MİRDAMƏD SADIQOV İNSAFA GƏLƏCƏKMİ? – Əlil şikayətçiyə arabası yox, evsizlik dar gəlir

    78

    Zalım həyat insan övladını bəzən elə məşəqqətli sınaqlara qərq edir ki, yaşamağının da, nəfəs dərməyinin də mənası xeyli ucuzlaşır. Lakin, allahdan başqa ömrünün sonunacan tutunduğun, mənən də sahib olduğun bəzi dəyərlər tapılır ki, səni elə sən olduğun üçün ömrünün alın yazısına bağlı edir. Nə olsa da, səni yaşadan bir qüvvə tapılır ki, zehninə bütün xoş ümidlərinin çin olacağı əzmini diqtə edir.

    Təsadüfən demirlər ki, bu həyat fanidir, amma, insan ömrünü tamamlayana qədər mübarizə yükünü çiynində daşıyırsan. İstəsən də, yaşamaqdan boyun qaçırmçağa çalışsan da bu belədir…

    2010-cu ildə bir avtomobil qəzasında sağlamlığını itirən İsmayıllı şəhər sakini, 1979-cu il təvəllüdlü Şahməmmədov Rasim Eldar oğlu da uzun illərdir həyatın ağrı-acısına sinə gərir. Belindəki sınıqla əlil arabasına sığınan Rasim indi nə gəzə, nə də rahat otura bilir.

    Yataq xəstəsinə çevrilən bu adamın yaşadıqlarını öz dilindən eşidəndə qeyri-iradi olaraq ruhun vəcdə gəlir, cisminin ağrısından, qəlbinin çarəsiz və titrək sızıltısından sənə də bir pay düşür. Ağlaya da bilirsən, ona qulluq edən həyat yoldaşı Sevinc Şahməmmədovanın onkoloji xəstəliyə və 2-ci qrup əlilliyə mübtəla olduğunu bilə-bilə kömək edə bilmədiyin üçün xəcalət hissi də çəkirsən.

    Bəs canlarının ağrısından fəryad edən bu ailənin 10 yaşındakı yeganə azyaşlı övladlarına yetərincə valideyinlik qayğısı göstərə bilməmələrini bəyan etsəm necə, içimizdə bir “AH-NALƏ” çəkməyən kimsələr qalacaqmı?! Qalacaqsa, deməli bu kimsələr əlillərin halına acımayan, bir ailənin acı həyat hekayəsini həyəcansız və qeyri-humanist hisslərlə qarşılayan İsmayıllı rayonunun vəzifəli başbilənləri qədər bu cəmiyyətə bir xeyir-bəhri olmayanlar qədərdir!

    Rasim indi xarici ölkələrin birində əməliyyat olunub sağlam həyata qayıdacağı, əlil arabsından qurtulub əvvəlki kimi yeriyəcəyi günü səbirsizliklə gözləyir. Təəssüf ki, ailənin maddi gəliri bu xoş arzunu gerçəkləşdirməyə imkan vermir, ümidlər yalnız ölkənin səhiyyə nazirliyinin və imkanlı-varlı şəxslərin səxavətinə qalır.

    İndi ona əlil arabası yox, evsizlik daha dar gəlir. Öz övladını və əlil həyat yoldaşını kirayələrdə gəzdirən Rasim deyir ki, ona əlil arabasından daha çox sıxıntı yaşadan evsizliyidir. O, övladının gələcəyi üçün bircə evinin olmasını canından daha çox istəyir.

    Şikayətçi düz 9 ildir dövlət qurumlarına aramsız müraciətlər edir, problemlərini çatdırır, lakin müraciətlərinə baxıb dərdinə əlac edən kimsələr tapılmır.

    Çıxılmaz vəziyyətdə olan bu ailənin İsmayıllının icra başçısı cənab Mirdaməd Sadıqov və yerli bələdiyyə qurumu tərəfindən də incik salınması, məmur biganəliyi adamı lap heyrətləndirir.

    Rayon rəhbərliyi Rasim Şahməmmədova şəhər mərkəzindən xeyli aralıda yerləşən ərazidən ev tikintisi üçün torpaq sahəsi təklif etməkdən savayı bir işə yaramayıb. Məhz yerli rayon məmurlarının çarəsiz bir ailəyə daha humanist təklifdə bulunmaması problemi həllsiz qoyub. Heç şübhəsiz ki, cənab Mirdamət Sadıqov başda olmaqla İsmayıllının vəzifə yetkililəri istəsəydilər Şahməmmədovlar ailəsinin evsizlik problemini çoxdan həll edərdilər. Amma inanıram ki, ümid işığı, nikbin gələcək Rasimin ailəsi üçün hələ tükənməyib. Sonda öz-özümə və İsmayıllının ahıl seyyid icra başçısı Mirdaməd müəllimə təkrar sual edirəm: ” Bu ailənin dramatik durumunu incələyib ailənin mənzillə təminatı üçün insafa gələcəksinizmi?.. Rayonda mənzil fondu olmadığını hayqırmadan biçarə bir ailəni sevindirə biləcəksinizmi?.. ”

    Ailəyə dəstək üçün bütün maddi-mənəvi zənginliyə sahib olan şəxslərə səslənirəm və rica edirəm. Allah eşqinə, Rasimə və ailəsinə gücünüz yetən köməyinizi əsirgəməyin! Hələlik isə bu qədər…

    Şahməmmədovlar ailəsinə tezliklə isti bir mənzilin nəsib olacağı, bəzi yatmış vicdanların oyanacağı ümidilə;

    Mənbə: demokratik.az