“Moskvanın planı sülhün və təhlükəsizliyin təmini deyil…”

399

Ərəstun Oruclu: “Hazırda Şuşada mülki əhalinin olmamasını nəzərə alsaq, humanitar yardımın bu şəhərdə kimə ünvanlandığı maraqlı sualdır”

Tofiq Zülfüqarov: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müvəqqəti status Azərbaycanın suveren hüquqlarının tam həcmdə bərpasını nəzərdə tutan yekun statusa keçidi təmin edəcək”

Məhəmməd Əsədullazadə: “Türkiyə qoşunlarının Qarabağda yerləşməsi, strateji ölçüdə Rusiyanı neytrallaşdıracaq və Moskvanın Azərbaycanla bağlı planının qarşısını alacaq”

Bugünlərdə, daha dəqiq desək, noyabrın 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Ermənistana, daha sonra Azərbaycana səfər edib. Qeyd edək ki, Lavrov düşmən ölkənin baş naziri Nikol Paşinyanla görüşü zamanı azərbaycanlı qaçqınların Qarabağa qayıtması xatırladılıb. Şoyqu isə öz növbəsində, erməni həmkarı ilə Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətini tənzimləyən sənəd imzalayıb. Lakin nədənsə oxşar sənəd Azərbaycanla Rusiya arasında imzalanmayıb. Maraqlıdır, görəsən niyə?..

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, noyanbrın 22-də isə Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib. Belə ki, 27 yük avtomobilindən ibarət həmin humanitar yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

“Rusiya qoşunları təkcə təmas xəttində deyil, həm də Azərbaycanın nəzarət etdiyi bəzi ərazilərdə yerləşdirilir”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Ərəstun Oruclu bildirib ki, hazırda Şuşada mülki əhalinin olmamasını nəzərə alsaq, humanitar yardımın bu şəhərdə kimə ünvanlandığı maraqlı sualdır: “Başqa bir məqam, Qarabağdakı erməni “irsinin” qorunması məsələsidir ki, indi onun mühafizəsinə Rusiya “sülhməramlıları” cəlb olunub. Məsələn, Kəlbəcərdə. Ağdamda və Laçında məskunlaşmış erməni ailələri ilə bağlı məlumatlar isə daha ziddiyyətlidir. Azərbaycan mediası onların çıxdığını yazsa da, erməni və rus mətbuatı deyir ki, onlar orada qalacaqlar və rus “sülhməramlıları” da onların təhlükəsizliyini təmin edəcək. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin də “sülhməramlıların” komandiri ilə danışığında Azərbaycanın nəzarətinə keçən ərazilərdə erməni mülki əhalisinin və məbədlərinin mühafizəsini tapşırmışdı. Yəni, Rusiya qoşunları təkcə təmas xəttində deyil, həm də Azərbaycanın nəzarət etdiyi bəzi ərazilərdə yerləşdirilir. Azərbaycanın dövlət orqanları və rəsmiləri isə bütün bu qaranlıq və ziddiyyətli məsələlər haqda susurlar, sanki baş verənlərin bu ölkəyə, onun ərazisinə heç bir aidiyyatı yoxdur”.

“Rusiya, eləcə də Türkiyə sülhməramlılarına mandat lazımdır, bu mandat yekun nizamlanmaya və yekun statusun əldə olunmasına qədər sülhməramlıların səlahiyyət və vəzifələrini müəyyənləşdirəcək”

“Hürriyyət” xəbər verir ki, keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə özünün “facebook” səhifəsində bu gün hamının status haqda danışdığını vurğulamaqla yanaşı, söhbətin sanki eyni şey, əslində isə iki fərqli məhfum barəsində getdiyini deyib: “Birincisi, bu, yekun statusdur. Bu status kifayət qədər uzunmüddətli nizamlanma prosesinin nəticəsində müəyyənləşməlidir. Ola bilər danışıqlar nəticəsində müəyyənləşsin, amma ola da bilər ki, heç danışıqlar olmasın (Azərbaycan Silahlı Qüvvələrin nəzarətinə keçən bütün ərazilərdə baş verdiyi kimi). İkincisi, Rusiya sülhməramlılarının nəzarətə götürdüyü ərazidə müvəqqəti status formalaşır. Müvəqqəti status özündə hərbi-texniki tədbirlər kompleksini və de-fakto şəraiti ehtiva edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müvəqqəti status Azərbaycanın suveren hüquqlarının tam həcmdə bərpasını nəzərdə tutan yekun statusa keçidi təmin edəcək. Ona görə Rusiya, eləcə də Türkiyə sülhməramlılarına mandat lazımdır”. Onun sözlərinə görə, bu mandat yekun nizamlanmaya və yekun statusun əldə olunmasına qədər sülhməramlıların səlahiyyət və vəzifələrini müəyyənləşdirəcək.

