Moskva görüşü: Kim uddu, kim uduzdu?

66

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dünən Moskvada keçirilən görüşü ictimai rəydə ciddi mübahisələrə səbəb olub. Bəzi müxalif liderlər və ekspertlər yenə ənənələrinə sadiq qalaraq Azərbaycan hakimiyyətinin əməllərində güzəşt motivləri axtarır və Dağlıq Qarabağın ermənilərə peşkəş çəkildiyinə dair mülahizələr irəli sürürlər. Hakimiyyət isə Dağlıq Qarabağ probleminin artıq həll olunduğuna inanır. Dünən imzalanan Bəyanatı incələdikdə problemin tam həll olunmasa da, Azərbaycanın lehinə bir məsələdə ortaq məxrəcə gəlindiyini, Ermənistanın irəli sürdüyü təkliflərin isə qəbul edilmədiyi həqiqəti ortaya çıxır.

Razılaşdırılan məsələ “2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı”dır. Bəyanata görə, tərəflər iqtisadi və yol-kommunikasiya əlaqələrini bərpa etmək üçün İşçi qrupu yaradacaq, İşçi qrupunun ilk iclası 2021-ci il yanvarın 30-dək keçirəcək: “Bu iclasın (Moskva görüşü nəzərdə tutulur-Ovqat.com) nəticələrinə görə, Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir” (11 yanvar tarixli Birgə Bəyanatın 2-ci bəndi).

Nəzərə alsaq ki, Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizi hazırda fəaliyyətdədir, İşçi qrupunun hazırlayacağı sənədlərin daha çox Naxçıvan dəhlizi ilə əlaqədar olduğu nəticəsi ortaya çıxır. Bu xüsus dünənki Bəyanatın sonuncu – 4-cü maddəsində tam çılpaqlığı ilə öz əksini tapıb: “İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfində həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək”.

 

Maddədəki “Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisində həyata keçirilən beynəlxalq daşımaların” ibarəsi söhbətin məhz Naxçıvan (Mehri) dəhlizindən getdiyini təsdiqləyir. Zira Laçın dəhlizindən beynəlxalq daşımaların keçməcəyi, uzaqbaşı 40-50 min erməninin ayaqda qala bilməsi üçün humanitar əlaqələrinin qurulacağı qayət açıqdır. Beynəlxalq daşımalar deyiləndə isə Çindən başlayaraq Türkiyəyə, ordan isə Avropaya qədər uzanan “Bir kəmər, Bir Yol” layihəsinin orta xəttinin (cənub xətti İran vasitəsi ilə Yaxın Şərqə, şimal xətti Rusiyadan Şimali Avropaya) və Rusiya-İran arasındakı Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması ağla gəlir.

Sözsüz ki, bu xəttin açılması Ermənistandan çox, Azərbaycanın, Türkiyənin, Rusiyanın və bu kommunikasiya əlaqələrindən faydalanan 60-dan çox dövlətin maraqlarına xidmət edir. Düzdür, Ermənistan da Naxçıvan (Mehri) dəhlizindən faydalanaraq Rusiya və İranla dəmir yolu əlaqələrini bərpa edəcək və amma bunun üçün daha çox tranzit pulu ödəyəcək. Çünki biz Ermənistanın cəmi 42 km-lik ərazisindən istifadə edəcəyiksə, Ermənistan Rusiyaya çıxmaq üçün bizim hardasa 800 km-lik ərazimizdən keçməli olacaq. İranla Naxçıvan üzərindən əlaqənin uzunluğu 220 km-ə qədər (204 km – Naxçıvanın İranla, 15 km isə Türkiyə ilə sərhəddi) təşkil edəcək. İrəvanın hər iki ölkə ilə məsafəsi Mehri dəhlizindən dəfələrlə böyükdür və bu, tranzit xərclərinə təsir göstərəcək.

