Moskva İrəvanın son ümidini basdırır – Kremldən Bakıya tam “kart-blanş”

213

Paşinyanın “iki stul” siyasəti işğalçı ölkənin Rusiya ilə müttəfiqliyini Qarabağ savaşında daha əhəmiyyətsiz hala gətirib; rusiyalı general: “Ermənistan çox etibarsız müttəfiqdir; müharibə o vaxt dayanacaq ki, 7 rayon Azərbaycana qaytarılacaq…”

Ordumuzun erməni işğalçı qüvvələrinə qarşı Vətən müharibəsi davam edir. Düşmənin uydurmaları və vay-şivənlərinə rəğmən, bu savaşda, təbii ki, qardaş Türkiyə bizə yalnız mənəvi-siyasi dəstəkçidir. Bir də əlbəttə ki, Azərbaycan Türkiyə istehsalı olan silah və texnikalardan, o sırada pilotsuz uçan aparatlardan istifadə edir ki, bu da onun beynəlxalq hüquqdan doğan halal haqqıdır. Nəticə etibarilə işğalçı tərəf heç vaxt olmadığı qədər sarsıdıcı zərbələr yeməkdədir.

“Türkiyə pilotsuz təyyarələri sayəsində Azərbaycan Qarabağdakı döyüşlərdə tam hava üstünlüyü əldə edib”. Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, hazırda Azərbaycan ordusunun arsenalında “Bayraktar TB2 İHA” PUA-ları var və tezliklə onlara ATAK çoxməqsədli hücum helikopterləri və “Altay” tankları da qoşulacaq.  Məlumata görə, “Bayraktar” pilotsuz təyyarələri iyul ayında Türkiyə-Ermənistan sərhədinə yerləşdirilib. Bölgədə müşahidə etməyə başlayan PUA-lar Ermənistanın xüsusi diqqətini çəkib.

Bu günədək Azərbaycan Türkiyədən “6 Bayraktar TB2 dronu” alıb. Bundan əlavə, Altay tankları və ATAK helikopterləri ilə bağlı da tərəflər arasında danışıqlar aparılıb. Qəzet həmçinin NATO üzvü olan Türkiyənin bu silahları öz istehsalı olduğu üçün Azərbaycana tədarük etməsində problem olmadığını yazıb.

*****

Azərbaycan üçün ən mühüm məsələ isə Ermənistanla qarşıdurmada, ölüm-dirim müharibəsində Rusiyanın öz neytrallığını saxlamasıdır. Belə görünür ki, bu neytrallıq davam edəcək. Bir səbəbi dedik – Türkiyə amili. İkinci səbəb kimi, Ermənistanın hazırkı baş naziri, “rəngli” inqilab nəticəsində iqtidara gəlmiş gizli qərbçi Nikol Paşinyana qarşı Kremlin antipatiyası ilə bağlıdır.

“Rusiya Ermənistan tərəfdə Qarabağ münaqişəsinə qoşulmamalıdır. Bu, təhlükəlidir və Rusiyanın nüfuzuna zərbə vura bilər”.

Türkiye'yi ABD'den koparmalı'

Leonid İvaşov

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı hərbi ekspert, istefada olan general-mayor, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin keçmiş rəisi Leonid İvaşov İnterfax-a bildirib.

“Rusiyanın bu müharibəyə cəlb olunası təhlükəli və tamamilə lazımsızdır. Biz Ermənistan tərəfdən bu savaşa qoşulmaqla yalnız nüfuzumuzu itirər və işğalçılar kateqoriyasına düşərdik. Ermənistan Rusiyanın hədsiz dərəcədə etibarsız müttəfiqidir. Ona cəmi bir həftə lazımdır ki, öz üzünü çevirsin və NATO-ya üzvlük üçün növbəyə dursun”, – deyə o qeyd edib.

Hərbi ekspert hesab edir ki, İrəvanın Moskvanın məsləhətlərini qulaqardı elədiyi zamanda Rusiya üçün ən yaxşısı öz təhlükəsizliyi haqda düşünmək, Qarabağdakı müharibəyə qarışmamaqdır: “Dağlıq Qarabağdakı kəskinləşmə fonunda Rusiyanın Ermənistandakı bazası da öz neytrallığını saxlamalıdır”.

Rusiyalı generalın qənaətincə, Dağlıq Qarabağdakı münaqişəni o vaxt dayandırmaq mümkün olacaq ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytaracaq: “Söhbət 1990-cı illərdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı rayonlardan gedir. Ora heç kimin yaşamadığı boş bir zonadır. Heç nə yoxdur orada – elektrik, su yoxdur, hər şey məhv edilib. Tərəflər danışıqlar masasına oturur və rayonların bir-bir təhvil verilməsi haqda razılığa gəlirlər. Rusiya və Türkiyə bu zaman təhlükəsizlik qarantı kimi çıxış edə bilər. Bu iki ölkə öz silahlı qüvvələri vasitəsi ilə və siyasi cəhətcə, lakin hərbi qüvvələr yeritmədən tərəflərin təhlükəsizliyini təmin etməlidir. Sonra tərəflər oturub Qarabağın statusu məsələsini həll edəcəklər. Əsas odur ki, müharibə olmasın, danışıqlar masasında Dağlıq Qarabağın statusu lap yüz il müzakirə olunsun”.

