rolu dramatik idi. Səyavuş çox dramatik aktyor idi, içində faciə olan aktyor idi. Təəssüf ki, içində olan faciəni səhnədə tam aça bilmədi. Bunda özünün də, rejissorların da, teatr rəhbərliyinin də günahı vardı. Səyavuş adı gələndə hamı onu komik aktyor kimi görürdü. Mən Səyavuşla 1972-ci ildən tanışam, Səyavuş hər mən görəndə deyirdi: “Mən Dram Teatrına istəyirəm, “Muzkomediya” mənim yerim deyil”. Onu bu teatrda gec gətirdilər. Buna təəssüf edirəm”

    R.Rzayeva, Hurriyyet.org

    P.S. Yazıda Səyavuş Aslana həsr olunan məqalələrdən istifadə olunub.