Üstəlik, nəzərə alsaq ki, Naxçıvan-Mehri dəhlizinin açılması ilə Ermənistanın həyati önəm daşıyan kommunikasiya əlaqələri Azərbaycan üzərindən keçəcək, bu həm də nankor qonşumuzun bizdən asılılığını yaradacaq. Dolayısıyla 200 il ərzində rus himayəsinə sığınıb Azərbaycana qarşı torpaq iddiaları irəli sürən Ermənistanın boğazı əlimizə keçəcək. İstənilən cızıqdan çıxma hərəkəti boğulma ilə nəticələnəcək. İrəvanın isə Naxçıvan-Mehri dəhlizini bağlamaq şansı olmayacaq. Əvvəla, ona görə ki, bu yola Ermənistan yox, Rusiya nəzarət edəcək. İkincisi ona görə ki, bu dəhliz beynəlxalq nəqliyyat yolunun bir parçası olacaq. Həmin yolu bağlamaq isə İrəvanın yemi deyil.

Bütün bunlara baxmayaraq, bəzi siyasilərin tutduğunu buraxmayan kor kimi, “Hakimiyyət Azərbaycanın maraqlarını satdı, Qarabağ ermənilərə və ya Rusiyaya peşkəs çəkilir” iddialarını anlamaq imkansızdır. Mən istisna etmirəm ki, Putinin də, Paşinyanın da belə bir niyyəti olsun. O da istisna deyil ki, rus “sülhməramlı”ları  məhz buna görə Qarabağda yerləşdirilib. Amma bütün bunlar Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağdan vaz keçdiyi mənasına gəlmir.

Zənnimcə, Azərbaycan hakimiyyətini hər şeydə tənqid etmək olar və edilməlidir də. Amma Dağlıq Qarabağı ermənilərə satmaqda günahlandırmaq ədalətli deyil. Son Qarabağ müharibəsində erməni liderlərinin hamısı rəsmi Bakının ən ağır zamanlarımızda belə güzəştə getmədiyini etiraf edirlər. İndi həmin Bakı tam və qəti qələbənin bir addımlığında niyə bu mövqeyi sərgiləsin?

Bəli, Rusiyanın Dağlıq Qarabağda oyunpozucu fəaliyyəti ortadadır. Ən müxtəlif yollarla həm Ermənistandakı Qərbə bağlı Paşinyan hakimiyyətini devirmək, həm də Dağlıq Qarabağ kartından bizə qarşı istifadə etmək istəyir. Hakimiyyət də bacardığı qədər bu siyasəti neytrallaşdırmağa çalışır. Gücü nə qədər çatır-çatmır, bu, başqa məsələdir. Onun daha güclü olması üçün Azərbaycan ictimaiyyətinin hökumətə dəstək verməsi daha doğru olardı. Nə yazıq ki, bəzi müxalif qüvvələr də ən həlledici anda hakimiyyətin bu həssas vəziyyətindən faydalanırlar. Halbuki, ümummilli məsələlərin həllində iqtidarla müxalifət eyni cinahda dayanmalıdır.

Müxalifətin “Hakimiyyət Dağlıq Qarabağı satdı” çığırtılarının reallığı əks etdirmədiyini liderlərin Moskva görüşü ərəfəsində ortaya çıxan bir çox həqiqətlər də təsdiqləyir. Bəlli olduğu kimi, bu görüşdə Dağlıq Qarabağın statusundan tutmuş əsirlərin geri qaytarılmasına qədər bir çox məsələlərin müzakirəsi gözlənilirdi. Paşinyan görüşdən qabaq Azərbaycan DTX və xüsusitəyinatlılarının Xocavəndin Tuğ kəndində canlı ələ keçirdiyi 62 “könüllü”nün buraxılmasını tələb edir və Naxçıvan dəhlizinin açılması üçün bunu şərt kimi irəli sürürdü. Azərbaycan isə həmin şəxslərin əsir yox, terrorist olduqlarını və 9-10 noyabr  Bəyanatından sonra bölgəyə gəldiklərini, deməli, Bəyanatda nəzərdə tutulan maddələrin onlara şamil edilə bilməyəcəyini vurğulayırdı. Göründüyü kimi, görüşdə Paşinyanın bu şərtinə məhəl qoyulmayıb, yalnız dəhlizlərin açılması məsələsinə qərar verilib.

