Moskvada çalışmış nasist generalın son atəşi – O, öz tapançası ilə ürəyini nişan alıb

156

O, nasist Almaniyasının yüksək vəzifəli hərbçisi olaraq, faşist ideologiyasına xidmət etsə də, sonda əsl generallara xas olan hərəkət edib. General şərəfini qorumaq, rəqib qarşısında baş əyməmək üçün son çıxış yolu kimi intiharı seçib.

Adolf Hitler Hans Krebsin xidmətlərini yüksək qiymətləndirib, ona böyük etimad göstərib, mürəkkəb hərbi əməliyyatların hazırlnmasında onun iştirakını vacib sayıb. Hans Krebsin peşəkarlığı 3-cü Reyxi qane edib və o, zaman-zaman Krebsə daha böyük səlahiyyətlər verib. Hans Krebsin rütbəsi yuxarıya doğru sürətlə dəyişib.

Hans Krebs 1898-ci ildə Almaniyanın Xelmştedt şəhərində anadan olub. Uşaqlıqdan nadincliyi il fərqlənən Hans yaşadığı məhəllədə davakar, böyüklərin sözünə baxmayan biri kimi tanınıb. O, dəfələrlə evdən qaçıb, valideynlərini onu sərbəst böyüməyə qoymadıqlarına görə ittiham edib. Elə həmin illərindən Hans Krebs çətin tərbiyə olunan uşaq kimi yerli hüquq-mühafizə orqanlarında qeydiyyata düşüb.

Birinci dünya müharibəsi başlananda 16 yaşlı Hans Krebs növbəti dəfə yoxa çıxıb. Amma bu dəfə o, əvvəllər olduğu kimi şəhərin uçuq-sökük evlərində bir neçə gün vaxt keçirdikdən sonra evə dönməyib. Hans Krebs yaşının düşməməsinə baxmayaraq, könüllü olaraq müharibəyə yollanıb, onu döyüşçü kimi qərb cəbhəsinə göndəriblər.

Müharibədən sonra Hans Krebs öz gələcək həyat yolunu seçib, peşəkar hərbçi olmaq arzusu ilə o, Almaniya ordusunda xidmətə başlayıb.

Nə vaxtsa tərbiyəsinə, intizamına görə danlanan, qınaq obyektinə çevrilən Hans Krebs qısa müddət ərzində hərbi xidmətdə ən intizamlı, çevik və bacarıqlı bir hərbçi kimi tanınıb. Xüsusi hərbi kursları bitirdikdən sonra o, xidmətini zabit kimi davam etdirib. 1930-cu ildə artıq kapitan rütbəsində olan Hans Krebs Berlində hərbi nazirlikdə xidmətə dəvət edilib. İki il nazirliyin xarici ölkələr ordusu şöbəsində xidmət etdikdən sonra Hans Krebs Moskvaya göndərilib, Almaniyanın SSRİ-dəki hərbi attaşesinin müavini vəzifəsinə təyin edilib.

Bu təyinat Hans Krebsin hərbi karyerasında böyük rol oynayıb. O, qısa müddətdə rus dilini mükəmməl öyrənib, sərbəst danışmağı və yazmağı bacarıb. SSRİ haqqında sovet vətəndaşları qədər bilgiləri olması, beynəlxalq müstəvidə baş verən hərbi siyasi hadisələri analiz edə bilməsi, məntiqli təhlilləri ilə o, ətrafdakı insanların diqqətini özünə cəlb edə bilib. Moskvada olarkən Hans Krebs yüksək vəzifəli hərbçilərlə, o cümlədən Georgi Jukovla da yaxından tanış olub.

