Mixail Xodarenok: Dağlıq Qarabağın gələcəyini yalnız Azərbaycan müəyyənləşdirir – MÜSAHİBƏ

453

Mediada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə Moskvada üçtərəfli görüş barədə məlumat verilib. Hətta ilkin tarix deyilir – 11 yanvar. İrəvanda etirazçıların səsləndirdiyi revanşist şüarları nəzərə alsaq, bu nəyə gətirib çıxara bilər?

Media.Az-ın bugünkü həmsöhbəti, tanınmış rus hərbi icmalçısı, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsində xidmət edən ehtiyatda olan polkovnik Mixail Xodarenokdur:

– Gəlin, Ermənistandakı revanşist hisslərdən başlayım. Hər cür sözlər deyilə bilər, siyasətçilər tez-tez fərqli açıqlamalar verirlər. Ancaq hərbi-siyasi ifadələr hərbi güclə dəstəklənməlidir. Hərbi güc tərəfindən dəstəklənməyən açıqlamalar eşidilirsə (Ermənistanda – red.), bu boş sözdən başqa bir şey deyil. Bu, yalnız ictimai rəyin oyanmasına səbəb olur, vəssalam. Əgər kimsə problemi hərbi yolla həll etmək istəyirsə, heç olmasa müvafiq vasitələrə sahib olmalıdır. Bunlar elementar həqiqətlərdir. Və belə imkanlar yoxdursa, heç bir şey dəyişməz.

İndi isə Moskvadakı mümkün görüş barədə danışaq. İstisna etmirəm ki, məsələn, Dağlıq Qarabağın statusu müzakirə olunacaq. Ancaq bu, yalnız Azərbaycan maraqları əsasında müəyyənləşdiriləcək. Azərbaycan münaqişənin qalib tərəfidir. Bakının həm siyasi, həm də hərbi üstünlükləri var. Strateji baxımdan Ermənistan tərəfinin mövqeyi mənə inandırıcı görünmür. O, nə iqtisadi, nə də hərbi imkanlarla təmin olunmayıb.

– Dağlıq Qarabağın “statusu” termini məsələsinə toxunacağam. 10 noyabrda imzalanan açıqlamaya görə, belə bir anlayış yoxdur. Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərindən Rusiya prezidenti Vladimir Putin də danışıb. Bəlkə Qarabağın statusu yox, Azərbaycanın bir hissəsi kimi tərifi olan başqa bir termindən istifadə etməyə dəyər?

– Əslində belədir, biz eyni şeydən bəhs edirik. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan bir hissəsidir. Bu ərazidəki vəziyyəti yalnız Bakı (kiminsə xoşuna gəlsə də, gəlməsə də) müəyyənləşdirəcəkdir. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin strateji mövqeyi yalnız bu ərazinin qeyd-şərtsiz Azərbaycana aid edilməsindədir. Başqa heç bir variant yoxdur. Zaman yalnız iqtisadi və müdafiə qüdrəti artmağa davam edən Azərbaycanın xeyrinədir. Ermənistan barədə isə bunu demək olmaz.

– Son həftələrdə bəzi erməni analitiklər Ermənistan ordusunun məhv edildiyini və iqtisadiyyatın böhran içində olduğunu qəbul etməyə başladılar. Bəli, bu cür nəşrlər çox deyil, amma var. Ermənistanın düşdüyü “ideal fırtına”dan da, milyardlarla dollar dəyərində hərbi texnika itkisindən də danışırlar. Bu o deməkdir ki, İrəvanda hərbi məğlubiyyətin miqyası barədə anlayış yaranır?

– Mənim qiymətləndirməm belədir: çətin ki, əksəriyyət (erməni cəmiyyətinin – red.) baş verənlərin miqyasını başa düşsün. Xüsusilə vurğulamaq istərdim ki, nə Azərbaycan, nə də Ermənistan üçün danışmıram. Mən obyektiv mövqedən çıxış edirəm. Ancaq ümumi hərbi-strateji vəziyyət Ermənistanın xeyrinə deyil, bu göz qabağındadır. Onların (Ermənistan – red.) müasir bir ordu qurması üçün xeyli vəsait, illərin zəhməti lazımdır. Ermənistanın isə belə imkanları yoxdur.

Müttəfiqlər məsələsi də var. Hesab olunur ki, Moskva İrəvanın müttəfiqidir. Ancaq vəziyyət belə birmənalı deyil. Kreml həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərdə maraqlıdır. Buna görə də Rusiya Ermənistanın arzuladığı kimi tərəf tutmadı.