Erməni Baş nazirin görüşdən sonra səsləndirdiyi bir çox fikirlər bəzi məsələlərlə yanaşı əsirlərin taleyi probleminin də masaya yatırıldığını təsdiqləyir. Paşinyana inansaq, əsirlərin mübadiləsi məsələsində hətta Putin də onu dəstəkləyib. Buna rəğmən, məsələnin protokol tipli Bəyanata salınmaması göstərir ki, İlham Əliyev Azərbaycanın əleyhinə olan bir sıra israrlı təkliflərə razılıq verməyib.  Görüşün 4 saat çəkdiyini nəzərə alsaq, bu uzun müddət ərzində Prezident İlham Əliyevin həmkarları ilə ağır polemikalara girdiyi həqiqəti ortaya çıxır. Hər şey bu qədər ortadaykən, müxalif ekspert və liderlərin Dağlıq Qarabağın satıldığı iddiaları ilə daş atıb başını tutmaları pozitiv məqsədə xidmət etmir.

Müxalifətin əsas arqumentlərindən biri də budur ki, Azərbaycan odusu niyə Şuşaya qədər getdi, ancaq daha irəli getmədən dayandı. Zənnimcə, bu suala Prezident İlham Əliyev kifayət qədər aydınlıq gətirib. Əvvəla, Azərbaycan sonuncu Dağlıq Qarabağ savaşını beynəlxalq hüquq şərçivəsində apardığını, BMT TŞ-nın məlum 4 qətnaməsinə, ATƏT-in Minsk qrupunun Madrid prinsiplərinə və Kazan razılaşmalarına əsaslandığını dəfələrlə ifadə edib. Xüsusilə Madrid və Kazan prinsipləri Dağlıq Qarabağ ətrafındakı ərazilər işğaldan azad olunduqdan sonra bölgənin statusuna baxmağın vacibliyini vurğulayır. Faktiki, son döyüşlərin nəticəsində bu tələbin ilk mərhələsi öz həllini tapıb. Qalıb Dağlıq Qarabağın statusu məsələsi. Azərbaycan prezidenti dəfələlə çıxışlarında bu statusun mədəni muxtariyyətlikdən uzağa getməyəcəyini açıq şəkidə bildirib. Hətta Azərbaycanın daxilində inzibati ərazi  vahidi olaraq belə, ermənilərə status verilməyəcəyi, statusun sadəcə mədəni haqlarla məhdudlaşdıracağını vurğulayıb. Son savaşdan sonra imzalanan iki sənədin ikisində də hər hansı statusdan söhbət getmir və bu, rəsmi Bakının müzakirələrdə prinsipial mövqe tutduğunu göstərir.

Müxaliflər bu gün olmasa belə, sabah ermənilərə status mütləq veriləcəyindən əminliklə danışır və buna görə guya hakimiyyətə qarşı çıxdıqlarını deyirlər. Lap Molla Nəsrəddin kimi, məsəli hökumətdən uzaq, pulu itirməsin deyə, əvvəl uşağı döyüb sonra çörəyə göndərirlər. Halbuki, daha baş verməmiş məsələyə münasibət bildirmək siyasi yanaşma deyil. Gələcək barədə verilən istənilən proqnoz kəhanətdə bulunmaq deməkdir ki, bu da siyasilərin yox, kahinlərin işidir.

Digər tərəfdən, bu iddiaları irəli sürərkən, nədənsə ikinci erməni dövlətinin qurulmasının beynəlxalq hüquq normalarına zidd olduğunu unudurlar. Zira beynəlxalq hüquqa görə, hər bir xalqın yalnız bir coğrafiyada öz müqəddəratını təyin etmək hüququ var. Ermənilər isə Ermənistanı quraraq bu haqdan istifadə ediblər. Odur ki, hətta Azərbaycan buna razılıq versə belə, beynəlxalq qurumların Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşması mümkün deyil. Ən azı ona görə ki, bu qərar siyasi presedent yarada bilər və hər dövlətin daxilində bir Qarabağ problemi var. Belə presedentin yaranması bütün dünya dövlətlərini təhdid edər.