General açıqlamasında vaxtilə Qarabağa dair danışıqlar prosesində iştirak etdiyini də xatırladıb. “Axı ötən 30 ildə nəyi isə həll eləmək olardı. Heç olmasa, hər il bir-birinə qarşı bircə addım atılsaydı, artıq indi nəticə olardı”, – deyə general əlavə edib.

*****

Putin, Paşinyan ile Dağlık Karabağ'ı görüştü

Fəqət, nəticə yoxdur və üfüqdə belə, görünmür. Əsas səbəb məlum: rəsmi İrəvanın radikal mövqeyi və əndazəyə sığmayan şərtləri. Əfsus ki, eyni siyasəti indi “qərbçi” və gizli anti-Rusiyaçı Nikol Paşinyan davam etdirir. Yeri gəlmişkən, Qarabağdakı yeni müharibə fonunda Paşinyana olan antipatiya və nifrəti Rusiya siyasi elitası və ekspert çevrələrinin, habelə prezident Vladimir Putinin yaxın ətrafının mövqe və reaksiyalarından asanca görmək mümkündür. Məsələn, Putinin ən yaxın adamlarından olan biznesmen Yevgeni Priqojin “Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Rusiya bu münaqişəyə qatılmamalıdır” deyib.

“Qarabağdakı toqquşmanın səbəbkarı Ermənistan, o cümlədən Rusiyadan üz çevirib ABŞ-la oyun oynayan Nikol Paşinyandır. Əvvəla, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. İkincisi isə Rusiyanın üzdəniraq ”DQR” ərazisində döyüş əməliyyatları aparmaq üçün hüquqi əsası yoxdur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, ta 2018-ci ilədək, yəni amerikanlar Ermənistanda inqilab edib Paşinyanı hakimiyyətə gətirənədək Rusiyaya Bakı və İrəvanı danışıqlar masası ətrafına oturtmaq müyəssər olub. “Bu gün Ermənistanda Amerikayönlü QHT-lər erməni hərbi hissələrin sayından çoxdur. Odur ki, Paşinyanın güzgüdən inciməsin ki, sifəti əyridir” – Priqojin ironik şəkildə əlavə edib.

“Ermənistan elə bir müharibə planı qurmuşdu ki, öncə ilk hücumu dəf edib sonra KTMT müttəfiqlərinin arxasında gizlənsin. Ancaq müharibənin beşinci günündə belə, blok üzvlərinin heç biri barmağını da tərpətmədi və Ermənistanın müdafiəsi üçün bircə söz demədi”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Axar.az-a tanınmış rus tarixçi-qafqazlı ekspert Oleq Kuznetsov söyləyib.

Oleq Kuznetsov: “Ermənistan ordusunun mülki əhaliyə hücumu Hitler  Almaniyasının hücumuna bənzəyir” | Report.az

Oleq Kuznetsov

Onun fikrincə, Kreml Bakıya Qarabağ ərazisindəki erməni qanunsuz silahlı birləşmələrini məhv etmək üçün tam bir kart-blanş verib. “Ermənistan köhnə vərdişinə uyğun olaraq nalə çəkir və Türk müdaxiləsi barədə bağırır. Ancaq onun sözləri Moskvaya deyil, Ankaraya yönəlidir ki, Türkiyə Azərbaycanın tərəfində münaqişəyə qarışmasın. Moskva artıq çoxdan Azərbaycanla savaşda Ermənistanın məğlubiyyətinin qaçılmazlığını anlayıb və ondan ötrü olduqca vacibdir ki, Bakı məhz Türkiyənin müdaxiləsi olmadan təkbaşına bunu etsin. Çünki yalnız o halda Cənubi Qafqaz bölgəsində Rusiyanın təsiri hansısa şəkildə saxlana bilər. Amerikapərəst Paşinyan rejiminə Moskvada çoxdan ”krest” qoyulub, Rusiya ABŞ-ı bölgədən sıxışdırmaq niyyətindədir”, – deyə analitik vurğulayıb.

*****

Sadalananlar, əlbəttə ki, Azərbaycan Ordusuna işğalçılara qarşı Qarabağda daha rahat, daha sərbəst hərəkət üçün əlavə fürsətlər verir. Çünki işğalçı Ermənistanın döyüşdə məğlubiyyəti, ərazilərimizdən çəkilməsi sorosçu Nikol Paşinyan hökumətinin dayaqlarını geridönməz şəkildə sarsıdacaq. Hətta ona qarşı sui-qəsd də ola bilər. Ona görə ki, Ermənistanda sərfəli olmayan siyasi xadimlərin terror yolu ilə aradan götürülməsi praktikası çoxdan mövcuddur.

Zatən, Ermənistan özü terrorçu dövlətdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın nizami ordusuna qarşı vuruşanlar arasında xeyli sayda Yaxın Şərq (Suriya, Livan) terrorçu-quldurlar (ASALA, PKK) və muzdluları var. Lakin bunlar hamısı əbəs cəhdlərdir. Azərbaycan Silahlı Qüvvələri bu tör-töküntüləri məhv eləmək üçün qədərindən qat-qat artıq gücə, potensiala və müasir hərbi vasitələrə malikdir…

Analitik xidmət,
“Yeni Müsavat”