Moskvadan Nyu-Yorka uçan sərnişin təyyarəsi hava limanında saxlanıb

246

“Aeroflot” şirkətinə məxsus və Moskva-Nyu-York reysi ilə uçan sərnişin təyyarəsi bazar günü Con Kennedi Beynəlxalq Hava Limanında saxlanılıb, bütün sərnişinlər və onların əl yükləri itlər vasitəsilə yoxlamadan keçirilib. Hazırda üç saat keçməsinə baxmayaraq, sərnişinlərin hələ də hava limanını tərk etməsinə icazə verilmir.

APA xəbər verir ki, bu barədə TASS bu reyslə uçan Anastasiya Şevçenko bildirib.

O qeyd edib ki, hazırda sərnişinlər uçuş terminalında saxlanılır və onların hər biri ətraflı olaraq araşdırılır. Təyyarədə olan sərnişinlərin sözlərinə görə, təyyarə partlayış təhlükəsi ilə əlaqədar yoxlanılır.

“Aeroflot” şirkətindən bildirilib ki, Nyu-York vaxtı ilə 18:30-a planlaşdırılan Nyu-York-Moskva reysi 21:00-dək təxirə salınıb. Gecikmənin səbəbi barədə açıqlama verilmir.

“Fox News” telekanalının verdiyi məlumata görə, Moskva-Nyu-York reysinin sərnişinləri təyyarənin göyərtəsində partlayıcı qurğunun olması ehtimalı ilə bağlı hava limanından təxliyə olunublar. Telekanal əlavə edib ki, uçuş ABŞ-ın Şərq sahili vaxtı ilə 15:49-da Nyu-Yorka enib.

Hava limanının “Twitter” səhifəsində isə qeyd olunub ki, hadisə ilə əlaqədar sərnişinlər əlavə yoxlamalara məruz qala bilər və buna görə də hava limanına əlavə təhlükəsizlik qüvvələri cəlb olunur.

Nyu-York polisi hadisə ilə bağlı hələlik bir məlumat verməyib.