Ən əsası isə, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və ya bu ərazilərin ermənilərə verilməsi də problemin kobud həlli deməkdir. Bizim xeyrimizə olmasa belə. Rusiyaya isə Qarabağ probleminin həlli lazım deyil. Nədən ki, belə olacağı təqdirdə o, Cənubi Qafqazda ən ciddi rıçaqlarından birini itirər.

Ümumiyyətlə, Qarabağ məsələsi həll oluncaqsa, mütləq mənada bu, Moskvadan kənarda baş verəcək. Nə qədər ki, Moskva işin başındadır, problem dondurulmuş olaraq qalacaq. Dolayısıyla Putindən bu problemin istənilən həllini gözləmək absurddur.

Problemin Rusiyaya rəğmən, həllini tələb edənlər sanki Azərbaycanın şimal qonşusuna qarşı müharibəyə başlamasını arzulayırlar. Amma gəlin, realist olaq; Azərbaycan Rusiya ilə döyüşmək qüdrətinə malikdirmi? Malik deyilsə, İlham Əliyev hakimiyyəti nə etməlidir? “Dağlıq Qarabağı qurtarım” deyərkən, Azərbaycanın işğal olunmasınamı şərait yaratmalıdır? İndiki vəziyyətdə hakimiyyətin bacara biləcəyi işlərdən biri ya Dağlıq Qarabağa Azərbaycanın daxilində mədəni status vermək, ya da məsələni gələcəyə daşımaqdır. İlham Əliyev də məhz bunu edir.


 
Hakimiyyətə qarşı irəli sürülən başqa iddialardan biri də rəsmi Bakının rus “sülhməramlı”larını niyə Dağlıq Qarabağa dəvət etməsidir. Qeyd edək ki, formal olaraq bu iddia əsaslı görünür. İşin mahiyyətinə gələndə isə vəziyyət dəyişilir. Çünki Rusiyanın üçtərəfli Bəyanatdan əvvəl Qarabağa qoşun yeritmədiyini bilmirik. Üçtərəfli Bəyanatdan əvvəl Naxçıvan səmasında rus vertolyotunun vurulması da Moskvaya KTMT Nizamnaməsinə istinad edərək Azərbaycana  girmək bəhanəsi verirdi. Belə bir şəraitdə rəsmi Bakının qarşısında iki yol qalırdı: ya rus ordusunun Dağlıq Qarabağa “sülhməramlı” sifətilə girməsi ilə çar-naçar razılaşmaq, ya da ona qarşı cəbhə almaq. Azərbaycan hakimiyyəti də məsələnin daha qansız həll yolunu seçdi.

Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti bu iki dilemma qarşısında qaldığını da etiraf edə bilmir. Çünki faktiki durumda Dağlıq Qarabağ məsələsinin həllində yer almaq istəyir. Rusiyanı qarşısına almağın ciddi risk doğuracağını düşünür və bu məsələdə haqsız da deyil.

Hakimiyyətin Rusiyaya rəğmən, Türkiyə ordusunun Azərbaycana gəlməsinə razılıq verməməsi də başadüşüləndir. Bunun başlıca səbəbi Azərbaycanı nəhəng dövlətlərin savaşında poliqona çevirmək istəməməsidir. Rusiya Suriya, Liviya kimi öz sərhədlərindən xeyli uzaqda regiona sahib olmaq mübarizəsi verən ölkədir. Onun öz  sərhəddində yerləşən Azərbaycandan vaz keçməsi isə indiki şəraitdə daha çətin görünür.

Təbii ki, bunun belə qalmayacağı bəllidir. Gec-tez Rusiya da tarixi yoxoluşunu yaşayacaq. Xüsusilə, ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsiylə bu yoxoluş daha da sürətlənəcək. Azərbaycan da bu məsələdə tələsməməli, şəraitin imkan verdiyi ölçüdə vəziyyətdən çıxış yolu tapmalıdır. Əks halda qlobal güc mərkəzlərinin poliqonuna çevrilmək bizim də Suriya aqibəti yaşamağımıza vəsilə ola bilər.

Heydər Oğuz,
Ovqat.com