“Rusiyanın Xankəndində sülhməramlı qüvvələri ilə yanaşı, humanitar məqsədlər üçün FHN və mühəndislər göndərməsi, həmçinin Humanitar Mərkəz yaratması sülhməramlı missiyasına ziddir”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Rusiyanın Xankəndində sülhməramlı qüvvələri ilə yanaşı, humanitar məqsədlər üçün FHN və digər şəkildə tikinti işlərini aparması üçün mühəndislər göndərməsi, həmçinin Humanitar Mərkəz yaratması sülhməramlı missiyasına ziddir: “Rusiyanın iqtisadi və digər sosial layihələr həyata keçirməsi qanunsuzdur və bu, onu göstərir ki, Moskvanın Xankəndində Humanitar Mərkəzi mini idarədir, Bu isə Azərbaycanın suvrenliyinə ziddir. Burada humanitar və digər layihələri yalnız Azərbaycan həyata keçirməlidir. Rusiya sülhməramlı qüvvələri yalnız təhlükəsizliyi təmin etməlidir. Biz görürür ki, Moskvanın burada planı sülhün və təhlükəsizliyin təmini deyil, burada ermənilərə avtonom idarə mərkəzi yaratmaqdır. Ümumiyyətlə, Ermənistandan erməniləri Xankəndinə gətirib yerləşdirmək, Vladimir Putinin Qarabağın sosial-iqtisadi vəziyyəti üçün xüsusi müşavirə keçirməsi, Ermənistanla sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı müqavilə imzalaması ciddi şəkildə Rusiyanın ermənilərin burada yerləşdirilməsi özünün təsirini formalaşdırmağa xidmət edir”.

“Rusiya sülhməramlı qüvvələri sülhə xidmət etmir, Moskvanın geosiyasi məqsədlərini təminini həyata keçirir”

Politoloqun fikrincə, Rusiyanın Qarabağda bu siyasətinin Azərbaycan üçün müsbət perspektivləri yoxdur: “Baxmayaraq ki, Rusiya prezidenti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edir, amma Qarabağda fəaliyyəti birbaşa sülhməramlı missiyasından kənar bir siyasətdir. Azərbaycan əhalisi Xankəndiyə köçməli və burada yaşamalı, Rusiya burada üzərinə götürdüyü öhdəliyi, yəni təhlükəsizliyini təmin etməlidir. Amma bunu etmir. 1828-ci ildə olduğu kimi Qarabağa erməniləri köçürür, burada demoqrafik qruluşu ermənilərin xeyrinə dəyişməyə çalışır. Rusiyanın məqsədi Xankəndində qanunsuz fəaliyyətini sülhməramlı missiya adı ilə möhkəmləndirməkdir. Rusiya rəhbərliyi hesab edir ki, kiçik bir ərazidə möhkəmlənməklə öz geosiyasi məqsədlərinə çatıb. Bu, taktiki ola bilər. Amma Türkiyə qoşunlarının Qarabağda yerləşməsi, strateji ölçüdə Rusiyanı neytrallaşdıracaq və Moskvanın Azərbaycanla bağlı planın qarşısını alacaq. Azərbayacan diplomatiyası Türkiyə ilə birgə Rusiyanın Xankəndində sülhməramlı missiyasından kənar fəaliyyətinin qarşısının alınması istiqamətində çalışmalıdır. Azərbaycanın suverenliyinin Xankəndində təmin edilməsi istqamətində bizi gərgin fəaliyyət gözləyir”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bu qənaətdədir ki, Rusiya Cənubi Qafqazda bu fəaliyyəti ilə öz mövqeyinə və etimadına zərbə vurmuş oldu: “Ermənistan bir müddətdən sonra Gümrüdəki “102-ci” bazanın çıxarılmasını tələb edəcək. Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələri sülhə xidmət etmir, Moskvanın geosiyasi məqsədlərini təminini həyata keçirir. Azərbaycan bu müharibədə qalib olaraq, öz ərazi bütövlüyünü təmin edib. Rusiyanın hazırkı fəaliyyətinə qarşı Türkiyə-Azərbaycan tandemi qalib gələcək”.

Vazeh BƏHRAMOĞLU