“Minsk formatı Azərbaycanın təhlükəsizlik maraqlarını təhdid edir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

84

“Hərbi əməliyyatlar dayandırılmamalıdır, Araz boyu ərazilər, Kəlbəcər və Ağdərə alınmalıdır ki, masada əlimiz tam güclənsin”

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransa dövlət başçıları birgə bəyanatla atəşkəsi dərhal dayandırmağı və qeyd şərtsiz danışıqların bərpa edilməsini tələb ediblər. Bəyanatda tərəflərin öhdəlik götürülməsini qeyd edilib”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, öhdəliyi ilk növbədə Ermənistan götürməli və əraziləri boşaltmalıdır. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, birgə bəyanatın verilməsində Fransa prezidenti Emmanuel Makron əsas rol oynayıb: “Minsk Qrupu ilk növbədə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməlidir. Minsk formatı Azərbaycanın təhlükəsizlik maraqlarını təhdid edərək, birbaşa Azərbaycana öz ərazilərinin bərpasının qarşısını alır. Azərbaycan ABŞ-la diplomatik danışıqlar aparmalıdır. Bu hərbi əməliyyatların ABŞ-ın geosiyasi maraqlarına cavab verdiyi qeyd edilməlidir. Çünki regionda geopolitik yerdəyişmələr var. Fransa prezidenti Makron Türkiyə faktoruna görə, konkret Azərbaycana düşmən mövqeyində olaraq çalışır ki, Türkiyənin Cənubi Qafqazda apardığı siyasətin qarşısını alsın. Rusiya da dolayı yolla bu gün verdiyi açıqlamada Qarabağa Yaxın Şərqdən muzdluların gəldiyini bəyan etdi. Verilən bu açıqlama Azərbaycana qarşı yönəlib. Azərbaycan hərbi əməliyyatları dayandırmamalıdır. Fransanın Azərbaycana təzyiqləri sıfırdır. Rusiya da bir müddət ciddi təzyiqlər etməyəcək. Araz boyu ərazilər, Kəlbəcər və Ağdərə alınmalıdır ki, masada əlimiz tam güclənsin”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org