“Moskva görüşü heç də Azərbaycanın atəşkəsə gedəcəyi anlamına gəlməməlidir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

147

“Geopolitik qarşıdurmada Qarabağın azadlığı ABŞ-ın da maraqlarına cavab verir”

“Rusiya tərəfi Azərbaycan və Ermənistan XİN rəhbərlərini Moskvada danışıqlar üçün dəvət edib. Əgər, Moskvada görüş baş tutarsa, Azərbaycan tərəfi daha güclü şəkildə öz şərtlərini diktə edəcək”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Moskva görüşü heç də Azərbaycanın atəşkəsə gedəcəyi anlamına gəlməməlidir: “Bu, hazırkı vəziyyətdə mümkün deyil. Həmçinin, əvvəlki kimi danışıqlar prosesi də olmayacaq. Moksva görüşü baş tutarsa, bu, uğursuz bir görüş olacaq. İlk növbədə Ermənistan tərəfi atəşkəsə heç bir şərt irəli sürmədən maraqlıdır. Ona görə də Azərbaycanın başladığı uğurlu hərbi əməliyyatını dayandırmayacaq. Rusiyanın bundan sonra yalnız Ermənistan tərəfinə təzyiqlər etməsi mümkündür. Bu cür hərbi üstünlük və Türkiyənin prosesdə bizi dəstəkləməsi fonunda atəşkəs əleymizədir”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, regionda yeni siyasi konfiqurasiya qurulur, geosiyasi vəziyyət Rusiyanın Azərbaycana təzyiq mexanizmini neytrallaşdırır: “Qeyd edək ki, Rusiya kiçik Gürcüstanla bacara bilmir, Türkiyə-Azərbaycan tandemi qarşısında nə edə bilər ki?! Ermənistana görə, ümumiyyətlə təhlükəli manevrlərdən çəkinəcək. Sergey Lavrov “Mərhələli həll” planının Ermənistan tərəfindən qəbul edilməsi üçün Moskvada bu görüşü təşkil edir. Həmçinin Türkiyə ilə məsləhətləşir. Əgər, Ermənistan təqvim qeyd edilməklə “Mərhələli həll” planını qəbul edəcəksə, Azərbaycan öz şərtlərini daxil etməlidir. 2016-ci il Aprel döyüşlərində Rusiyanin üstünlüyü var idisə, hazırda bu üstünlük Türkiyədədir. Geopolitik qarşıdurmada Qarabağın azadlığı ABŞ-ın da maraqlarına cavab verir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org