Hans Krebs Moskvada xidmət etdiyi zaman SSRİ silahlı qüvvələri haqqında mümkün olan qədər əldə etdiyi informasiyaları məxfi şəkildə Almaniyaya ötürüb. Hitlerin dünyaya sahib olmaq üçün gələcək planlarının həyata keçirilməsində bu informasiyalar olduqca dəyərli sayılıb. Elə məhz həmin illərdə Hitler Hans Krebsin xidmətlərinə yüksək qiymət verib.
Hans Krebs Moskvada 1941-ci ilin ortalarına qədər qalıb. O, həmin il Qırmızı meydanda keçirilən 1 May nümayişlərində də iştirak edib.

Moskvadan polkovnik rütbəsi ilə dönən Hans Krebs Berlinə çatan kimi şəxsən Hitler tərəfindən general rütbəsi ilə mükafatlandırılıb. Hans Krebs Hitlerin bir nömrəli SSRİ üzrə mütəxəssisi sayılıb.

Qərargah işləri üzrə ən yaxşı mütəxəssislərdən biri sayılan Hans Krebs əvvəlcə 9-cu oddunun qərargah rəisi, daha sonra isə Almaniya silahlı qüvvələrinin mərkəzi ordusunun qərargah rəisi vəzifələrinə təyin edilib.

Hərbi karyerasında bir-birinin ardınca yüksək təltiflər və vəzifələr qazanan Hans Krebs 1945-ci ilin əvvələrində daha yüksək bir vəzifəyə, quru qoşunları ali komandanlığına baş qərargah rəisi təyin edilib. Bu, onun sonuncu uğuru və sonuncu vəzifəsi olub. Özünə güvənən nasist general bu uğurları qazandığı vaxtlarda, yəqin ki, ağlına gətirməyib ki, rəqib tərəfin generalı qarşında aciz qalacaq.

1945-ci ilin aprelin 29-da Hitler öz bunkerində Yeva Braunla rəsmi nikaha girdikdən sonra şəxsi katibi Traudl Yunqeni yanına çağırıb və ondan diktə etdiyi vəsiyyəti yazmağı xahiş edib. Gecə saat 4-də həmin vəsiyyətin həqiqətən də Hitler tərəfindən yazılmasına şahidlik etmək üçün Göbbels, Borman, Burqdorf və Hans Krebs Hitlerin otağına dəvət olunub. Hitler vəsiyyətində heç kimin adını fürerliyə və partiyaya rəhbərliyə namizəd göstərməyib. O, yalnız Göbbelsi reyxskansler təyin edib. Məlum olduğu kimi, ertəsi gün Hitler intihar edib.

1945-ci ilin mayın 1-də Göbbels Hans Krebsi həm vəzifə ranqına, həm də rus dilini mükəmməl bildiyinə görə Berlinə hücum edən sovet qoşunlarının komandanlığı ilə danışıqlara göndərib. Hans Krebs general Vasili Çuykovun qərargahına yollanıb, sülh və barışıq müqaviləsi bağlanması haqqında fikrini bildirib. Çuykov Georgi Jukovla əlaqə saxlayıb, marşalın telefondakı sərt səsini rus dilini yaxşı bilən Hans Krebs də eşidib:

– Heç bir barışıq və sülhdən söhbət gedə bilməz. Yalnız qeyri-şərtsiz kapitulyasiya…

Çuykov Hans Krebsə əli ilə qapını göstərib:

– Berlindəki sovet qoşunları komandanlığının qərargahını tərk edə bilərsiniz.

Hans Krebs fürerin bunkerinə qayıdıb Göbbelsə danışıqların mənasız olduğunu söyləyəndə, o, soruşub:

– İndi biz nə etməliyik?

Hans Krebs soyuqqanlılıqla cavab verib:

– Özümüzü güllələməliyik.

Həmin gün axşam saat 20-21 radələrində Göbbels və həyat yoldaşı 6 övladlarına əvvəlcə morfi iynəsi vurdurublar, sonra isə sianidlə zəhərləyərək öldürüblər. Daha sonra hər ikisi özünü güllələyib.

Hans Krebs isə bu dəhşətli mənzərəldən sonra fürer bunkerinin mətbəxində tapança ilə ürəyinə atəş açaraq intihar edib./msuavat.com/