Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilib

309

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.

Səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib.

Görüşdə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti, sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Eyni zamanda zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edilib.